Dövlət proqramlarının icrası qeyri-neft sektorunun inkişafına təkan verib

Regionlarda ənənəvi sahələr inkişaf etdirilir

Regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən əsası qoyulmuş məqsədyönlü siyasətin davamı olaraq "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiqi və icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etmişdir. Xalq bu inkişafı gündəlik həyatında açıq şəkildə hiss edir.

Artıq hamıya bəllidir ki, həyata keçirilən dövlət proqramları regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları ölkənin qeyri-neft sektorunun inkişafına təkan verib. Dövlət pqroqramları xüsusən bölgələrdə kənd təsərrüfatının dinamik inkişafını təmin edib. Belə ki, sözügedən dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı davam etdirilib. Əhalinin ərzaq məhsullarına tələbatının davamlı şəkildə ödənilməsi məqsədi ilə son illərdə qəbul edilmiş dövlət proqramlarının icrası, aqrar sahənin ixracyönümlü məhsullarının istehsalının təşviqi istiqamətində həyata keçirilən tədbirlər ölkədə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələrin əldə olunmasına səbəb olmuş, bölgələrdə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına etibarlı zəmin yaratmışdır. Bir vaxtlar tamamilə unudulmuş pambıqçılıq, tütünçülük, baramaçılıq, fındıqçılıq və ölkəyə daha çox valyuta gətirən kənd təsərrüfatı məhsullarının istehsalının artırılması istiqamətində böyük canlanma yaranıb. Dövlət başçısının rəhbərliyi ilə regionlarda keçirilən respublika müşavirələri bu sahələrdə ciddi dönüş yaradıb. Bu məqsədlə dövlət başçısı tərəfindən kənd təsərrüfatının ayrı-ayrı sahələri ilə bağlı dövlət proqramları qəbul edilib. Belə ənənəvi sahələrdən biri də sitrus meyvələrinin inkişafıdır ki, hazırda bu sahə prioritet məsələlərdən hesab olunur. Məhz bu amillər nəzərə alınaraq dövlət başçısı tərəfindən Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı qəbul edilib.Kənd təsərrüfatında özünəməxsus yeri olan sitrus meyvə bitkilərinin becərilməsi üçün ölkəmizin cənub bölgəsində əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, bu sahənin yüksək iqtisadi səmərəliliyə və ixrac potensialına malik olması sitrusçuluğun inkişaf etdirilməsini zəruri edir. "Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 3227 nömrəli Sərəncamına uyğun olaraq hazırlanmış "Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı" ölkəmizdə sitrus meyvəçiliyinin inkişafına dövlət dəstəyinin gücləndirilməsinə, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsinə, sitrus meyvələrinin istehsalının stimullaşdırılmasına yönəldilmişdir.

Onu da qeyd edək ki, kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı öz növbəsində bölgələrin iqtisadi potensialını artırmaqla yanaşı, ümumilikdə ölkənin ixrac imkanlarını da genişləndirmiş olur. Hazırda Azərbaycanın Lənkəran iqtisadi rayonu sitruc meyvələri ilə dünya bazarına çıxış imkanı əldə edib. Yeri gəlmişkən xatırladaq ki, sitrus bitkiləri qrupuna aid olan naringi, portağal və limon müvafiq xarici mühit və xüsusi texnoloji qulluq tələb etdiyi üçün Azərbaycanda məhdud ərazidə becərilməsinə baxmayaraq, sitrus meyvələrinin istehsalı ölkənin kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət kəsb edir. Onu da bildirək ki, Azərbaycanda sitrus meyvələrinin yetişdirilməsi ənənəsi mövcududur və uzun illər bu sahə ölkə iqtisadiyyatına divident gətirib. Belə ki, ölkədə sitrus meyvəçiliyinin inkişafının əsası 1930-cu ildə Astara rayonunda ümumi sahəsi 800 hektar olan Subtropik Bitkilər Sovxozunun yaradılması ilə qoyulmuş və onun 500 hektara yaxın ərazisində limon, naringi, portağal, feyxoa, çay, nəcib dəfnə və s. bitkilərin becərilməsinə başlanılmışdır.1930-cu ildən etibarən ölkədə sitrus meyvə bağları sahələrinin planlı surətdə artırılmasına başlanılmış, bu sahənin inkişafı 70-80-ci illərdə daha da sürətlənmişdir. Bu dövrdə Lənkəran iqtisadi rayonunda aqrar sənaye kompleksinin inkişafı ilə bağlı həyata keçirilən uğurlu siyasət nəticəsində bölgədə digər subtropik bitkilərlə yanaşı, sitrus bitkilərinin sahələri də əhəmiyyətli dərəcədə genişləndirilmişdir. 90-cı illərin əvvəllərində kənd təsərrüfatının digər sahələrində olduğu kimi, sitrus meyvəçiliyi sahəsində də tənəzzül yaşanmış, sitrus meyvə bağlarının bir qismi ləğv edilərək yerində dənli-taxıl, tərəvəz və digər bitkilərin becərilməsinə başlanılmışdır. Bununla belə, mövcud bağların konstruksiyasının dəyişdirilməsi hesabına məhsul istehsalının kəskin azalması baş verməmişdir. Rəsmi statistik məlumatlara əsasən, ölkəmizdə meyvə bağlarının sahəsi 2000-ci ilə qədər sürətlə azalmağa başlamış, 2000-2008-ci illər ərzində azalma nisbətən səngimiş, 2009-cu ildən etibarən kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin daha da gücləndirilməsi sitrus meyvə bağlarının sürətlə genişlənməsinə səbəb olmuşdur. 2017-ci ildə ölkədə sitrus bağlarının ümumi sahəsi 2010-cu illə müqayisədə 1,9 dəfə artaraq 3191,2 hektar təşkil etmiş, məhsul istehsalı isə 2,2 dəfə artaraq 42,8 min tona çatdırılmışdır. 2017-ci ildə ölkəmizə 18,9 milyon ABŞ dolları dəyərində 30,6 min ton sitrus meyvələri, o cümlədən 12,6 min ton portağal, 11,9 min ton limon, 4,6 min ton naringi, 1,5 min ton qreypfrut və digər sitrus meyvələri idxal edilmişdir. "Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 3227 nömrəli Sərəncamı sitrus meyvəçiliyinin inkişafı üçün əlverişli mühit yaratmışdır. Nəzərə almaq lazımdır ki, bu bitkilərin meyvələrindən qida məhsulları kimi, qabıqlarından, yarpaqlarından və çiçəklərindən alınan uçucu efir yağlarından isə ətriyyat istehsalında geniş istifadə edilir. Odur ki, sitruc meyvələrinin idxalı Azərbaycan iqtisadiyyatı üçüm prespektivlər vəd edir. Bu növ meyvələrini idxalı üçün bazarlar da kifayət qədərdir. Azərbaycan məhsullarının  ixrac olunduğu Rusiya Federasiyası tərəfindən 2016-cı ildə 1,2 milyard ABŞ dolları həcmində sitrus meyvələri idxal edilmişdir ki, bu da dünya üzrə idxal edilmiş məhsulların 9 faizini təşkil edir. Bu kimi hallar nəzərə alınaraq qəbul edilmiş Dövlət Proqramının məqsədi ölkədə sitrus meyvələrinə olan tələbatın daha dolğun ödənilməsi, istehsal edilmiş məhsulların ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin və maddi rifahının yüksəldilməsi üçün sitrus meyvəçiliyinin inkişafını stimullaşdırmaqdan ibarətdir. Onu da nəzərə almaq lazımdır ki, ölkədə sitruc meyvəçiliyinin inkişafı iqtisadiyyatın digər sahələrinin inkişafı ilə paralel yeni infrastrukturun da yaradılmasını təmin edir. Bu isə birbaşa regionların potensialının artırılmasına dəlalət edir. Belə ki, regionlarda yeni infrastrukturun yaradılması kənd təsərrüfatının digər sahələrinin də inmişafına təkan vermiş olur. Xatırladaq ki, sitrus meyvə bitkilərinin əkin sahələrinin genişləndirilməsi, sitrus meyvə bitkilərinin yetişdirilməsi üçün infrastruktur təminatının yaxşılaşdırılması, maddi-texniki bazasının gücləndirilməsi, bu məqsədlə ölkəyə müasir texnikanın gətirilməsi kənd təsərrüfatının inkişafında müstəsna əhəmiyyətə malikdir. Bunun isə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında rəqabət qabiliyyətinin artırılması və ixracının təşviqi, sahə standartlarının beynəlxalq tələblərə uyğunlaşdırılması ilə nəticələnəcəyi şübhə doğurmur. Mütəxəssislərin qənaətinə görə,  sözgedən Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda sitrus meyvəçiliyi ənənələrinin inkişaf etdirilməsinə, sitrus meyvələrinə olan daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, sitrus meyvəçiliyi ilə məşğul olan rayonlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin aqrar potensialını gücləndirəcəkdir. Artıq demək olar ki, çoxsaylı dövlət proqramlarının qarşıya qoyduğu vəzifələrin uğurlu icrası və qeyri-neft sektoruna xüsusi diqqət və qayğı nəticəsində ölkəyə daha çox valyuta gətirən məhsulların istehsalında rekord göstəricilərə nail olunmuşdur. Üstəlik dövlət proqramlarının icrasına birbaşa dövlət dəstəyinin götərilməsi, konkret olaraq fermerlərə subsidiyaların, güzəştli şərtlərlə gübrələrin, yanacağın verilməsi qeyri-neft sektorunun inkişafında böyük rol oynayacağı əminlik yaradır. Bununla da regionların sosial iqtisadi inkişafı ən yüksək səviyyədə təmin olunacaq. Daha doğrusu, bu kimi dövlət proqramlarının icrası nəticəsində qeyri-neft sektorunun davamlı inkişafı, ölkə regionlarının tarazlı inkişafının təmin edilməsi, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının yaxşılaşdırılması, yeni iş yerlərinin və müəssisələrin yaradılması nəticəsində əhalinin məşğulluq səviyyəsinin artırılması və həyat səviyyəsinin yüksəldilməsi təmin edilmiş olacaq.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31