Azərbaycan-Özbəkistan əlaqələri: Ortaq tarixdən strateji tərəfdaşlığa - ÖZƏL
16:15 SiyasətÖzbəkistan Mərkəzi Asiyanın müxtəlif nöqteyi-nəzərlərdən ən böyük və ən mühüm ölkələrindən biridir. Böyük iqtisadi potensiala və özünəməxsus inkişaf modelinə malikdir. Azərbaycanla Özbəkistanı birləşdirən çoxsaylı ortaq məqamlar var. İki ölkə arasında formalaşmış və bir-birini tamamlayan qardaşlıq və dostluq münasibətləri hazırda böyük dinamika ilə inkişaf edir."
Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:
"Hər iki ölkənin keçdiyi tarixi yol və bu gün formalaşdırmaq istədiyi inkişaf modeli bir-birinə müəyyən mənada bənzəyir. Hesab edirəm ki, iki ölkənin böyük dostluğunun böyük gələcəyi var. Özbəkistanın Azərbaycana, Azərbaycanın isə Özbəkistana ehtiyacı var.
Özbəkistan Azərbaycan üçün Mərkəzi Asiyanın ən böyük dövlətlərindən biri kimi Çin və ümumilikdə Şərq istiqamətinə çıxış baxımından mühüm mövqeyə malikdir. Azərbaycan isə Özbəkistan üçün Xəzər dənizi və Qafqaz üzərindən Qərbə və Avropaya çıxış baxımından mühüm və səmərəli strateji körpüdür.
Özbəkistan dünya okeanına birbaşa çıxışı olmayan azsaylı ölkələrdən biridir. Bu baxımdan, dünya bazarlarına çıxış üçün alternativ nəqliyyat marşrutlarının formalaşdırılması Özbəkistan üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan üzərindən multimodal nəqliyyat marşrutları vasitəsilə Qara dənizə, Türkiyəyə və Avropaya çıxışın təmin edilməsi bu gün Özbəkistan üçün mühüm strateji istiqamətlərdən biridir.
Ümumiyyətlə, Azərbaycan və Özbəkistanın bundan sonra da birlikdə uzunmüddətli strateji, iqtisadi və mədəni inkişaf yolu keçəcəyini söyləməyə kifayət qədər əsas var. Çox müsbət haldır ki, iki ölkə arasında əməkdaşlıq yalnız dövlət siyasəti səviyyəsində deyil, həm də liderlər arasında yüksək qarşılıqlı etimad və anlaşma əsasında inkişaf edir.
Artıq Azərbaycanda Özbəkistan şirkətləri tanınır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Özbəkistanın izlərini də görmək mümkündür. Eyni zamanda, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə müxtəlif istiqamətlərdə inteqrasiyasında Özbəkistan mühüm və təşəbbüskar rol oynayır.
Baxmayaraq ki, Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiya dövləti deyil, Mərkəzi Asiya dövlət başçılarının məşvərət görüşlərində iştirak etməyimizin qarşısında yolun açılmasında məhz Özbəkistanın təşəbbüskarlığı və dəstəyi mühüm rol oynayıb.
Bu gün Azərbaycan və Özbəkistan prezidentləri iki ölkənin əməkdaşlıq tarixində yeni bir mərhələnin əsasını qoymaq ərəfəsindədirlər. İki ölkə liderinin bir-birini tam başa düşməsi, qarşılıqlı dəstək nümayiş etdirməsi və birlikdə regional və qlobal proseslərə töhfə vermək imkanları Azərbaycan-Özbəkistan münasibətlərinin gələcəyini daha da perspektivli edir."
İbrahim Məmmədli