Regionların simasını dəyişən Dövlət Proqramları
25 İyun 2018 11:15 İqtisadiyyatVə ya iqtisadiyyatın dinamik inkişafını təmin edən hüquqi baza
Heç şübhəsiz ki, hər bir ölkənin inkişafında regionların da xüsusi payı və çəkisi vardır. Çünki regionları inkişaf etdirmədən, bölgələrdə tərəqqiyə nail olmadan ümumilikdə ölkənin inkişafından danışmaq olmaz. Ona görə də Azərbaycan tarixində ikinci dəfə öz müstəqilliyinə qovuşduqdan sonra regionların inkişafı əsas prioritet məsələlərdən birinə çevrildi. Ancaq etiraf etmək lazımdır ki, müstəqilliyin ilk illərində bu istiqamətə diqqət yetirmək, paytaxtla yanaşı regionları da inkişaf etdirmək o qədər də asan məsələ deyildi. Bunu isə şərtləndirən bir sıra amillər mövcud idi. İlk növbədə müstəqilliyin ilk illərində ölkəyə səriştəsiz hakimiyyətlərin, kadrların rəhbərlik etməsi bu inkişafı ləngidirdi. Digər tərəfdən iqtisadi inkişaf və bu inkişafın regionlara yönəldilməsi üçün kifayət qədəf potensial və imkanlar yox idi. Əksinə ölkənin iqtisadi durumu getdikcə pisləşir, əhali ciddi sosial problemlərlə üzləşirdi. Belə bir vəziyyətdə nəinki ümumilikdə ölkəni, heç paytaxtı belə saxlamaq, onun iqtisadi inkişafını təmin etmək mümkünsüz idi.
Müstəqilliyin ilk illərində ümumilikdə ölkədə olan ağır iqtisadi və sosial durumu bir əyalət, region gənci olaraq mən də öz günədlik həyatımda hiss edirdim desəm yanılmaram. Doğulub boya-başa çatdığım Yevlax rayonunda sosial-iqtisadi durumun həddən artıq ağır olması keçmiş SSRİ dönəmində "Yevlaxda özünü dolandıra bilməyən, iş tapmayan çətin başqa rayonlarda buna nail ola bilər" deyimini tamamilə unutdurmuşdu. Artıq nəinki ətraf rayonlardan iş dalınca Yevlaxa üz tutanlar olurdu, əskinə rayonun əmək qabiliyyətli insanları Yevlaxı tərk edərək ya paytaxta, ya da şimal qonşumuza pənah aparırdılar.
İşsizlik, sosial vəziyyətin ağırlığı ilə yanaşı kommunal sahədə mövcud olan problemlər o zaman bir yeniyetmə olaraq bizlərə də təsirsiz ötüşmürdü. Günün əksər saatlarında elektrik enerjisinin kəsilməsi adi hala çevrildiyindən orta məktəb şagirdi olaraq günorta saatlarında dərslərimizin Günəş şüaları, axşamlar isə çıraq işığına uyğun olaraq hazırlanması öyrəncəliyini yaratmışdı. Sanki hər birimiz üçün bu adi hala çevrilmişdi. Və hər kəs səbrsizliklə 11-cı sinifi bitirib ali təhsil almaq üçün Bakıya üz tutmağı gözləyirdi. Əslində ailədə də valideynlər bizlərə bunu təbliğ edirdi. Bizlərin hər gün qarşılaşdığı, üzləşdiyi çətinliklərin gələcəkdə övladlarımızın üzləşməməsi üçün bu tövsiyə edilirdi. Günəş batana qədər pəncərə qarşısında, gecələr isə çıraq ətrafında zülmlə dərs oxumamaq, gələcəkdə daha rahat həyata nail olmaq üçün bizlərin paytaxta üz tutması arzu edilirdi. Nə qədər də olmasa o zaman paytaxtda istər iqtisadi, istərsə də sosial durum əyalətə nisbətən bir qədər yaxşı idi. Eyni zamanda inkişaf, irəli getmək üçün də perspektiv kifayət qədər idi. Hər birimiz yaxşı gələcək və gözəl perspektiv üçün kənd həyatını belə xatırladan, o zamanlar inkişafına heç bir ümid yerimiz olmayan rayon mühitindən çıxmaq, uzaqlaşmaq üçün çalışırdıq. Nə qədər əlçatmaz, təsəvvür edilməsi mümkün olmasa da, hər halda bu istəkdə idik.
Bizə qayğısız, problemsiz gəncliyi unutdurub daha xoşbəxt gələcək arzu etməyə, bu istiqamətdə çalışmağa təkcə yuxarıda qeyd etdiyim problem sövq etmirdi. O dövrün əsas problemlərindən biri də respublikanın əksər bölgələri kimi Yevlxada da təbii qazın olmaması idi. Yevlax respublikanın Aran zonasına daxil olduğu üçün onun meşə örtüyü olduqca kasaddır. Bu səbəbdən rayona təbii qazın verilmədiyi illərdə əhali bunu digər alternativ vasitələrlə qarşılayırdı. Bir neçə kilometr qət etməklə rayonun məhdud sayda meşə örtüyündən yararlanmaq, ondan alternativ istilik mənbəyi kimi istifadə etmək kimi çətinliklər həftədə bir neçə dəfə təkrarlanan proses idi. Hələ bunun üzərinə nəqliyyat vasitəsinin olmaması, odun gətirməyə əl arabası ilə gedilməsini də əlavə etsək nə qədər çətin və acınacaqlı bir dövr yaşadığımızı anlatmağa əlavə ehtiyac qalmaz. Ümumiyyətlə, bu təkcə Yevlax rayonu üçün xas hal deyildi. Ümumilikdə, Yevlaxın timsalında bütün ölkənin, regionların inkişafdan, tərəqqidən geri qalmasının göstəricisi idi. Demək olar ki, respublikanın hər bir bölgəsində bir-birini təkrarlayan bu və ya digər problemlərin həll ediləcəyinə, yoluna qoyulacağına insanlarda heç bir ümid, inam hissi yox idi. Hər kəs yaşadığı bölgənin, şəhərin, rayonun, qəsəbə və kəndin iztirablı, məşəqqətli həyatından qurtulmaq barədə düşünürdü. İnsanlarda bu düşüncə, arzu ümummilli lider Heydər Əliyev hakimiyyətə gələnə, hakimiyyətə gəlişi ilə ölkədə hərtərəfli inkişafa nail olana qədər davam etdi.
Ümummilli lider Heydər Əliyevin ölkə iqtisadiyyatı, bunun fonunda regionların inkişafına ən böyük töhfəsi gərgin əməyi və uzaqgörən siyasəti nəticəsində 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasını gerçəkləşdirməsi oldu. Məhz sözügedən tarixi sənədə imza atılmaqla demək olar ki, Azərbaycan iqtisadiyyatının inkişafının təməli qoyuldu. "Əsrin müqaviləsi" Azərbaycanda neft sektorunun inkişafının müstəqillik dövründə başlanğıcı olmaqla yanaşı, həm də sonrakı illərdə qeyri-neft sektorunun, nəticə etibarilə regionların inkişafının bazası rolunu oynayırdı. Neftdən gələn gəlirlər tədricən ölkə iqtisadiyyatının inkişafına zəmin yaradırdı.
Neft gəlirləri nəticəsində iqtisadi sahədə əldə edilən uğurlar bu sahənin inkişafı ilə yanaşı, istər-istəməz regionların da tərəqqisində özünü göstərirdi. Beləliklə, neftdən gələn gəlirlərin yerlərdə qeyri-neft sektorunun inkişafına yönəldilməsi Azərbaycanın regionlarının inkişafından da yan keçmirdi.
Neft gəlirləri nəticəsində iqtisadiyyatın, eləcə də Azərbaycan regionlarının inkişafı ilk növbədə özünü bölgələrdəki çadır düşərgələri, qaçqın şəhərciklərinin ləğvində göstərdi. Belə ki, "Əsrin müqaviləsi"ndən gələn gəlirlər düzgün istiqamətə sərf edilərək regionlarda infrastrukturun yaradılmasına yönəldildi və tədricən qaçqın şəhərcikləri ləğv olundu. Regionlardakı qaçqın düşərgəsi, çadır şəhərciklərinin ləğvi bu təbəqədən olan insanlar üçün yeni yaşayış binaları, fərdi evlərin tikilməsi ilə nəticələnirdi ki, bu da yerlərdə mövsümü xarakterli də olsa çoxsaylı iş yerlərinin yaradılmasını şərtləndirirdi. Bir sözlə artıq regionlarda inkişafın parametrləri özünü göstərirdi. Bu həm də regionlarda əhalinin sosial rifah halının yaxşılaşdırılması, iş yerlərinin yaradılması, işsizlik probleminin aradan qaldırılması demək idi. Demək olar ki, Azərbaycan iqtisadiyyatında, eləcə də regionların inkişafında birinci mərhələyə start verilmişdi. Hər nə qədər bu proses ağır və istənilən səviyyədə getməsə də, ümumilikdə müsbət dəyərləndirilməli idi və ilk addımların təməl yaxşı qoyulmuşdu.
Azərbaycan iqtisadiyyatı, eləcə də regionların inkişafında ikinci mərhələ 2004-cü ildən başladı desək yanılmarıq. Bu mərhələ ən mühüm, ən nəticəli, perspektivli bir mərhələ idi. Eyni zamanda qarşıya qoyulan hədəflər də çoxşaxəli və nəticəyə hesablanmışdı. Beləliklə, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Cənab Prezident İlham Əliyev ölkənin hərtərəfli sosial-iqtisadi inkişafı və tərəqqisinə nail olmaq üçün 11 fevral, 2004-cü il tarixli fərmanı ilə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008 illər)"nı təsdiq etdi. Dövlət Proqramı iqtisadi rayonların bərabər və tarazlı şəkildə inkişafına impuls vermək üçün kompleks tədbirləri özündə ehtiva edirdi. Dövlət başçısının da qeyd etdiyi kimi bu sənəd iqtisadi siyasətin ən başlıca hədəflərindən biri oldu. Beləliklə, sözügedən Dövlət Proqramının uğurlu icrası nəticəsində 5 il ərzində ölkədə makroiqtisadi sabitliyin və davamlı inkişafın təmin edilməsi sahəsində, o cümlədən iqtisadi rayonlar üzrə həyata keçirilmiş tədbirlər öz real nəticəsini verdi, iqtisadiyyatın dinamik inkişafı təmin olundu.
Beləliklə, "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008 illər)"nın birinci mərhələsinin icrası nəticəsində respublikanın hər bir bölgəsində yeni istehsal və emal müəssisələri, turizm, təhsil, səhiyyə ocaqları yaradıldı, əhalinin məşğulluq səviyyəsi yüksəldildi, ölkədə yeni iş yerləri açıldı. Regionlarda infrastruktur, o cümlədən elektrik enerjisi, qaz və su təchizatı, nəqliyyat və rabitə infrastrukturunun yaradılması istiqamətində uğurlu nəticələr əldə olundu.
Dövlət Proqramının uğurlu icrası nəticəsində 5 il ərzində iqtisadiyyatın dinamik inkişafı təmin edildi. Əgər 2004-cü ildə ölkədə Ümumi Daxili Məhsul istehsalı 8,5 milyard manat təşkil edirdisə, 2008-ci ildə bu göstərici 38 milyard manata çatmışdı. Ümumilikdə isə iqtisadiyyatda 2,4 dəfə real artıma nail olundu. Nəticə etibarilə Azərbaycan iqtisadi artım tempinə görə, dünyada lider ölkələrdən birinə çevrildi.
Tədricən ölkənin iqtisadi və maliyyə imkanlarının artması sosial sahədə əsaslı dəyişikliklərə səbəb oldu. Beləliklə, Dövlət Proqramının birinci mərhələsinin icrası nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün büdcə vəsaitlərinin həcmi 5 dəfə artdı. Əhalinin nominal gəlirləri isə 4 dəfə artaraq 5 milyard manatdan 20 milyard manata çatdı. Həmçinin orta aylıq əmək haqqı 3,5 dəfə artaraq 7,4 manatdan 268 manata yüksəldi.
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008 illər)"nın uğurlu icrası və hazırda da onun davam edən üçüncü mərhələsi respublikanın hər bir bölgəsində olduğu kimi Yevlaxda da hərtərəfli inkişafa və tərəqqiyə səbəb olub. Bir vaxtlar elektrik enerjisi, təbii qaz, asudə vaxtın səmərəli təşkili kimi problemlərdən əziyyət çəkən rayon sakini olaraq bu gün Yevlaxda qeyd etdiyim istiqamətlərdə, eləcə də digər sahələrdə əldə edilən nailiyyətləri gördükdə 20-25 il əvvəl yaşadıqlarımızı yada salmamaq mümkün olmur. Əgər 20-25 il əvvəl ciddi cəhdlə Yevlaxı tərk edib daha yaxşı gələcək qurmaq və perspektiv üçün paytaxta üz tutmaq barədə düşünürdümsə, günümüzdə bunun əksini fikirləşirəm. Eləcə də vaxtı ilə ağır sosial vəziyyətdən canını qurtarmaq üçün rayonu tərk edənlər bu gün tam arxayınlıqla Yevlaxa qayıdır. Çünki "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008 illər)"nın uğurlu icrası Yevlaxda yeni iş yerlərinin açılması, əhalinin sosial durumunun yaxşılaşdırılması, kommunal problemlərinin həlli, ümumilikdə Yevlaxın simasının müsbət istiqamətə doğru dəyişməsinə səbəb olub.
Süleyman İsmayılbəyli
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün