Regional proqramlar aqrar sahənin inkişafına təkan verib
4 İyun 2018 16:18 İqtisadiyyat
2004-cü ildən etibarən ölkədə uğurla həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları bütün sahələr kimi aqrar sektorun da inkişafında mühüm rol oynayıb. Belə ki, regionların sosial-iqtisadi inkişafında aqrar sektora ayrılan diqqət onun ölkə iqtisadiyyatında ümumi payının artması ilə yanaşı əsas gəlirli sahələrdən birinə çevrilməsinə də səbəb olub. Ölkə rəhbərliyinin bu sahənin inkişafına xüsusi qayğısı nəticəsində Dövlət Proqramının icrası çərçivəsində əsas ərzaq məhsullarına olan daxili tələbatın yerli istehsal hesabına ödənilməsi istiqamətində həyata keçirilən
islahatlar kənd təsərrüfatı məhsullarının istehsalında ilbəil artımla müşahidə edilib. Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər 2014-cü ilədək torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad edilib, kənd təsərrüfatı məhsullarının istehsalı üçün sərf olunan yanacaq və motor yağlarının dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi və mineral gübrələrin 50 faiz güzəştlə satılması, texnikaların "Aqrolizinq" ASC vasitəsilə güzəştli şərtlərlə lizinqə verilməsi, buğda və çəltik istehsalçılarına səpilən hər hektar sahəyə görə əlavə 40 manat yardımın verilməsi, toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara görə dövlət büdcəsindən subsidiyaların ödənilməsi təmin edilib, kənd təsərrüfatı əmlakının sığortalanmasına görə müqavilə üzrə hesablanmış sığorta haqqının 50 faizinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi müəyyənləşdirilib, dövlət büdcəsinin vəsaiti hesabına torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, eləcə də suvarma suyu və qış otlaq sahələrinə (örüşlərə) verilən suyun aşağı tariflərlə satışı istiqamətində tədbirlər II regional inkişaf Dövlət Proqramının icrası dövründə də davam etdirilib.
Aqrar sahənin daha da inkişaf etdirilməsi məqsədilə dövlət tərəfindən investisiya layihələrinin reallaşdırılmasına, güzəştli kreditlərin verilməsinə xüsusi əhəmiyyət verilmiş və bu istiqamətdə fəaliyyət daha da genişlənib. Bu dəstək tədbirlərinə misal olaraq Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına dövlətin güzəştli kreditlərinin verilməsini göstərmək olar.
Ümumiyyətlə, Dövlət Proqramının ikinci mərhələsinin, 2009-2013- cü illəri əhatə edən dövrü ərzində aqrar sektorun inkişafı ilə bağlı 11403 investisiya layihəsinin maliyyələşdirilməsinə 625,9 milyon manat dövlətin güzəştli kreditləri verilib. Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2009-2013-cü illər ərzində verilmiş güzəştli kreditlərin 71,5 faizini (625,9 milyon manat) aqrar sektorun inkişafına verilmiş kreditlər təşkil edib və aqrar sahənin inkişafına verilən dövlətin güzəştli kreditləri kəmiyyət deyil, həm də müsbət
keyfiyyət dəyişiklikləri ilə fərqlənib.
2009-2013-cü illər ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müasir texnologiyalara əsaslanan 293 layihəyə 712 milyon manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına 17 mindən çox yeni iş yeri yaradılıb. Müəssisələrdən 233-ü istifadəyə verilib, 60-ı üzrə tikinti-quraşdırma işləri aparılır. Aqrar sahənin daha
da inkişaf etdirilməsi ilə əlaqədar olaraq sözügedən layihələrin arasında kənd təsərrüfatı məhsullarının istehsalı üstünlük təşkil edib. Bu layihələrdən illik istehsal gücü 84 milyon ədəd damazlıq və 164,5 milyon ədəd əmtəəlik yumurta, 55 min ton quş əti olan 39 quşçuluq təsərrüfatına 98 milyon manat, tutumu 132,9 min ton olan 40 soyuducu anbar kompleksinə 85,3 milyon manat, tutumu 321,8 min ton olan 21 taxıl anbarı kompleksinə 27,7 milyon manat, illik istehsal gücü 33,6 min ton məhsul olan 3 iri taxılçılıq təsərrüfatına 6,6 milyon manat, 19750 başlıq 16 heyvandarlıq kompleksinə 77 milyon manat, 81,2 ha ərazidə 30 istixana kompleksinə 53,9 milyon manat, illik istehsal gücü 264 min ton (gündəlik 724 ton) çörək olan 26 çörək zavoduna 38,3 milyon manat, illik istehsal gücü 119,2 min ton məhsul olan 12 meyvə- tərəvəz emalı müəssisəsinə 56 milyon manat, illik istehsal gücü 175,2 min ton məhsul olan 7 süd emalı zavoduna 9,7 milyon manat, illik istehsal gücü 68,2 min ton ət kəsimi və 13,2 min ton ət emalı olan 7 emal müəssisəsinə 17,9 milyon manat, 977 ha ərazidə 14 üzümçülük təsərrüfatına 16,3 milyon manat, 1017 ha ərazidə 14 bağçılıq (tingçilik) təsərrüfatına 11,3 milyon manat, illik istehsal gücü 0,9 min ton quru meyvə olan 3 quru meyvə istehsalı müəssisəsinə 2,9 milyon manat vəsait ayrılıb.
Regional Proqramın icrası çərçivəsində Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, iri özəl taxılçılıq təsərrüfatlarının yaradılmasına başlanıb və ilk pilot taxılçılıq təsərrüfatları yaradılıb. Ağcabədi və Beyləqan rayonlarının ərazilərində 4800 ha sahədə yaradılmış iri pilot taxılçılıq təsərrüfatında 2013-cü ildə rekord həcmdə - hər hektardan 55 sentner taxıl əldə olunub. Növbəli əkin sisteminin tətbiq edildiyi təsərrüfatda 2000 hektar sahədə qarğıdalı əkilib və hər hektarından orta hesabla 100 sentnerdən artıq yüksək keyfiyyətli dənli qarğıdalı yığılıb.
Ölkədə üzümçülüyün inkişaf etdirilməsi, aqrar sahənin gəlirliliyinin və ixracat potensialının artırılması və kənd əhalisinin maddi rifahının yüksəldilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2011-ci il tarixli Sərəncamı ilə "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" təsdiq edilib. Dövlət Proqramının icrası nəticəsində əhalinin süfrə və quru üzümə, şərabçılıq və digər üzüm emalı məhsullarına, üzüm emalı və şərabçılıq sənayesinin isə xammala olan tələbatının daxili istehsal hesabına ödənilməsinin, üzümçülük və şərabçılıqla bağlı digər sahələrin inkişafının təmin edilməsi, yeni iş yerlərinin yaradılması, kənd əhalisinin gəlirlərinin artımına nail olunması, dövlət büdcəsinə və yerli büdcəyə daxilolmaların artırılması nəzərdə tutulub. Məhz bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsində 2008-ci illə müqayisədə 2013-cü il üzrə üzüm istehsalı 33,1 faiz artımla müşahidə edilib.
Yuxarıda qeyd edilən məqsədyönlü tədbirlərin nəticəsində proqramın icra edildiyi beş il ərzində regionlarda aqrar sahənin inkişafına xidmət edən və mütərəqqi texnologiyalara əsaslanan bir sıra infrastruktur obyektləri, o cümlədən Yevlax "Azərtoxum" MMC, Qəbələ heyvandarlıq kompleksi, Kürdəmir heyvandarlıq-südçülük kompleksi Ağcabədi "Aqat-aqro" heyvandarlıq kompleksi, Saatlı "Aqroservis" filialı, Qəbələ, Salyan, Göyçay, Balakən, Masallı, Beyləqan, Abşeron, Bərdə, Biləsuvar, Şabran, Ağcabədi, Sumqayıt, Gədəbəy, Quba soyuducu anbar, Samux, Xaçmaz, Yevlax, Şəmkir, Sabirabad, Masallı, Abşeron istixana, Naxçıvan, Qobustan, Şəki, Abşeron, Kürdəmir, Tovuz, İsmayıllı və İmişli taxıl anbarı kompleksləri, Ağsu, Füzuli, Qusar, Şabran, Yevlax üzümçülük təsərrüfatları fəaliyyətə başlayıb.
Respublikada aqrar sahədə aqrotexniki xidmət işlərinin yerinə yetiriliməsinin keyfiyyətini yüksəltmək, bu sahədə fəaliyyət göstərən sahibkarların əl əməyini yüngülləşdirmək və onların tələb olunan kənd təsərrüfatı texnikaları, texnoloji avadanlıqlar, mineral gübrələr və damazlıq heyvanları ilə təmin edilməsini sürətləndirmək məqsədi ilə 2009-2013-cü illər ərzində "Aqrolizinq" ASC qarşıya qoyulmuş vəzifələrin icrasını ardıcıllıqla davam etdirilib.
Aqrar siyasətin tərkib hissəsi kimi fəaliyyət göstərən "Aqrolizinq" ASC 2009-2013-cü illərdə müxtəlif təyinatlı kənd təsərrüfatı texnikalarının, texnoloji avadanlıqların,
mineral gübrələrin və pestisidlərin, digər mal-material qiymətlilərinin istehsalçılara çatdırılması üçün alınmasını təmin edib. Belə ki, Səhmdar Cəmiyyət tərəfindən 2009-2013-cü illərdə 10015 ədəd kənd təsərrüfatı texnikaları, o cümlədən 742 ədəd taxılyığan kombayn, 3213 ədəd traktor, 64 ədəd ekskavator, 5996 ədəd müxtəlif təyinatlı digər kənd təsərrüfatı texnikaları və qoşquları, 124 dəst texnoloji avadanlıqlar, 153,71 min ton ammonium nitrat (azot), 5,02 min ton nitroammofoska, 3,38 min ton ammofos, 331,5 ton kalium və 288,8 ton mikrogübrələrin gətirilərək onların böyük əksəriyyətinin kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə verilməsi təmin edilib.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən aqrotexniki xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq və əhatə dairəsini genişləndirmək məqsədi ilə Səhmdar Cəmiyyətin 53 rayon aqroservis filialı 3733 ədəd kənd təsərrüfatı texnikaları, o cümlədən 746 ədəd taxılyığan kombayn, 827 ədəd traktor, 34 ədəd ekskavator və 2126 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları ilə təmin edilib.
2009-2013-cü illəri əhatə edən Dövlət Proqramında "Aqrolizinq" ASC-nin fəaliyyətinin təkmilləşdirilməsinin əsas istiqamətlərindən biri də lizinq fəaliyyətinin əhatə dairəsinin genişləndirilməsi və özəl aqroservis müəssisələrinin yaradılmasının dəstəklənməsi olub. Burada Səhmdar Cəmiyyətə məxsus kənd təsərrüfatı texnikalarının və texnoloji avadanlıqların fiziki və hüquqi şəxslərə lizinqə verilməsində əlavə güzəştlərin edilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin ilkin ödənişin 20%-dən 10%-ə endirilməsi barədə təklifinin qəbul edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2010-cu il tarixli 247 nömrəli qərarı ilə rəsmiləşdirilməsi öz müsbət rolunu oynayıb. Nəticədə 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 2013- cü ildə lizinqə verilmiş kənd təsərrüfatı texnikalarının sayı 2,5 dəfə, o cümlədən taxılyığan kombaynlar üzrə 5,6 dəfə, traktorlar üzrə 3,3 dəfə, digər kənd təsərrüfatı texnikaları üzrə 2,1 dəfə, lizinq alan fiziki və hüquqi şəxslərin sayı isə 2,7 dəfə artıb.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir