Kiçik və orta sahiblarlıq kreditlərdən yararlana bilmir

Ziyad Səmədzadə: "Elə məsələlər var ki, sahibkarlığın inkişafına mane olur"

Milli Məclisin yaz sessiyasının mayın 31-də  keçirilən son plenar iclasında Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası müzakirə olunub. Qanun layihəsi haqqında məlumat verən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, parlament dövlət büdcəsi üzərində nəzarəti təşkil edir və hər il icra haqqında məsələni müzakirə edir: "2017-ci il dövlət büdcəsinin icrası ilə tanışlıq sübut edir ki, iqtisadiyyatımızda müsbət meyillər güclənir. Sosial proqramların icrasında maliyyə problemi olmayıb. Bu da 2018-ci il dövlət büdcəsinin daha yüksək göstəricilərlə təmin olunmasına şərait yaradıb. Azərbaycan iqtisadiyyatında müsbət tendensiyalar güclənir. 2017-ci il ərzində dövlət büdcəsinin bütün parametrlərinin icrası mümkün olub, sosial proqramlar həyata keçirilib". Komitə sədri qeyd edib ki, "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və müvafiq hesabat "Büdcə sistemi haqqında" Qanunun müvafiq maddəsinə uyğun olaraq hazırlanıb. Hesabat Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulan xərclərin icra vəziyyəti ilə bağlı göstəricilərlə yanaşı, dövlət borcları, il ərzində götürülən dövlət borcuna xidmət, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun, dövlət büdcəsinin ehtiyat fondunun vəsaitindən istifadə haqqında və digər zəruri məlumatları özündə əks etdirir. Z. Səmədzadə söyləyib ki, 2017-ci ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 98,1 faiz və ya 17 milyard 595 milyon manat səviyyəsində icra olunub. Onun sözlərinə görə, xərclərin 62 faizi cari xərclərdir: "Cari xərclər ölkədəki inkişaf səviyyəsinə görə dəyişir. Bəzən elə şərait yaranır ki, sosial layihələr daha çox həyata keçirilir ki bu da cari xərclərin artırılmasına səbəb olur. Dövlət başçısının tapşırığı ilə Azərbaycanda neftin qiymətinin ən aşağı həddində belə sosial layihələrin həyata keçirilməsi dayanmadı və bu sahədə bütün məsələlər vaxtlı -vaxtında həyata keçirildi".

Z.Səmədzadə qeyd edib ki, Azərbaycanda təhsil xərclərinin strukturuna baxılmalıdır:"Ölkədə peşə texniki təhsilin yaradıldığını qeyd edən komitə sdəri söyləyib ki, bunun üçün büdcədən daha çox maliyyə ayrılmaldır. Çünki bu, gələcəkdə məşğulluğun artmasına gətirib çıxaracaq". Dövlət büdcəsindən maliyyələşən təsərrüfatların olduğunu deyən Z.Səmədzadə qeyd edib ki, elə məsələlər var ki, onlar sahibkarlığın inkişafına mane olur: "Bunlar aradan qaldırılmalıdır. Özəl sektor sosial məsuliyyəti artırılmalı, banklarla bağlı problemlər həll olunmalıdır. Belə olan halda, dövlətin üzərinə düşən yük yüngülləşsin". Z.Səmədzadə onu da deyib ki, Azərbaycanda vergidən azadolmaların araşdırılmasına ehtiyac var: "Azadolmaların iqtisadi artıma təsiri qiymətləndirilməlidir. Düşünürük ki, bunun nəticəsində vergi yığımı bazası genişlənə bilər. Hazırda bəzi sahələr var ki, bugünki mərhələdə azadolmaya ehtiyac yoxdur. Vergidən azadolmalar araşdırmalıdır. Azadolmaların obyektiv qiymələndirilməsi aparıldıqdan sonra hökumət qarşısında müəyyən məsələ qaldıra bilər. Azadolmalar nəticəsində hansı məbləğin itirilməsi müəyyənləşə bilər. Bizdə yeni iqtisadiyyat qurulur. Sənayeləşməni uğurla aparırıq. Bunun üçün də azadolma olmalıdır. Lakin burada əsas məsələ əhalinin sosial rifahı və yeni avdanlıqlar olmalıdır".

Hesablama Palatasının rəyini təqdim edən HP sədri Vüqar Gülməmmədov  bildirib ki, 2017-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərində 15 mədaxil mənbəyi üzrə proqnoz tam icra olunub. V. Gülməmmədov qeyd edib ki, büdcəyə əsasən, yeddi mədaxil mənbəyi üzrə isə proqnoza əməl edilməyib: "Ötən il büdcə gəlirlərinin 46,8 faizi ilin birinci yarısında təmin olunub. Gəlirlər üzrə ən yüksək icra göstəricisi yol vergisi üzrə (151 faiz), ən aşağı icra göstəricisi isə səhmləri dövlətə məxsus olan müəssisələr üzrə (42,9 faiz) qeydə alınıb. Dividend ödənişlərinin az olması büdcə ilə bağlı vergi siyasətinin sərtləşdirilməsini tələb edir". O, bildirib ki, 2017-ci ildə ÜDM nəzərə çarpacaq qədər artıb: "İqtisadiyyatın qeyri-neft sektorunda istehsal edilmiş əlavə dəyər ötən ilə nisbətən 2,7 faiz artıb, qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi 62,8 faiz təşkil edib. Neft-qaz sektorunun ümumi daxili məhsulda payı 2016-cı ilə nisbətən 3,4 faiz-bənd artaraq 37,2 faiz olub. 2017-ci ildə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri üzrə icra 359,2 milyon manat təşkil edib".

Qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Siyavuş Novruzov bildirib ki, sahibkarlar və vətndaşlar bank xidmətlərindən səmərəli yararlana bilmirlər: "2017-ci ildə biz bu məsələni qaldırdıq. Düzdür manatın dayanıqlılığı çox gözəldir. Ancaq məsələ qaldırıldı ki, Azərbaycanda banklarda kredit faizi çox yüksəkdir. Vətəndaşlar bundan səmərəli istifadə edib, yeni iş yerləri yarada bilmirlər".  Deputat əlavə edib ki,  Azərbaycanda orta və kiçik sahiblarlıq kreditlərdən yararlana bilmir ki, oradan da dövlət büdcəsinə vergi ödənilsin və büdcə artsın: "2018-ci ildə hansı işlər görülür ki, bu faiz dərəcələri aşağı düşsün və insanlar kredit ala bilsin? Yaxşı hallardan biri ondan ibarətdir ki, Prezident İlham Əliyev tərəfindən həm şəhid ailələrinə, həm də əlillərə müavinətlərin ödənilməsi ilə bağlı sərəncam imzalandı. Ancaq bununla yanaşı digər bu qəbildən olan məsələlər var ki, onlar da öz həllini tapmalıdır". S.Novruzov qeyd edib ki, Azərbaycan Prezidentinin rəhbərliyi altında 2017-ci il ölkəmiz üçün uğurlu il olub: "Neft faktorunun büdcədən azaldılması, manatın dayanıqlığı, kənd təsərrüfatın inkişaf etidirilməsi bu uğurun əsas göstəricilərindən biridir. 2017-ci ildə ölkə iqtisadiyatı ilə bağlı bir neçə mühüm hadisə də baş verib. Belə ki, ötən il "Əsrin müqaviləsi" 2050-ci ilə qədər uzadıldı, Bakı-Tbilisi-Qars dəmiryolunun işə salındı. Bütün bunlar vacib məsələrdən biridir".

Millət vəkillərinin qaldırdıqları məsələlərə münasibət bildirən vergilər naziri Mikayıl Cabbarov qeyd edib ki, növbəti ilin büdcə paketi çərçivəsində aidiyyatı qurumlarla birlikdə çalışaraq, "kölgə iqtisadiyyatı"nın azaldılmasına yönəlmiş, hesabatlılığın artırılmasını təmin edən tədbirləri və bir sıra digər islahatlarla bağlı təkliflər hazırlanaraq hökumətə təqdim edilib. Nazir qeyd edib ki, əsas hədəf vergi ödəyicilərinin, xüsusilə də kiçik və orta sahibkarlığın vergi yükünün azaldılıması, vergi inzibatçılığında bərabərliyin, şəffaflığın təmin olunmasıdır: "Ötən il ümumi gəlirlərinin artıqlaması ilə icra olunmasına baxmayaraq, büdcəyə ödənişdə 675 milyon manatlıq kəsir müşahidə edilib. 2018-ci ildə əsas hədəfimiz qanunvericilik çərçivəsində tədbirlərin yerinə yetirilməsidir". Nazirin sözlərinə görə, mövcud vergi yükü və vergi mədəniyyəti arasında fərq qənaətbəxş hesab edilə bilməz: "Vergi mədəniyyəti həm vergi inzibatçılığı, həm də vergilərin könüllü ödənilməsi və bəyan edilməsidir. Dövlət başçısı tərəfindən qarşımızda qoyulan əsas tapşırıq sahibkarlar üçün vergi yükünün azaldılması, şəffaflığın və bərabərliyin təmin edilməsidir. Növbəti ilin büdcə paketi çərçivəsində aidiyyatı qurumlarla birlikdə hesabatlılığın artırılmasını təmin edən tədbirləri və digər islahatları hazırlayıb təqdim etmişik. Çalışırıq  ki, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə faydalı əməkdaşlıq edək. Qarşımızdakı əsas çağırışlar dövriyyələrin azaldılmasının qarşısının alınması, illərlə oturuşmuş iş sisteminin təkmilləşdirilməsidir".

Ardınca millət vəkilləri gündəlikdə duran digər məsələlərin müzakirəsini davam etdiriblər. Əvvəlcə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə məlumat verən parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, qanun layihəsi 8 fəsil, 40 maddədən ibarətdir. O, qeyd edib ki, qanun layihəsi əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyi doğuran risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub. Sonra "Torpaq icarəsi haqqında" qanuna dəyişiklik layihəsi müzakirə edilib. Dəyişikliklərdə  Azərbaycanda dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinin xüsusiyyətləri müəyyənləşib. Qanuna əlavə edilən 10-1-ci (Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinin xüsusiyyətləri) maddəyə əsasən, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə götürmək istəyən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana ərizə ilə müraciət etməlidir. Ərizədə torpaq sahəsindən istifadənin məqsədi və müddəti göstərilməlidir. Dəyişiklik layihəsi müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31