Məhsuldarlığı necə artırmaq olar?

Azərbaycan iqtisadiyyatının inkişafı digər sahələrdə olduğu kimi kənd təsərrüfatı sektorunda da müşahidə olunmaqdadır. Hazırda həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində kənd təsərrüfatı sahəsini inkişaf etdirmək mümkün olub. Məslələ orasındadır ki, mövcud potensialdan səmərəli istifadə edilməməsi nəticəsində bu sahədə gözlənilən nəticəni əldə etmək mümkün olmayıb.

Torpağa münasibət digər canlılara olan münasibət kimi olmalıdır

Azərbaycan iqtisadiyyatının inkişafı digər sahələrdə olduğu kimi kənd təsərrüfatı sektorunda da müşahidə olunmaqdadır. Hazırda həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində kənd təsərrüfatı sahəsini inkişaf etdirmək mümkün olub. Məslələ orasındadır ki, mövcud potensialdan səmərəli istifadə edilməməsi nəticəsində bu sahədə gözlənilən nəticəni əldə etmək mümkün olmayıb. Prezident İlham Əliyev Bərdədə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində qeyd edib ki, məhsuldarlığın artırılması bizim üçün əsas hədəf olmalıdır: "Torpaqların seçilməsi, aqrotexniki tədbirlərin görülməsi, suvarma ilə, gübrələr, pestisidlərlə, onların keyfiyyəti ilə bağlı problemlər də var. Ona görə çox düzgün təhlil aparılmalıdır ki, gələcəkdə bu səhvlərə yol verilməsin". Elə isə məhsuldarlığın artırılması üçün hansı addımların atılmasına ehtiyac var? Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, ekoloji cəhətdən təmiz və keyfiyyətli, bol məhsul istehsal edilməsi üçün torpaqların sağlamlaşdırılması, mühafizəsi, münbitliyin bərpası və artırılması vacib şərtdir. Belə ki, yazlıq və payızlıq əkini zamanı torpaq sahələrinin yuyulması başa çatdıqdan sonra buxarlanmanın qarşısının alınması üçün dərhal müvafiq becərmə işlərinə başlanmalıdır. Drenləri, təsərrüfat və sahə kanallarını müntəzəm olaraq təmizləməli və drenlərdə su durğunluğuna yol verilməməlidir. Yuma, arat və suvarma zamanı suyun nəzarətsiz axmasına yol verməmək və növbəli iş üsulu yaratmaq tövsiyə olunur. Yuma, arat və suvarmanın başlanma, qurtarma vaxtına və suvarma normasına düzgün əməl edilməlidir.Nəzərə almaq lazımdır ki, qeyd olunan tədbirlərin həyata keçirilməsi nəticəsində su itkisinin və təkrar şorlaşmanın qarşısı alınmaqla torpaqların münbitliyinin yaxşılaşması və səmərəli istifadəsi üçün əlverişli şərait yaranacaq.
Paralel olaraq, davarların otarılmasında mövcud normalara və qaydalara ciddi əməl olunmalıdır. Qışlaqlara olan tələbat hesablanarkən torpaq qanunvericiliyinə uyğun olaraq bitki örtüyündən, keyfiyyətindən, tutumundan, torpaqların mexaniki tərkibindən və humusun qalınlığından asılı olaraq hər hektara 1-4 baş, yay otlaqlarına isə bundan 2 dəfə çox davar otarılması nəzərdə tutulur. Örüş sahələrinin və biçənəklərin fiziki və hüquqi şəxslərin istifadəsinə vermək üçün tələbat hesablanarkən mal-qaranın sayından, torpaq ehtiyatlarının həcmindən, sahənin tutumundan, coğrafi yerləşməsindən, suvarma imkanından asılı olaraq bu torpaqların dəmyə sahəsində hər hektara 2-3 baş davar və 1 baş iribuynuzlu mal-qara, suvarılan sahədə isə müvafiq olraq iki dəfə artıq davar və iribuynuzlu mal-qara düşür. Həmçinin deqradasiyanın qarşısının alınması və münbitliyin artırılması məqsədilə əkinçiliyin biologiyalaşdırılması (sideral bitkilərindən və küləşdən üzvi gübrə kimi istifadə olunması) indiki mərhələdə çox vacibdir. Məsələn, elmi nəticəyə görə xaşa bitkisinin yaşıl gübrə kimi istifadə olunması nəticəsində torpağın hər hektarına 8-12 ton üzvi maddə daxil olmuşdur ki, bu da hər hektara 40 ton peyin verilməsinə bərabərdir. Xırdalanaraq torpağa verilən küləşin təsiri nəticəsində 50-70 faiz humusun itirilməsinin qarşısı alınmaqla, torpağın aqrofiziki və bioloji xassələrinin yaxşılaşmasına səbəb olur. Təsdiq olunub ki, 1 ton küləşin torpağa paylanması nəticəsində 150 kq humus əmələ gəlir. Yazlıqlar üzrə hektardan istehsal olunan hət ton taxıl məhsuluna 0,5-0,7 ton küləş məhsulunun əldə edildiyini, payızlıqlar üzrə isə bu rəqəmin 1 ton təşkil etdiyini nəzərə alaraq, bu tədbirin nə dərəcədə səmərəli olması barədə şərhə ehtiyac qalmır.
Torpaqlarin münbitliyinin mühafizəsi üçün becərmə tədbirləri imkan daxilində kompleks qaydada təşkil olunmalı, torpaqların strukturunun pozulmasına səbəb olan iriqabaritli və ağır texnikaların istifadəsi məhdudlaşdırılmalıdır. Suvarma qaydalarına ciddi əməl olunmalı, mütərəqqi suvarma üsullarına üstünlük verilməli, torpağın təkrar əkin üçün şumlanması biçindən dərhal sonra (torpaq bərkiməmiş) yerinə yetirilməlidir. Ötən illər ərzində şumun gecikdirilməsi səbəbindən səpinin optimal müddətdə aparılmasında müəyən çətinliklər yaranıb və digər əlavə problemlərin yaranmasına səbəb olub.
Məhsuldarlığı artırmaq üçün eyni zamanda, yeni iqtisadi şəraitdə resurslara qənaətedici texnika və texnologiyalara üstünlük verilməli, intensiv texnologiyanın tətbiqi üçün böyük əhəmiyyət kəsb edən torpaqların işlənilməsinin minimallaşdırılması, "sıfır" becərmə, səthi azlaydırlı, laydırsız kombinə edilmiş üsulların tətbiqi, aqrolandşaftın ekoloji balanslaşmasını, təbii qanunauyğunluqları özündə cəmləyən ekoloji-landşaft əkinçilik sisteminin təşkili müasir dövrün tələbləri və davamlı inkişafın təmin olunması baxımından çox vacibdir. Müasir əkinçilik təsəvvürlərinə görə aqrar sahədə davamlı inkişafın təmin edilməsi üçün əkin sahəsinin 5-6 faizinin meşə zolaqlarından ibarət olunması tövsiyə olunur. Belə ki, meşə və meşə zolaqları küləyin zərərli təsirinin qarşısını almaqla, onun surətini 30-50 faiz azaldır, havanın nisbi rütubətini 4-8 faiz artırır. Meşəqoruyucu aqrofitosenozlarda qarın əriməsi tədricən baş verir ki, bu da torpağın üst qatında nəm ehtiyatını 40-100 mm artırır. Meşə zolaqları torpaq səthi ilə baş verən qeyri-məhsuldar buxarlanmanın 20-30 faiz, yaz su axınını isə 2-4 dəfə azaldır. Meşə bitkiləri salınmış ərazilərdə kənd təsərrüfatı bitkiləri üçün böyük əhəmiyyətə malik mikrobioloji proseslər aktivləşir, torpağın münbitliyinin artırılmasında başlıca rol oynayan humusun miqdarı 4-13 ton, azotun miqdarı 100-400 kq, fosforun miqdarı isə hər hektarda 30-700 kq artır ki, bu da aqrar sahənin qarşısında qoyulmuş piroritet vəzifələrin, o cümlədən etibarlı ərzaq təminatı siyasətinin uğurla həyata keçirilməsi sahəsində mühüm əhəmiyyət kəsb edir. Meşə və meşə zolaqları sahələrinin genişləndirilməsi kənd təsərrüfatında məhsuldarlığın artırılması sahəsində müstəsna əhəmiyyətə malik torpaqların münbitliyinin artırılması, bərpası və mühafizəsi, habelə bütün dünya ölkələrini narahat edən qlobal iqlim dəyişmələriinin aqrar sahəyə təsirinin minimum endirilməsi və bu sahədə davamlı inkişafın təmin edilməsi baxımından mühüm töhvə ola bilər.
Xatırldaq ki, yerlərdə torpaq istifadəçilərinin özləri bildiyi kimi, primitiv iş üsullarından istifadə etmələri, meliorasiya-irriqasiya tədbirlərinin vaxtında və lazımı səviyyədə aparılmaması kimi ciddi problemlər yaratmışdır. Odur ki, yaranmış vəziyyət kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən elmi- tədqiqat müəssisələrinin fermerlərlə daha yaxından və əlbir, qarşılıqlı faydalı müqavilələr əsasında işləmələrini tələb edir. Fermerlərimiz həm torpağın, həm də bitkilərin fiziologiyasını, morfologiyasını, mənşəyini, təbiətin əlverişsiz amillərinə qarşı davamlılığını və s. bu kimi problemlərin mahiyyətini başa düşməli və ətraf mühitin mühafizəsi sahəsində əməli tədbirlər görməli, necə deyərlər həyacan təbili çalmalıdırlar. Yadda saxlamaq lazımdır ki, torpaq da canlıdır, ona olan münasibət digər canlılara olan münasibət kimi olmalıdır. Torpaqların yaxşılaşdırılması ilə bu gün məşğul olmalıyıq, onu sabaha və ya o biri günə saxlamaq vəziyyəti daha da gərginləşdirər və kapital qoyuluşunu qat-qat artırar.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31