İdarəetmənin çevikliyinə hesablanmış struktur islahatları
Başa vurduğumuz 2017-ci il həm də Azərbaycanda islahatlar ili kimi yadda qaldı. Dövlətin, dövlət başçısının müxtəlif sahələrdə həyata keçirdiyi islahatlar ümumilikdə ölkənin inkişafına, tərəqqisinə zəmin yaratdı. Xüsusilə, qlobal səviyyədə baş verən maliyyə böhranı fonunda Azərbaycanda həyata keçirilən struktur islahatları bir-birini təkrarlayan qurumların ümumiləşdirilməsi ilə yanaşı büdcədən yönəldilən əlavə xərclərin də azalmasına öz müsbət təsirini göstərdi. Hazırda müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, uğurlu islahatlar prosesi günümüzdə də davam edir və nəticə etibarilə idarəetmədə daha təkmilləşdirilmə yaradılır. Təkcə ötən il ərzində bir neçə belə anoloji addımların atılması deyilənləri təsdiqləyir. Elə əksər ekspertlər, təhlilçilər də bu qənaətdədirlər ki, ölkədə müxtəlif sahələrdə, xüsusilə də idarəetmədə həyata keçirilən islahatlar tədricən öz müsbət effektini verir.
17 Yanvar 2018 13:23 İqtisadiyyatÖz müsbət nəticələrini verir
Başa vurduğumuz 2017-ci il həm də Azərbaycanda islahatlar ili kimi yadda qaldı. Dövlətin, dövlət başçısının müxtəlif sahələrdə həyata keçirdiyi islahatlar ümumilikdə ölkənin inkişafına, tərəqqisinə zəmin yaratdı. Xüsusilə, qlobal səviyyədə baş verən maliyyə böhranı fonunda Azərbaycanda həyata keçirilən struktur islahatları bir-birini təkrarlayan qurumların ümumiləşdirilməsi ilə yanaşı büdcədən yönəldilən əlavə xərclərin də azalmasına öz müsbət təsirini göstərdi. Hazırda müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, uğurlu islahatlar prosesi günümüzdə də davam edir və nəticə etibarilə idarəetmədə daha təkmilləşdirilmə yaradılır. Təkcə ötən il ərzində bir neçə belə anoloji addımların atılması deyilənləri təsdiqləyir. Elə əksər ekspertlər, təhlilçilər də bu qənaətdədirlər ki, ölkədə müxtəlif sahələrdə, xüsusilə də idarəetmədə həyata keçirilən islahatlar tədricən öz müsbət effektini verir.
"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov deyir ki, struktur islahatlarının aparılmasında əsas məqsəd hansısa bir sahənin idarəçiliyində mövcud olan əngəlləri aradan qaldırmaqdan ibarətdir. Onun sözlərinə görə, bu islahatlar bir qayda olaraq idarəçilikdə çevikliyin artırılmasını təmin etməyi hədəfləyir: "Belə islahatların dövlət büdcəsinin vəsaitlərinə qənaət etmək məqsədilə aparıldığını düşünənlər də az deyil. Ancaq vəsaitlərə qənaət bu cür islahatların ali məqsədi ola bilməz. Bu qəbildən olan islahatların aparılmasında əsas məqsəd, bir qayda olaraq yeni təşkil olunmuş strukturun köməyi ilə sahənin işini günün tələbləri səviyyəsində yenidən qurmaqdan ibarət olur". Fikrət Yusifov deyib ki, ölkə Prezidenti tərəfindən son iki ildən artıq vaxt ərzində bu istiqamətdə bir çox qərarlar qəbul edilib: "Bu sırada 21 oktyabr 2015-ci ildə qəbul edilmiş "Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı"nı yada salmaq istəyirəm. O vaxt bu fərmanın qəbulu hansı zərurətdən irəli gəldi? Öz ərazisində tranzit yüklərin daşınması sahəsində çox ciddi layihələrin reallaşdırılmasına start vermiş hökumət bu sahədəki məsələləri, ilk növbədə isə tranzit yükdaşımalar sahəsində tariflərin müəyyən edilməsindəki boşluqları aradan qaldırılmalı idi. Bu tarifləri müəyyənləşdirərkən ilk növbədə sahə maraqlarından çıxış edən tranzit yükləri daşıyan nəqliyyat təşkilatlarının apardığı tarif siyasəti son nəticədə yüklərin Azərbaycan üzərindən deyil, alternativ marşurutlarla daşınmasına yol açırdı. Yükdaşımaların tariflərini vahid pəncərə prinsipi ilə müəyyən edən yeni strukturun tarif siyasəti isə bu sahədə ciddi dönüş yaratdı. İndi bu tariflər ayrı ayrı yükdaşıyanların sahə maraqlarını deyil, bütövlükdə dövlətin maraqlarını ortaya qoyur. Bu hesabla da hər il Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi sürətlə artır". İqtisadçı deyib ki, yanvarın 12-də "Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı" na əsasən Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin və Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin yaradılması da nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetməni maksimum təkmilləşdirilməsi kimi məqsədlərin reallaşdırılmasını nəzərdə tutur. Fikrət Yusifov hesab edir ki, yeni struktur bu sahədəki işlərin səmərəliliyinin maksimum artırılmasını təmin etməlidir: "Cari ildə struktur islahatları çərçivəsində yeni, daha ciddi addımların atılacağı gözlənilir".
Millət vəkili Xanhüseyin Kazımlı isə bildirib ki, iqtisadi islahatların əhatə dairəsinə ölkədə biznes mühitinin optimallaşdırılması, bank-maliyyə sektorunun sağlamlaşdırılması, sahibkarların vergi yükünün azaldılması yolu ilə büdcəyə vergi daxilolmaları bazasının genişləndirilməsi, gömrük idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, bütün sahələrdə şəffaflığın təmin edilməsi kimi mühüm istiqamətlər daxildir: "Yola saldığımız 2017-ci il Prezident İlham Əliyevin 2016-cı ilin dekabrında imzaladığı müvafiq Fərmanla təsdiqlənən milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin icrasına başlanılması ilə əlamətdar olub. Strateji yol xəritələrinin uğurla icra edilməsi ölkəmizdə yeni şəraitdə yaranan çağırışlara uyğun olaraq reallaşdırılan islahatların səmərəliliyini daha da artırır. Respublikamızda qeyri-neft iqtisadiyyatının möhkəmləndirilməsinə, istehsal və ixrac imkanlarının artırılmasına hesablanan islahatlar bir-birini tamamlayır ki, bu da investisiyaların daha prioritet sahələrə istiqamətləndirilməsi baxımından çox önəmlidir". Millət vəkili qeyd edib ki, respublikamızda aparılan islahatlar öz müsbət nəticələrini verir: "Prezident İlham Əliyevin bildirdiyi kimi, 2017-ci ildə iqtisadi sahədə çox böyük uğurlar əldə edilib. Ötən il ölkə iqtisadiyyatının artması çox müsbət göstəricidir. Aparılan islahatlar ilk növbədə qeyri-neft iqtisadiyyatının üstün inkişafının təmin edilməsinə hesablanıb. Sevindirici haldır ki, bu yöndə çox uğurlu nəticələr əldə olunub. Bir sözlə "Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsindədir".
Füzuli