Ölkə vətəndaşları mövcud idarəetmə sistemindən razıdır
Azərbaycanın həyata keçirdiyi uğurlu iqtisadi siyasət kursu və əldə edilən nəticələr ildən-ilə ölkəmizin beynəlxalq aləmdəki yeri möhkəmləndirir, onun nüfuzunu artırır. Sevindirici cəhət ondan ibarətdir ki, qazanılan nailiyyətlər yerli ictimaiyyət, Azərbaycan xalqı ilə bərabər beynəlxalq aləm tərəfindən də müsbət qiymətləndirilir.
6 Dekabr 2017 16:25 İqtisadiyyatXalq hökumətin fəaliyyətini təqdir edir
Azərbaycanın həyata keçirdiyi uğurlu iqtisadi siyasət kursu və əldə edilən nəticələr ildən-ilə ölkəmizin beynəlxalq aləmdəki yeri möhkəmləndirir, onun nüfuzunu artırır. Sevindirici cəhət ondan ibarətdir ki, qazanılan nailiyyətlər yerli ictimaiyyət, Azərbaycan xalqı ilə bərabər beynəlxalq aləm tərəfindən də müsbət qiymətləndirilir. Bunu beynəlxalq təşkilat və qurumlarının, maliyyə institutlarının müntəzəm olaraq keçirdikləri soğrular, apardıqları dəərləndirmələrin nəticələri də təsdiqləyir. Ən son Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"ndan da bunu aydın görmək mümkündür. Məlumat üçün qeyd edək ki, sözügedən hesabatda Azərbaycan əvvəlki illərə nisbətən daha iki pillə irəliləyərək 137 ölkə arasında 35-ci yerdə qərarlaşmışdı. Hətta, "G20"yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalıblar. Bununla yanaşı, ölkələrin biznes mühitini qiymətləndirən və ən mühüm hesabatlardan olan "Doing Business 2018" hesabatında 8 pillə irəliləyən Azərbaycan 190 ölkə arasında 57-ci mövqeyə yüksəlib, Avropa və Mərkəzi Asiyada 4 və daha çox islahat aparan 3 ölkədən biri olub
Bu günlərdə isə Azərbaycan daha bir beynəlxalq təşkilatın məruzəsində öz mövqelərini möhkəmlədib. Belə ki, Niderlandda yerləşən ING maliyyə holdinqinin analitik məruzəsində Azərbaycandakı iqtisadi vəziyyət, cəmiyyətin durumu ətraflı şəkildə təhlil edilib. Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının sifarişi əsasında aparılan araşdırmanı Azərbaycanda adını qeyd etdiyimiz holdinqin tərəfdaşı olan ACT LLC humanitar tərəfdaşlıq təşkilatı aparıb. Aparılan araşdırma və vətəndaşların ortaya qoyduğu mövqe kifayət qədər maraqlı məqamları üzə çıxarıb. Əsas diqqət yetirilməli məqam ondan ibarətdir ki, məruzədə Azərbaycan vətəndaşlarının hökumətə inam və etibar etdiyi bir daha öz təsdiqini tapır. Bu vaxta qədər bəzi beynəlxalq qeyri-hökumət təşkilatları, Azərbaycana qarşı qərəzli mövqedə dayanan qurumların qeyri-obyektivlikdən kənar çıxış etmıələri və uydurma məruzə hazırlamalarına cavab olaraq qeyd etdiyimiz məruzədə cəmiyyətin mövcud idarəetmə sisteminə dəstək nümayiş etdirdiyi açıqca ortaya qoyulur. Onu da qeyd etmək lazımdır ki, adlarını çəkdiyimiz həmin antiAzərbaycan şəbəkənin müntəzəm olaraq yaydığı hesabatlarda iddia edilirdi ki, guya cəmiyyət mövcud idarəetmə sistemindən narazıdır. Bu mənada ACT LLC humanitar tərəfdaşlıq təşkilatının məruzəsini Azərbaycanın uğurunu istəməyən, xalqla hakimiyyət arasında uçurum yaratmağa çalışan qüvvələrə elə cəmiyyətin öz cavabı kimi dəyərləndirmək olar.
Məruzədə qeyd olunur ki, vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir. Əslində burada da qəribə bir şey yoxdur. Və bu nikbinliyi şərtləndirən amillərlə bağlıdır. Bu amillər isə Azərbaycanın son illərdə həyata keçirdiyi uğurıu layihələr, atdığı addımlardır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi, "Şahdəniz" yatağı ilə bağlı müqavilənin 2050-ci ilə qədər uzadılması, eləcə də beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi məhz ölkə vətəndaşlarında öz gələcəyinə nikbinlik yaradan başlıca amillərdəndir. Yəni, Azərbaycan vətəndaşı gözəl dərk edir ki, adlarını qeyd etdiyimiz layihələrdən gələn qazanc, gəlirlər yaxın illərdə onun həyat şəraitini, sosial rifah halını daha da yaxşılaşdıracaq. Məhz bu baxımdan Azərbaycan vətəndaşlarında öz gələcəyinə nikbinlik var.
Məruzədən aydın olur ki, ACT LLC-nin sosioloqları vətəndaşların həyatında ən böyük problemlər haqqında suallar da verib. Araşdırma zamanı, həmçinin Azərbaycanda iqtisadi vəziyyət təhlil olunub. 2018-ci il üçün inflyasiyanın səviyyəsi 6,9 faiz proqnozlaşdırılır. Qeyd edilir ki, 2018-ci ildə manatın dollara nisbətində orta illik məzənnənin 1,59 (hazırda 1,7) təşkil edəcəyi gözlənilir. 2018-ci ildə neftin bir barrelinin qiymətinin 51 dollar olacağı proqnozlaşdırılır.
Məruzədə kənd təsərrüfatında və qeyri-neft sektorunda artım olacağı da yer alır. Bunu yaradabn əminlik isə ölkədə qeyd edilən istiqamətdə ardıcıl addımların atılması, islahatların həyata keçirilməsidir. Məlumdur ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafına 2004-cü ildən, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına başlanandan start verilib. Dünya bazarlarında yaşanan neft böhranından sonra isə bu sahəyə diqqət daha da artıb. Və son illər ərzində qeyri-neft sektorunun bir qədər də inkişaf etdirilməsi istiqamətində hökumət təxirəsalınmaz tədbirlər görüb. Eyni ilə kənd təsərrüfatının inkişafı da diqqət mərkəzindədir. Regionlarda spesifik sahələr inkişaf etdirilir, yeni imkanlar yaradılır. Artıq bir neçə regionda konkret addımlar atılıb. Bu da heç şübhəsiz ki, məruzədə də qeyd edildiyi kimi kənd təsərrüfatında, yerli isrehsalda artımın olacağı əminliyini yaradır. Son bir neçə ay ərzində bu istiqamətdə bir neçə Dövlət Proqramının qəbul edilməsi də belə deməyə əsas verir.
Süleyman İsmayılbəyli