Problemli kreditlər məhkəmə predmeti ola bilərmi?
Son vaxtlar cəmiyyətdə müşahidə edilən mənfi tendensiyalardan biri də bankla onun müştərisi arasında yaranan problemdir. Xüsusilə, bu problem 2015-ci ildən etibarən, bir qədər də dəqiqləşdirsək milli valyutanın dəyərinin xarici valyutaya, konkret olaraq Amerika dollarına nisbətən ucuzlaşmasından sonra meydana gəldi. Bir-birinin ardınca baş verən devalvasiya prosesi bankla müştəri arasında ciddi mübahisə predmeti yaratdı ki, bir çox hallarda bu mübahisə predmeti məhkəmə çəkişmələrinə qədər gedib çıxdı. Bankların müştəriyə verdiyi krediti dolların yeni məzənnəsinə uyğun tələb etməsi ikincinin borcu qaytara bilməməsi ilə nəticələndi ki, tərəflər arasında yaranan bu gərginlik üçüncü tərəfi də vurdu.
15 Avqust 2017 15:10 İqtisadiyyatYaxud zamin bu halda hansı məsuliyyəti daşıyır?
Son vaxtlar cəmiyyətdə müşahidə edilən mənfi tendensiyalardan biri də bankla onun müştərisi arasında yaranan problemdir. Xüsusilə, bu problem 2015-ci ildən etibarən, bir qədər də dəqiqləşdirsək milli valyutanın dəyərinin xarici valyutaya, konkret olaraq Amerika dollarına nisbətən ucuzlaşmasından sonra meydana gəldi. Bir-birinin ardınca baş verən devalvasiya prosesi bankla müştəri arasında ciddi mübahisə predmeti yaratdı ki, bir çox hallarda bu mübahisə predmeti məhkəmə çəkişmələrinə qədər gedib çıxdı. Bankların müştəriyə verdiyi krediti dolların yeni məzənnəsinə uyğun tələb etməsi ikincinin borcu qaytara bilməməsi ilə nəticələndi ki, tərəflər arasında yaranan bu gərginlik üçüncü tərəfi də vurdu. Yəni, bankdan kredit götürən şəxsə zamin duranı. Belə ki, bank müştərinin krediti qaytara bilməməsindən dolayı bu dəfə ona zamin duranı hədəf seçdi. Bu da yeni bir mübahisə predmetinə səbəb oldu. Hazırda yüzlərlə zamin şəxslə ayrı-ayrı banklar arasında problem yaşanmaqdadır. Bir çoxları bankın kredit götürənə zamin duran şəxsdən borcu tələb etməsini doğru hesab etməsə də, lakin banklara müəyyən mənada bu məsələdə haqq qazandıranlar da var. Bəs görəsən, bu məsələ hüquqi baxımdan necə tənzimlənir? Zamin duran şəxs borc qalmaqalı məsələsində hansı məsuliyyəti daşıyır?
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Asif Abdullayev deyir ki, kreditlə bağlı zamin duran şəxs bunları mütləq bilməlidir. Onun sözlərinə görə, zaminlik müqaviləsi üzrə zamin borclu şəxsin banka olan borcunu tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür: "Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Müqaviləni zamin duran şəxs imzalamalıdır. Borclu öz borcunu vaxtında və cədvələ uyğun ödəməsə və yaxud ümumiyyətlə ödəməsə, müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, zamin və borclu bank qarşısında birgə məsuliyyət daşıyırlar. Bank borcluya və onun zamininə qarşı məhkəmədə iddia qaldıra bilər. Zamin məhkəmədə bankın tələbinə qarşı (şişirdilmiş borc, faiz və dəbbə puluna və sair məsələlərə dair) etiraz etmək hüququna malikdir. Əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin bankın tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Hətta bankdan pul götürmüş borclunun özü bankın tələb etdiyi məbləğlərə qarşı etiraz etməsə və yaxud bu tələbi qəbul etsə də, zamin öz etirazını bildirə bilər". Asif Abdullayev onu da bildirib ki, zamin borclunun əvəzinə ödədiyi pulu borcludan tələb edə bilər və bununla bağlı məhkəməyə müraciət edə bilər: "Misal üçün, bank borclunu və zamini məhkəməyə verib və məhkəmənin qətnaməsi əsasında zamindən 1.000 manat pul tutulub. Bu halda zamin həmin məbləğin ondan tutulduğunu təsdiq edən sənədləri məhkəməyə təqdim etməklə, 1.000 manatın borcludan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edə bilər". Hüquqşünas Asif Abdullayev digər bir problemə də diqqət çəkib. Bildirib ki, öz adına kredit alıb başqa şəxsə borc verdikdə və həmin şəxs o pulu qaytarmadıqda məsələ hüquqi müstəvidə həll oluna bilər. Onun sözlərinə görə, belə bir hal konkret olaraq dələduzluq hesab olunur: "Hər bir halda, bank dələduza qarşı deyil, bankdan kredit alan (müqaviləni imzalayan) şəxsi məhkəməyə verib borcu tələb edəcək. Bir sözlə, bank sizdən, siz isə o pulu, borc verdiyiniz şəxsdən tələb etməli olacaqsınız. Əgər borc verdiyiniz şəxs borcu aldıqdan sonra həmin məbləği ümumiyyətlə qaytarmaqdan imtina edirsə, belə vəziyyətdə söhbət cinayət əməli hesab edilən dələduzluqdan gedir. Bu əməlin dələduzluq hesab edilməsi üçün, borc alan şəxsin borcu alarkən onu qaytarmamaq niyyətinin olmaması müəyyən edilməlidir. Yəni, şəxs borcu alarkən, onu ümumiyyətlə qaytarmaq niyyəti ilə olmayıb və etibardan sui-istifadə edib. Onu da qeyd edim ki, dələduzluq cinayətləri ilə bağlı ərizəni, pulu dələduza verdiyiniz ərazinin polis idarəsinə vermək lazımdı". Hüquqşünasın sözlərinə görə, əgər borc verdiyiniz şəxs borcu imkansızlıq səbəbindən qaytara bilmirsə və ya polis onun əməllərində dələduzluq cinayətinin əməllərini aşkar etməyibsə, həmin şəxsə qarşı mülki qaydada iddia qaldırıb borcun qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edə bilərsiniz.
Füzuli