Azərbaycanın beynəlxalq aləmdə tanıdılması üçün daha bir imkan

Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu dünya ölkələrinin, eləcə də beynəlxalq təşkilatların diqqətindən kənarda qalmayıb. Ölkənin social-iqtisadi inkişafı, təhlükəsiz həyat şəraitin mövcudluğu, xüsusən beynəlxalq tədbirlərin təşkili baxımdan təcrübəsi diqqəti cəllb edib. Elə bu səbədən də Azərbaycan ən müxtəlif beynəlıxalq tədbirlərə ev sahibliyi etməkdə davam edir.

Dünyanın 157 ölkəsinin 1500-dən artıq gənci ölkəmizə toplaşıb

Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu dünya ölkələrinin, eləcə də beynəlxalq təşkilatların diqqətindən kənarda qalmayıb. Ölkənin social-iqtisadi inkişafı, təhlükəsiz həyat şəraitin mövcudluğu, xüsusən beynəlxalq tədbirlərin təşkili baxımdan təcrübəsi diqqəti cəllb edib. Elə bu səbədən də Azərbaycan ən müxtəlif beynəlıxalq tədbirlərə ev sahibliyi etməkdə davam edir. Avqustun 14-18-də   Bakıda 41-ci Dünya Skaut Konfransının keçirilməsi də məhz dediklərimizin bariz nümunəsidir. Qeyd edək ki, dünyanın 157 ölkəsindən ümumilikdə 1500-dən artıq skautun qatılacağı bu beynəlxalq tədbirlərdə Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) üzvlərinin nümayəndələrinin, müxtəlif ölkələrdən yüksək vəzifəli qonaqları da qatılacaq. Bakı Konqres Mərkəzində, eləcə də Heydər Əliyev Mərkəzində 14-18 avqust tarixlərində keçirilən Dünya Skaut Konfransında əsas mövzu skaut təşkilatlarının gələcək inkişafından, strategiya və fəaliyyətlərinin yaradılmasından, eləcə də gələcək dövrlərə təşkilatın rəhbər orqanlarına sədrin və üzvlərin seçilməsidir.

Yeri gəlmişkən xatırladaq ki,  konfrans öncəsi, daha dəqiq avqustun 7-10-da Qəbələ şəhərində 13-cü Dünya Skaut Gənclər Forumu keçirilib. Qəbələdə keçirilmiş Dünya Skaut Gənclər Forumunun iştirakçıları gənc liderlik, fəal vətəndaşlıq mövqeyi, skautinqin dünyada baş verən qlobal dəyişikliklərə təsirinə dair mövzular ətrafında müzakirələr aparmış, eləcə də tədbirin bütün iştirakçıları arasında gənclər proqramlarının həyata keçirilməsi sahəsində təcrübə mübadiləsi etmişlər. Forumda 133 ölkədən 320 gənc iştirak edib. Forum çərçivəsində "Mədəniyyət axşamı"nda hər bir iştirakçı öz ölkəsinin tarixi və ənənələrini, milli geyim, mətbəx, musiqi və rəqslərini nümayiş etdirib. Azərbaycanlı təmsilçilrin milli mədəniyyətimiz təqdim etməsi maraqla qarşılanıb. Avqustun 13-də paytaxtımızın gözəl məkanlarından biri olan Fəvvarələr meydanında 41-ci Dünya Skaut Konfransı çərçivəsində fotosərgi açılıb.

Məlumat üçün bildirək ki, Azərbaycan 2013-cü ilin fevralında DSHT-nin əsas tədbirləri olan və üç ildə bir dəfə keçirilən Dünya Skaut Konfransı və Dünya Skaut Gənclər Forumuna ev sahibliyi edəcək tərəf kimi namizədliyini irəli sürüb. Seçim nəticəsində qalib ölkə elan olunmuş Azərbaycan növbəti dəfə dünya miqyasında əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəyə çevrilib. 13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransı miqyasına görə Avrasiya Skaut Regionunda keçiriləcək ilk irimiqyaslı və müsəlman ölkələri arasında ikinci ən böyük tədbirlərdir. Onu da bildirək ki, 1907-ci ildə lord Baden-Pauel tərəfindən təsis edilmiş Dünya Skaut Hərəkatı Təşkilatı  sıralarında 40 milyondan artıq insanı birləşdirən 165 Milli Skaut Təşkilatının konfederasiyasıdır.  Azərbaycan Skautlar Assosiasiyası 1997-ci il oktyabrın 11-də təsis edilmiş və hazırda təşkilatın 16 regiondan 1750-dən artıq üzvü vardır. Təşkilat 2000-ci ildən etibarən ölkəmizi Dünya Skaut Hərəkatında təmsil edir.

Qeyd edək ki, Azərbaycanda ən müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlərin reallaşması ölkəmizin beynəlxalq aləmdə daha da yaxından tanıdılması baxımından olduqca əhəmiyyətlidir. Əsasən gənclər və yeniyetmələrin təmsil olunduğu bir təşkilatın tədbirinin Azərbaycanda düzənlənməsi isə xüsusilə tədqirəlayiqdir. Hazırda gənclər arasında çox məhşur olan skaut hərəkatının sıralarında 216 dünya ölkəsindən 35 milyon uşaq, yeniyetmə və gənc birləşərək "Hər gün bir xeyirxah iş görək" devizi altında fəaliyyət göstərirlər. Yarandığı dövrdən indiyədək planetimizin 300 milyondan çox sakini skaut hərəkatının üzvü olmuşdur. Təsəvvür edin ki, bu qədər gənci özündə birləşdirən bir hərəkatın ən yüksək səviyyəli tədbirinini Azərbaycanda keçirilməsi ölkəmizin tanıdılması baxımından nə qədər əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, Ümumdünya Skaut Hərəkatı Təşkilatı 6 coğrafı regiona bölünmüşdür. Onun Kosta-Rikada, Misirdə, Keniyada, Filippində, İsveçrədə və Qurzufda nümayəndəliyi vardır. Bu isə o deməkdir ki, ölkəmizdə Dünya Skaut Konfransının keçirilməsi Azərbaycanın ən azından dünyanın 6 çoğrafi regionunda tanıdılması deməkdir. Daha dəqiq, dünyanın 300 milyon sakini təkcə sözügedən tədbir çərçivəsində Azərbaycanın çoğrafi mövqeyi, tarixi, mədəniyyəti, adət-ənənəsi barədə bilgi əldə etmiş olur. Yeri gəlmişkən qeyd edək ki, form çərçivəsində təşkil olunan  "Mədəniyyət axşamı" tqdimatında ev sahibi qismində çıxış edən Azərbaycanın milli mədəniyyətinin zəngin və ecazkar geyimlərini əks etdirən xüsusi proqram təqdim edilib. Azərbaycanın milli mədəniyyəti, tarixi və ənənələrini, milli geyim, mətbəx, musiqi və rəqsləri dünya gənclərinə nümayiş etdirilib. Bu isə Azərbaycan mədəniyyətinin təbliği baxımından xüsusi əhəmiyyət malikdir.

Bundan başqa, konfransda müzakirəyə çıxarılan mövzuların əhəmiyyəti Azərbaycan üçün ölduqca önəmlidir. Ölkəmizdə keçirilən konfransda skaut təşkilatlarının gələcək inkişaf yolları, strategiya və fəaliyyətlərin müəyyən edilməsi, eləcə də gələcək dövrlər üçün təşkilatın rəhbər orqanlarının seçilməsi o deməkdir ki, Azərbaycan ən mühüm beynəlxalq məsələlrin müzakirə olunduğu məkana çevrilib. Sirr deyil ki, Azərbaycanın ölkəmizdə reallaşan istənilən beynəlxalq təşkilatın fəaliyyətinin daha da inkişaf etdirilməsi, onun dünya ölkələrinə verəcəyi töhvələrin miqyasının  daha da genişləndirilməsi baxımından təşəbbüslə çıxış etmək ənənsi mövcuddur. Şübhəsiz ki, ölkəmizdə müzakirə edilən mövzuların aktuallığı sözügedən hərəkatın məqsəd və prinsiplərinin daha da genişlənməsində öz sözünü deyəcək. Azərbaycanın irəli sürəcəyi təşəbbüslər, verəcəyi tövsiyyələr təbii ki, Ümumdünya Skaut Hərəkatı Təşkilatına üzv ölkələrin gənclərinin bir araya gətirilməsi, onların  vətənpərvər, kamil və layiqli vətəndaş kimi formalaşdırılmasında xüsusi əhəmiyyətə malik olacaq. Azərbaycanlı gənc liderlərin ideyalarının dəstəklənməsi və beynəlxalq miqyasda  yayılması baxımından da konfransın əhəmiyyəti danılmazdır. Nəzərə almaq lazımdır ki, iştirakçılar forumun gedişi çərçivəsində fəal vətəndaş mövqeyi və liderliyə həsr olunan sessiyalarda çalışacaq və təqdimatlarda iştirak edəcəklər. Bütün iştirakçıların sosial fəaliyyətini və cəmiyyətin inkişafında onların uğurlarını göstərən və fərdi layihələrin təqdim olunduğu maraqlı təqdimatlar gözlənilir.

Məlum olduğu kimi hərəkata üzv gənclər bir-biri ilə internet vasitəsilə əlaqə saxlayır, gördükləri faydalı işlər haqqında fikir mübadiləsi aparır, dünya gənclərini narahat edən problemlər haqda müzakirələr aparırlar. Heç şübhəsiz ki, konfrans iştirakçıları bu virtual əlaqə vasitəsilə Azərbaycan, xüsusən Dağlıq Qarabağ həqiqətləri barədə məlumatları beynəlxalq ictimaiyyətə çatdırmış olacaqlar. Dünya gənclərinin Azərbaycan həqiqətləri barədə ilki mənbədən doğru-dürüst məlumat əldə etmələri isə olduqca vacib şərtdir. Bir sözlə, Azərbaycanın bu mötəbər tədbirlərə yüksək səviyyədə ev sahibliyi edəcəyi şübhə doğurmur. Üstəlik belə bir tədbirin  Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq aləmdə daha da yaxından tanıdılması və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətinə çatdırılması baxımından unukal imkandır.  

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31