Qazaxda aşkarlanmış 1050 kq yararsız ətin baytarlıq sənədi olmayıb
6 May 2016 12:30 İqtisadiyyatDaxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qazax şəhərində Ayaz Əliyevin işlədiyi köhnə ət kombinatının soyuducularında hissələrə bölünmüş 1050 kq miqdarında mənşəyinə və keyfiyyətinə şübhə yaradan, baytarlıq sənədi olmayan ətlər aşkar olunub. Məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən Qazaxda aşkarlanan və paytaxta gətirilən ətlərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürərək qida üçün yararlı olub-olmamasının, bakterioloji və biokimyəvi göstəricilərinin müəyyənləşdirilməsi məqsədi ilə Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Laboratoriyanın ekspertizasına əsasən yoxlanılan 37 nümunə heyvan ətində aparılan bakterioloji müayinə zamanı bakterioloji çirklənmə (BÇQB, stafilakokkus, aureus) aşkarlanıb. Biokimyəvi müayinələr (pH, peroksidaza və göydaş reaksiyaları) zamanı isə ətlərin keyfiyyətsiz və baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib. Müayinə zamanı götürülən nümunələrin 4-ün at əti, qalanların isə iribuynuzlu heyvanların ətlərinin olması aşkar edilib. Həmçinin yoxlanılan bütün nümunələrin aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş heyvan ətlərinin olması müəyyənləşib. Laboratoriya müayinələrinin nəticəsinə uyğun qəbul edilmiş qərara müvafiq olaraq Qazax rayonunda aşkarlanan və Bakı şəhərinə gətirilən ətlər baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdiriləcək.