Xarici valyutada istehlak kreditləşməsi kimə veriləcək?

Maliyyə Bazarlarına Nəzarət Palatası xarici valyutada istehlak kreditləşməsinə tətbiq etdiyi qadağanı məhdudiyyətlə əvəz edib. Bununla da Palata xarici valyutada istehlak kreditləşməsinə tətbiq etdiyi 1 aylıq moratorium aradan qalxıb. Mayın 6-dan etibarən banklar xarici valyutada istehlak kreditləri verməyə başlayacaqlar. Ancaq heç də hamı belə kreditlərdən yararlana bilməyəcək. Bəs, kimlər xarici valyutada istehlak krediti ala biləcək? Birincisi, Xarici valyutada gəlirləri olan, ikincisi banklarda xarici valyutalarda əmanətləri olan şəxslər. "OLAYLAR"-ın xəbərinə görə, məsələ ilə bağlı açıqlama verən iqtisadçı ekspert Samir Əliyev deyib ki,hazırda ölkədə 2,5 milyona yaxın əmanətçi var: "Ölkə üzrə əmanətlərin 85 faizinin xarici valyutada olduğunu nəzərə alsaq bu halda təxminən 2 milyon nəfərin xarici valyuta kreditlərindən yararlanmaq imkanı əldə edəcəyini zənn etmək olar.. Palata bir aylıq qadağadan sonra banklarda borcalanların borc yükünün yüngülləşdirilməsi məqsədi ilə xarici valyutada mövcud kreditlərin restrukturizasiyasına icazə verir. Yəni banklar belə kreditlərin şərtlərini sabahdan başlayaraq yüngülləşdirə bilərlər". İqtisadçı deyir ki, Palatada xarici valyuta ilə yanaşı, milli valyutada da istehlak kreditlərinin verilməsi şərtləri sərtləşdirilir: "Bundan sonra borcalanların gəlirlərinin həcmindən asılı olaraq borc yükünün gəlirə nisbəti və kredit məbləğinin təminata nisbəti əmsalları daxil ediləcək. Bu əmsallar kredit götürmək istəyənlərin imkanlarını daha da məhdudlaşdıracaq. Aylıq gəlirlərini rəsmi sübut edə bilməyənlər isə həmişəki kimi kənarda qalacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31