“Dollar kreditinə güzəştlərin edilməsi nə qədər tez həll olunsa,....”
Əli Məsimli: “Bu həm dövlət, həm banklar, həm də əhali üçün faydalı olar”
5 May 2016 13:28 İqtisadiyyat"Bu problemin optimal həlli bir sıra digər problemlərin də həllini yumşaldar"
Keçən ilin sonlarında ölkədə baş verən devalvasiya prosesi və nəticə etibarilə dolların manata nisbətən dəyərinin nəzərəçarpacaq dərəcədə yüksəlməsi bank sektorunda ciddi problemlər yaratdı. Bu problemlər isə daha çox devalvasiya prosesindən əvvəl banklardan Amerika dolları ilə kredit götürən müştərilərə öz təsirini göstərdi. Zaman-zaman bu ərəfədə köhnə məzənnə ilə kredit götürən müştərilərin kredit borclarının dolların əvvəlki kursu ilə hesablanması barədə təşəbbüslər səslənsə də, hələlik bu istiqamətdə ciddi bir irəliləyiş yoxdur. Bu günlərdə qanunverici orqanda sözügedən məsələnin müzakirə predmetinə çevrilməsi müəyyən ümidlər yaradır. Hətta bəzi millət əkilləri bu məsələ ilə bağlı təşkliflər də hazırlayaraq müəyyən qurumlara təqdim ediblər.
Milli Məclisin deputatı Əli Məsimli deyir ki, banklar tərəfindən əhaliyə xarici valyutada verilmiş kreditlərlə bağlı yaranmış vəziyyətin gərginliyinin azaldılması məqsədilə həmkarı Vahid Əhmədovla birlikdə hazırladıqları təkliflər müvafiq orqanlara göndərilib. Ancaq son günlər bu tipli məlumatlar yayılanda və onlar tərəfindən hazırlanan təklflərə şərh verilərkən bəzi təhriflərə yol verilir: "Ona görə də bəzi məqamlara münasibət bildirməyi zəruri hesab edirik. Hazırda xarici valyutada olan kreditlərlə bağlı problemin bütün ağırlığı əhalinin və börca düşən biznes strukturlarının üzərindədədir. Bunu problemin həll yolu hesab etmək olmaz. Belə hal "əhali-bank-biznes strukturları" zəncirinin bütün həlqələrində iflic vəziyyəti yaradır. Bəzi dövlət qurumları hesab edir ki, bu məsələ banklarla əhali arasında yaranan problemdir. Banklar üzun müddət yüksək faiz tətbiq edib, əlavə olaraq bundan yaxşı pul qazanıb. Ona görə də əhalinin dollar kreditləri ilə bağlı problemini öz hesablarına qarşılamalıdırlar. Banklar da gözləyir ki, dollarla kredit sahəsində yaranmış problemin maliyyə tərəfini dövlət örtəcək. Hesab edirik ki, bu yanaşmaların hər ikisində həqiqət payı var. Amma eyni zamanda həm də hər ikisi yarımçıq xarakter daşıyır. Ona görə də biz hesab edirik ki, bu məsələ sistem xarakterli olduğundan ona birtərəfli yox, sistemli yanaşmaq lazımdır. Bu məqsədlə biz risklərin "dördbucaq sistemi" üzrə "dövlət - Mərkəzi Bank -kommersiya bankları - əhali" arasında ədalətlə bölüşdürülməsi variantından istifadə etmişik. Bizim təkliflərdə xarici valyutada verilmiş kreditlərlərin maliyyə yükünün yalnız bankların çəkəcəyi barədə təklif yoxdu. Bunu yazanlar ya bilərəkdən, ya da bilməyərəkdən bizim təkliflərin mahiyyətini təhrif edir.
Biz xarici valyuta ilə verilmiş kreditlərlərin maliyyə yükünün yalnız əhalinin üzərinə atılmasının əleyhinəyik. Bu sahədə yaranmış kritik vəziyyəti aradan qaldırmaqdan ötrü, dollarla kredit borcu olan vətəndaş qruplarının hər birinə müvafiq həll üsulu tətbiq olunması və bu işin maliyyə tərəfinin bir qurumun üstünə atılmaması, vəziyyətdən çıxışın optimal variantı kimi devalvasiyadan doğan həmin ağırlığın "dördbucaq sistemi" üzrə "dövlət - Mərkəzi Bank -kommersiya bankları - əhali" arasında ədalətlə bölüşdürülməsi variantından istifadə edilməsi variantını irəli sürmüşük. Bizim təkliflərimizin birində də 1000(min) manata qədər olan kreditlərin ücdantutma bağışlanmasından yox, monitorinqlər nəticəsində onun qaytarılmasına ümid olmayan hissəsinin, məsələn, kredit alan şəxs vəfat edibsə və həmin kreditə zamin duran şəxslərin obyektiv surətdə onu qaytarmaq imkanı yoxdursa, belə ümidsiz kreditlərin bağlanmasından söhbət gedir. Yalnız 1000(min) dollara qədər ümidsiz problemli kreditlərin bağlanmasının maliyyə təminatını bankların mənfəəti hesabına həyata keçirilmısini təklif etmişik". Millət vəkili deyir ki, kredit borcu 5000(beş min) dollara qədər olan vətəndaşlara ciddi güzəştlərin edilməsi və həmin səviyyədə olan borclarının 21 fevral devalvasiyası zamanı formalaşan məzənnə ilə, yəni 1,05 manat nisbətində ödənilməsi üçün zəruri olan təqribən 250 milyon dolların maliyyə yükünün bir hissəsini əhali, bir hissəsini banklar, digər hissəsinin yükünü isə dövlət çəkməlidir: "Çünki dövlət dəstəyi olmadan bu problemin etibarlı həlli mümkünsüzdür. Əhalinin məişət əşyaları (mebel, soyuducu, paltaryuyan maşın və s.) almaqdan ötrü aldıqları istehlak kreditlərinin, eləcə də ipoteka kreditlərinin dollarla hesablanması məsələsinə xüsusi yanaşmanın tətbiq edilməsini, borcun manat dollar nisbətində 1,05 məzənnəsi ilə ödənilməsini, faizlərin əsaslı surətdə aşağı salınmasını, müqavilə müddəti uzadılanda faizlərin dondurulmasını və s.təklif etmişik. Fürsətdən və əhalinin iqtisadi biliklərinin azlığından istifadə edərək banklar tərəfindən borcların dollarla təkrar hesablanmasına məruz qalan borclara münasibətdə həmin qəbildən olan borclulara da sadaladığımız variantlarda müvafiq güzəştlərin edilməsi təklifi irəli sürülüb". Əli Məsimlinin sözlərinə görə, iri məbləğli borclara münasibərdə manatın dollara olan 21 fevral və ya 21 dekabr məzənnələri arasındakı məqbul göstəricini (məsələn, 1,20-1,30 manat intervalında) əsas kimi götürüb, "dondurmaqla" borcların qaytarılmasına möhlət verilməsi, borcun faiz dərəcələrinin aşağı salınması, manata çevrilməsi və s. bu kimi üsullardan istifadə edilməsi zəruridir: "Burda da yenə ödənişin bütövlükdə bankların üzərinə atılmasınıdan yox,"dördbucaq sistemindən" söhbət gedir. Amma birinci dordbucaqdakı vətandaşı burda artıq iri kredit götürmüş biznesmen əvəz edir. Bankların bu prosedə iştrrakı müqabilində ölkəmizdə həyata keçirilən "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun surətdə beynəlxalq praktikada olduğu kimi, "Təxirəsalınmaz Tədbirlər Paketi" çərçivəsində bank sektorunun sağlamlaşdırlması prosesində həm də vergi güzəştləri, birbaşa maliyyə yardımı və s. də daxil olmaqla dövlətin banklara dəstək proqramının da həyata keçirməsi zəruri hesab olunur. Hesab edirik ki, yalnız bu cür kompleks yanaşma və maraqların konfliktindən maraqların uzlaşdırılmasına aparan yolla bu məsələni yumşaltmaq olar. Dollarla kredit borcları olanlara güzəştlərin edilməsi məsələsi nə qədər tez həll olunsa, bu həm dövlət, həm banklar, həm də əhali üçün faydalı olar. Narazılıq azalar, bankların işi yaxşılaşar və əhalinin banklara inamı artar. Bu da iqtisadiyyata güclü təkan verər. Dollarla krediti olanların probleminin optimal həlli bir sıra digər problemlərin də həllini yumşaldar. Ona görə də məsələnin həlli sürətləndirilməsi həm dövlət, həm banklar, həm də əhali üçün sərfəlidir".
Süleyman