Banklara və əhaliyə ciddi mesaj

Maliyyə bazarlarına nəzarət palatasının rəhbəri Rüfət Aslanlı pensiyaçılara kredit verilməsinə qadağa qoyulmasının səbəblərini ANS-ə açıqlayıb. Bizimyol.info bildirir ki, Rüfət Aslanlının sözlərinə görə, söhbət pensiyaçılara kredit verilməsinin tamamilə qadağan olunmasından getmir. Bu, sadəcə kredit portfelində pensiyaçıların sayı çox olan banklara edilən tövsiyədir: "Aparılan təhlillər göstərib ki, problemli kreditlərin tərkibində ən həssas qrup olan pensiyaçıların orta aylıq gəliri 160 manatdır. Onların ödədiyi aylıq ödənişlər isə 105 manat civarındadır. Belə olan halda pensiyaçının öz yaşamı sual doğurur.

Digər tərəfdən, Palatanın araşdırmaları pensiyaçıların krediti çox vaxt özlərinin yox, yaxınlarının ehtiyacı üçün aldığını göstərib. Onlar isə ödəniş etmədikdə borc avtomatik pensiyaçının hesabından tutulur. Bu da onların sosial vəziyyətini pisləşdirir. Hazırda Palata borclanmanın həm vətəndaşı, həm də bankları qane edəcək modeli üzərində işləyir".

Rüfət Aslanlının sözlərinə görə, borc yükünün gəlirlərə nisbəti göstəricisi daha real olmalıdır. Yəni vətəndaşın aylıq ödənişi onun aylıq gəlirinin 50 faizindən az olmalıdır. Vətəndaşın borcu ödədikdən sonra əlində qalan pul isə onun aylıq yaşayışını təmin etməlidir.

Palata sədri vurğulayıb ki, son bir il ərzində Azərbaycanda bank aktivləri 1,7 milyard manata qədər azalıb.

Son devalvasiyadan öncə əhalinin gəlirlərinin xarici valyutada saxlanıldığını söyləyən Rüfət Aslanlı bank depozitlərinin ən aşağı səviyyədə 37-38 faizi dollarla olduğundan bankların da xarici valyutada kredit verməyə məcbur qaldığını qeyd etdi.

"Bu devalvasiyalar ona gətirdi ki, əhalinin xarici valyutada aldıqları borcların manat yükü devalvasiya səviyyəsində artdı. Belə olan halda insanlar artıq öz borclarını ödəməyə çətinlik çəkməyə başladılar. Bu da banklarda müəyyən likvidliyin azaldılması proseslərinə gətirdi. Yəni büdcə xərclərinin azalmasına gətirib çıxardı. Bir tərəfdən kreditlərin xidmət haqları, digər tərəfdən də banklardakı ehtiyatlar azaldı. Bir vaxtlar banklara pul axınları pozitiv idi, indi isə, əksinə bankların aktivləri bir qədər azalıb".

İqtisadi Təşəbbüslərə Yardım İB-nin eksperti Samir Əliyev "Bizim Yol"a bildirdi ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərinin müsahibəsindən aşağıdakı nəticələri çıxarmaq olar:

- Dollar kreditlərinin sahibləri gözlərini kompensasiyadan çəksinlər;
- İstehlak kreditlərinin şərtləri daha da sərtləşdiriləcək;
- Bank sektoru yaxın dövrdə Palatadan daha çox məhdudlaşdırıcı qərarlar alacaq;
- Hökumət manat kütləsini artırmaq niyyətində deyil;
- Bank sektorunun problemləri bank sektorundan kənarda qaynaqlanır
- Biznesdə risklər yüksək olduqca banklar real sektora kredit verməyəcəklər.

"Devalvasiyadan sonra dollarla kredit götürənlərin yükü iki dəfə artıb. İndi xarici valyutada olan kreditlərin aylıq ödənişlərində çətinliklər yaranıb. Çıxış yolu kimi banklar restrukturizasiya edirlər. Yəni müddəti uzadıb, faizi bir neçə bənd aşağı salırlar. Doğrudur, burada ucuzlaşmadan söhbət getmir. Hətta elə ediblər ki, məbləğ artıb. Sadəcə olaraq, müştəri burada zaman qazanır, heç bir kompensasiyadan söhbət getmir",- deyə S.Əliyev qeyd edir.

Ekspert deyir ki, banklarla vətəndaşlar üz-üzə qalıblar: "Hökumət əvvəl kompensasiya ilə bağlı fikir bildirsə də, sonradan bu fikirdən geri çəkildi. Onların əsaslandırması belədir ki, güzəştlər maliyyə intizamsızlığına gətirib çıxara bilər. Yəni biri vaxtlı-vaxtında ödəyirsə, onun da davranışına mənfi təsir göstərə bilər. Düşünürəm ki, hökumətin bu yanaşması yanlışdır. Burada söhbət kiminsə kreditinin bağışlanmasından getmir. Söhbət devalvasiya nəticəsində yaranmış məzənnə fərqinin kompensasiyasından gedir. Yəni nə bankların, nə də müştərinin gözləmədiyi təqdirdə yaranmış əlavə vəsaitin ödənilməsindən söhbət getməlidir. Hesab etmirəm ki, yaranmış fərqin ödənilməsi maliyyə intizamsızlığına gətirib çıxara bilər. Palata sədrinin mövqeyi də maliyyə naziri və Mərkəzi Bankın rəhbərinin mövqeyi ilə üst-üstə düşdü.

Yaranmış situasiyada bankların və müştərilərin günahı yoxdur, sırf hökumətin atdığı addımların sonucudur. Ona görə də kompensasiya verilməlidir".

S.Əliyev hesab edir ki, zərər üç tərəf arasında bölüşdürülməlidir: Həm vətəndaş, həm hökumət,həm də banklar tərəfindən: "Burada vətəndaşın üzərinə götürə biləcəyi məsuliyyət ondan ibarət ola bilər ki, kreditləri birinci devalvasiyadan sonra yaranmış məzənnə ilə (1.05 AZN) qaytarsın. Qalan hissəni ödəmək isə banklarla hökumətin üzərinə düşür. Bu, bir mexanizmdir. Hökumət hər bir halda kompensasiya verməlidir. Devalvasiya nəticəsində hökumət əlavə gəlir əldə etdi. Düşünürəm ki, hökumət gəlirin bir hissəsini vətəndaşlarla bölüşməlidir".

Ekspertə görə, istehlak kreditlərinə və pensiyaçılara verilən kreditlərə məhdudiyyətlərin qoyulması problemli kreditlərin həllinə kömək etməyəcək: "Bu haqda düşünmək bir qədər ambisiyalı fikirdir. Ona görə ki, sözügedən kreditlərə məhdudiyyətlərin qoyulması daha çox gələcəyə yönəlik bir addımdır. Azərbaycan devalvasiyadan əvvəl və sonra verilmiş kreditlər arasında gecikmiş borclar kifayət qədərdir. Amma Palatanın addımı daha çox bundan sonrakı kreditləşməyə yönəlik bir qərardır. Bu gün problemli kreditlərin həcmi Mərkəzi Bankın göstərdiyi statistikadan bir neçə dəfə yüksəkdir. Hətta ümumi kredit portfelində 20 faizədək təşkil etdiyini deyə bilərəm. Vaxtı keçmiş kreditlər arasında əsas problem dollarla olan borcların qaytarılmasında yaranıb. Ona görə də başlıca olaraq bu problem həll olunmalıdır. Təcrübə də göstərdi ki, vaxtı keçmiş borclar istehlak deyil, daha çox iri biznes kreditləridir. Beynəlxalq Bankın timsalında 3 milyardlıq borcu misal göstərmək olar. Digər tərəfdən Fict açıqlama verdi ki, daha 3 milyardın sağlamlaşdırılmasına ehtiyac var. Həmin borcların əksəriyyəti heç istehlak kreditləri deyil. Eyni zamanda pensiyaçılara tətbiq edilən kredit məhdudiyyəti də bu problemi həll etmək gücündə deyil".

Ekspertin fikrincə, məhdudiyyətlər heç də bütün istehlak kreditlərinə və pensiyaçılara tətbiq edilməməlidir: "Düşünürəm ki, kimin qazancı xarici valyutadadırsa, onlara istehlak kreditləri verilməlidir. O cümlədən, pensiyaçılara da qadağanın edilməsinin əleyhinəyəm. Onlara 15 min manata qədər kredit verirlər. Həmin vəsaitin maksimum həcmini azaltmaq və müddətini qısaltmaqla vermək olar.

İstehlak kreditləri götürən vətəndaşların sığortası icbariləşməlidir. Eyni məsələni pensiyaçılara da tətbiq etmək lazımdır. Yəni bu istiqamətdə həyat sığortası məcburiləşməlidir".

İqtisadçı deyir ki, banklarla bağlı müəyyən normativlərin sərtləşdirilməsi baş verə bilər. Məsələn, borc yükünün gəlirlərə nisbəti göstəricisi hazırkı 50 faizdən 40 faizə qədər düşə bilər. Lakin məhdudiyyətlər və sərtləşdirmələr bank sektoruna mənfi təsir göstərəcəyini bildirir: "Bankların kredit qoyuluşu azalarsa, onların gəlirlərinin azalmasına gətirib çıxaracaq. Nəticədə banklar dollarla olan əmanətlərini bir müddət dayandıra bilərlər. Xüsusilə, istehlak kreditlərinə qoyulan 1 aylıq məhdudiyyət uzanarsa, banklar bu addımı atmağa məcbur olacaq.

Real sektorda isə risklər çox olduğuna görə bu sahəyə kredit qoyuluşuna maraq azdır. Ona görə də, maliyyə çatışmazlığı ilə üzləşən banklar bazarı tərk edə, ya da birləşə bilərlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31