Banklar göz yaşlarına inanmır, nə etmək?
Kreditlərin valyuta ilə verilməsi
17 Mart 2016 13:13 İqtisadiyyatKonstitusiyaya zidd və vəzifədən sui-istifadədir
Mərkəzi Bankın sədri E.Rüstəmov azadlıq-az -a verdiyi açıqlamada üç milyon yarımdan çox insanın banklara borclu olduğunu bildirib. Belə çıxır ki, ölkə əhalisinin təxminən 26%-nin banklara borcu var. Mərkəzi Bankın 21 fevral 2015-ci il tarixdə manatın məzənnəsinin devalvasiyası ilə bağlı verdiyi qərarı cəmiyyətdə ikrahla qarşılandı. Dolların kursunun 78-79 qəpik olduğu bir vaxtda götürülən kreditin bu günə olan məzənnə ilə ödənilməsi vətəndaşların vəziyyətini ağırlaşdırdığından, hüquqi məntiq bunu rədd edir. MM 439.7-ci maddəsinin tələbinə görə ödəniş müddəti zamanı pul vahidinin dəyəri artmış və ya azalmışsa, valyuta məzənnəsi dəyişmişsə borclu ödənişi öhdəliyin əmələ gəldiyi vaxta uyğun dəyişən məzənnə ilə öhdəliyi yerinə yetirməlidir. Mülki Məcəllənin bu müddəası vətəndaşların mülki hüquq münasibətlərini bir qrup sindikatın maraqlarına qurban verir. Konstitusiya Məhkəməsinin MM 439.7 maddəsi ilə bağlı 14 may 2015-ci il tarixli qərarı "əhalinin maraqları nəzərə alınmaqla xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsini məqsədə müvafiq hesab etmişdir." Qərarın 6-cı bəndindəki "bankların maliyyə imkanlarından asılı olaraq" cümləsi əhalinin yox, bankların maraqlarına xidmət edir. Bu ifadə olmasaydı 14 may 2015-ci il tarixli qərarın 6-cı bəndi kredit götürülənlərin vəziyyətini yüngülləşdirə bilərdi. Kreditin valyuta ilə götürüldüyü 2010-2015-ci illərdə bağlanılan müqavilələrin ləğvi üçün şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi əsas verə bilən haldır. Hazırki vəziyyət fors majora - tərəflərin iradəsindən asılı olmayan səbəblərə görə yarandığından öhdəlik ləğv edilə bilər. Belə olan halda kreditorla borclu bir araya gəlib öhdəliyin icrası üçün hər iki tərəfi qane edə biləcək yekun nəticəyə gəlmək mümkündür. Hakimiyyətin mənbəyi olan xalqın vəziyyətinin ağırlaşdırılması bir növ Azərbaycan dövlətinin Konstitusiya üzrə ali məqsədinin həyata keçirilməsinə süni əngəl yaradır. Mərkəzi Bank Azərbaycan dövlətinin müstəsna mülkiyyəti kimi maliyyə, manat və valyuta məzənnələri, Konstitusion müddəanın həyata keçirilməsi sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etdiyindən bu məsələdə ciddi mövqe tutmalıdır. Ona görə də, məsələyə konstitusion müddəaların konteksində yanaşmaq lazımdır.
Əminliklə deyirəm ki, krediti alanlar həmin məbləği özünün fəaliyyət sahəsinə uyğun olaraq istifadə etsələr də, borcunu qaytarmaq üçün hər an və hər gün resurslar axtarışında olurlar. Amma, kredit verən də kredit alanın maliyyə qabiliyyəti və imkanları əsasında vəsaitin qaytarılması məsələsini araşdırdıqdan sonra krediti vermək barədə qərar verməliydi. Bankların valyuta ilə kredit verməsi isə konstitusiyaya zidd olduğu üçün bu sui-istifadədir. Azərbaycanın pul vahidi manat olduğu, əmək haqqının da manatla ödənildiyi təqdirdə niyə xarici valyuta müstəqil ölkəmizdə meydan sulamalıdır?
Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsində təsbit olunan: "Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin (!) ödəniş vasitəsi kimi işlədilməsi qadağandır"- ifadələrin mənasını başqa cür yozmaq olmaz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII bəndinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq vəziyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ-hüquqi aktların geriyə qüvvəsi yoxdur. "Normativ- -hüquqi aktlar hüquqa və haqq-ədalətə əsaslanmalıdır, bərabər mənafelərə və bərabər münasibətlərə söykənməlidir. Konstitusiyanın bütün qanunlara münasibətdə yüksək hüquqi qüvvəyə malik olması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən təmin edilməlidir" -maddəsinin tələbi də başqa səmtə yozula bilməz. Vəziyyəti və kredit götürənləri, həmçinin hakimləri çaşdıran Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin 14 may 2015-ci il tarixli qərarıdır. Konstitusiya məhkəməsi banklardan xarici valyuta ilə kredit götürən fiziki şəxsləri inandırmağa çalışır ki, MM 439.1, 439.2 və 439.7-ci maddələri konstitusiyanın 19-cu maddəsinin III hissəsinin tələbi ilə ziddiyyət təşkil etmir, xarici valyutadan sərbəst istifadəsini və əməliyyatların həyata keçirilməsini istisna etmir. Konstitusiya Məhkəməsi daha sonra qərarına hüquqi güc vermək və onu hüquqi məntiqlə cilalamaq üçün "Valyuta tənzimi haqqında", "Əmanətlərin sığortalanması haqqında" qanunları, MM-nın 135.1, 136-cı və digər maddələri rəhbər tutur. Bir qayda olaraq Konstitusiya Məhkəməsi Referendumla qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərə dair qərar qəbul edə bilməz!
Əvvələn: Azərbaycan Respublikasının Konstitusiyası referendumla qəbul edildiyindən, Azərbaycan xalqının iradəsini ifadə etdiyindən, bir az da obrazlı ifadə etsəm Prezidentin and içməsi zamanı səmavi kitab- Qurani Kərimlə bərabər əsas atribut kimi qəbul edilir. Yuxarıda sadalanan qanunlar Konstitusiya ilə nisbətdə "şah" və "peşka" səviyyəsindədir.
İkincisi; Konstitusiyanın 19-cu maddəsi şəhadət barmağını silkələyərək manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsini qadağan edir. "Qadağan edə bilər" yox, "qadağandır" ifadəsi imperativ şəkildə bəyan edilir. Konstitusiyanın 80-ci maddəsi isə yenə imperativ sürətdə hər birimizə səslənərək qeyd edir ki; "Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur". Düşünürəm ki, bu vaxta qədər xarici valyutada götürülən kreditlərin yüksək faizlə ödənilməsi yaranmış fors-major halına görə kredit götürənlərin cibinə girmək və etibardan sui-istifadədir. Konstitusiyanın 12-ci maddəsi Azərbaycan Dövlətinin ali məqsədini -insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini ehtiva edir. 71-ci maddə isə Konstitusiyada təsbit edilmiş - insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu kimi verilir. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədə olduğundan Konstitusiya məhkəməsinin Konstitusion müddəalardan başqa istinad etdiyi normativ hüquqi aktlar vətəndaşların hüquqi vəziyyətini ağırlaşdırdığına görə geriyə şamil oluna bilməz. Düşünürəm ki, buna vaxt sərf etməyə də dəyməzdi.
Çox maraqlı haldır ki, MM-nin 448-ci maddəsinin 4-cü bəndi "borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Yəni mövcud şəraitdə fiziki şəxslər tərəfindən öhdəliyin icra edilməməsi tərəflərin cavabdeh olmadığı haldan irəli gəldiyinə görə öhdəliyə (kreditin artan məzənnə ilə ödənilməsinə) xitam verilir və kreditor-banklar borcludan öhdəliyin icrasını tələb etmək hüququnu itirir. Bu, qarşısıalınmaz qüvvə, fövqəladə xarakterli (ictimai, siyasi maliyə xarakterli hadisə) hadisə kimi anlaşılmalıdır.(MM-nin 448 və 556-cı maddələrin şərhi)
Əslində bankın səlahiyyətli şəxslərinin (kredit zamanı) fiziki şəxslərlə pis niyyətlə razılığa gəlməsi, faiz dərəcələrində aldatmalar, sui-istifadələrlə bağlanmış müqavilələr mübahisə edilən əqdlərdir, əhəmiyyətsizdirlər. Bu barədə MM-nin 339-cu maddəsində qeydlər var. Hamımıza məlumdur ki, kreditlərin əksəriyyəti bank tərəfi üçün fayda götürmək məqsədini güdür, digər tərəf isə özü də hiss etmədən aldanaraq əqdi bağlamış olur. Bu halın özü, bir tərəfin nümayəndəsinin digər tərəflə (özünə bəlli olan) pis niyyətlə razılığa gəlməsi və yaxud ağır maddi durumda olan şəxsin vəziyyətindən digər tərəfin istifadə etməsi, vətəndaşların son dərəcə əlverişsiz şərtlərlə müqavilənin bağlanmasına məcbur olması və müqavilələrin ağır şərtlərlə bağlanılması kimi dəyərləndirilməlidir. Bütün hallarda bank tərəfi digər tərəfdən əsl həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə, həqiqətdən uzaq müəyyən hərəkətləri ilə həvəsləndirərək təhrik edir, yalan, reklam xarakterli elanlar verilir. Son 10 il ərzində sosial vəziyyətlərini yaxşılaşdırmaq məqsədi ilə vətəndaşların banklarla mülki münasibətlərdə olması işsizliyin artımına da təsir edir. Heç bir yerdə işləməyən və yaxud az əmək haqqı alan insanların əksər qismi krediti aldıqdan sonra onu qaytarmağa çalışsalar da, imkanları çatmır. Banklar isə "təki kredit üçün müraciət etsinlər" prinsipinə üstünlük verərək fəaliyyət istiqamətləri üzrə başqa vəzifələrini unudurlar. Banklar, yalnız kreditlə məşğul olmalıdırlarmı? - sualı cavabsız qalır. İqtisadçıların böhranı aradan qaldırmaq üçün verdikləri təkliflər ağlabatan deyil, vətəndaşları azdırmaqdır. Kredit verməyə zamin duran şəxsin həbs edilməsi isə hüquqi nihilizmdən xəbər verir. Ümumiyyətlə kredit verərkən "zaminlik" bankların uydurması və həddini aşması, korrupsiya əlamətidir. Çox təəssüf ki, bəzi hakimlər bu dəyirmana su tökürlər. Borclularla kredit müqaviləsinin bağlanılması zamanı tərəflərin əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi onun (dəyişdirilməsinə) ləğv edilməsinə əsas verir. Hətta tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması da şəraitin dəyişməsinə bərabər tutulur. Şəraitin dəyişməsi o dərəcədə gözlənilməz xarakter daşıya bilər ki, tərəflər onu görə bilməzdilər və yaxud görə bilsəydilər müqaviləni bağlamazdılar və ya onu dəyişəcək şəraitə münasib olan əhəmiyyətli dərəcədə fərqli şərtlərlə bağlayardılar və s. Vətəndaşlara təklif edərdim ki, banklara müqavilənin ləğvi, dəyişdirilməsi və yaxud heç olmasa valyutanın artan məzənnəsinin həddinə uyğun faizinin ləğvi, kreditin götürüldüyü dövr ərzində mövcud faizlə ödənilməsi ilə bağlı müraciət etsinlər, imtina cavabı aldıqdan sonra məhkəmələrə iddia qaydasında ərizələr göndərsinlər. Ədalətli hakimlər bu məsələdə vətəndaşlara kömək edəcəklər.
Şəmsəddin Əliyev
Hüquqşünas