Azərbaycan İKT sahəsinin genişləndirilməsi üçün böyük imkanlara malikdir
12 İyul 16:45 İKTİstiqamət: İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
Müasir dövrdə informasiya və kommunikasiya texnologiyaları (İKT) cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib. Onların təsir dairəsı dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti və bütövlükdə insanların həyat tərzini əhatə edir. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr informasiya və kommunikasiya texnologiyalarının verdiyi üstünlüklərdən faydalanırlar. Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur. Ancaq o da faktdır ki, informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və demokratiyanın inkişafının əsas göstəricilərindəndir. Dünya bazarında elektron ticarətin rolunun artdığı müşahidə olunur və ümumiyyətlə, gələcəkdə ölkələrin rəqabət aparmaq qabiliyyəti onların informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadəsindən asılı olacaqdır. Dünya təcrübəsi göstərir ki, informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına xidmət edir və məhz bu texnologiyalar əhalinin sosial-iqtisadi vəziyyətində mövcud olan problemlərin həll olunması və yoxsulluğun azaldılması üçün tutarlı vasitələrdəndir.
Son illərdə Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarından istifadə sahəsində müəyyən addımlar atılıb, bir sıra sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılıb və ümumiyyətlə, bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. Məhz bu səbəbdən ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya və rabitə sahəsindəki inkişaf səviyyəsinə görə iqtisadiyyatın digər sahələri ilə müqayisədə daha qabarıq şəkildə nəzərə çarpır. Mövcud informasiya və rabitə sahələrinin intensiv və yüksək səviyyədə inkişafını, yeni xidmət növlərinin, o cümlədən mobil telefon rabitəsinin, internetin ölkəmizdə təşəkkül tapması və genişlənməsi ilə səciyyələndirmək olar.
Bu gün Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyaları sahəsindəki fəaliyyət ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə uğurla davam etdirilir. Ulu Öndərin 2003-cü ildə təsdiq etdiyi "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" bu istiqamətin ölkəmiz üçün vacibliyini və əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd olmuşdur. XXI əsrdə Azərbaycanda informasiya cəmiyyətinə keçid və onun qurulması, elektron hökumətin formalaşdırılması və intellektual potensialın inkişafı sayəsində neft sektorundan sonra prioritet sahə hesab olunan informasiya və kommunikasiya texnologiyaları sahəsi ölkənin sosial-iqtisadi həyatına son illər daha ciddi nüfuz etmişdir. Müasir dövrdə və gələcək perspektivdə İKT-nin əhəmiyyəti ön plana keçir. Müasir rabitə və informasiya texnologiyaları, ölkənin hərtərəfli inkişafı, əhalinin intellektinin yüksəldilməsi, həmçinin dünyada baş verən inteqrasiya proseslərinə daha aktiv cəlb olunması istiqamətində respublikamızın qarşısında yeni imkanlar açır. Təsadüfi deyil ki, hələ 2003-cü il dekabrın 10-12-də Cenevrədə BMT və Beynəlxalq Telekommunikasiya ittifaqı tərəfindən İnformasiya Cəmiyyəti üzrə keçirilən Ümumdünya Sammitində Prezident İlham Əliyev nitq söyləyərək Azərbaycanda İKT-nin inkişaf etdirilməsi sahəsində dövlət siyasətinin əsas prinsipləri və Milli fəaliyyət Proqramının başlıca istiqamətlərindən bəhs edib. Məhz sözügedən Milli fəaliyyət Proqramı çərçivəsində respublikada rabitə və informasiya texnologiyaları sahəsinin inkişafının sürətləndirilməsi, bu sahə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilərək Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğunlaşdırılması, telekommunikasiya və poçt xidmətləri bazarının daha da liberallaşdırılması və özəl sektorun inkişafı məqsədilə mühüm işlər görülüb. Konkret olaraq 2004-cü ildə "Poçt rabitəsi haqqında", "Elektron imza və elektron sənəd haqqında", 2005-ci ildə "Telekommunikasiya haqqında", "Elektron ticarət haqqında" Azərbaycan Respublikasının Qanunları qəbul olunub. Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı" ("Elektron Azərbaycan") təsdiq edilib. Gənclərin yüksək intellektə sahib olması, dünyada baş verən yeniliklərə və elmə malik olması üçün ümumtəhsil məktəblərinin kompüterləşməsi layihəsi həyata keçirilib.
Ölkəmizdə enerji sahəsindən sonra informasiya texnologiyaları daha çox inkişaf etmiş qeyri-neft sektorudur. Regionun ən dinamik inkişaf edən ölkəsi kimi Azərbaycan bu gün İKT sahəsinin genişləndirilməsi üçün böyük imkanlara malikdir. Cəmiyyətimiz bu imkanlardan maksimum bəhrələnərək, dünya birliyinə inteqrasiyanı özünün ən başlıca vəzifəsi kimi görür. İnformasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması strateji məqsədləri ilə əlaqədar "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 04.11.2008-ci il tarixli Sərəncamının, habelə 17 avqust 2009-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülüb. Dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin təşkilinə və vətəndaşların dövlət orqanlarının göstərdiyi elektron xidmətlərdən "bir pəncərə" prinsipi əsasında istifadəsinə şərait yaratmaq məqsədilə www.e-gov.az "elektron hökumət" portalı yaradılaraq istifadəyə verilib. Hazırda "elektron hökumət" portalına onlarla dövlət orqanının informasiya sistemləri qoşulub və bu qurumların yüzlərlə elektron xidmətinin portal vasitəsilə həyata keçirilməsi təmin olunub. "Elektron hökumət" şlüzü dövlət orqanlarında mövcud olan informasiya sistemlərindən səmərəli istifadəni təşkil etməyə, onların arasında təhlükəsiz əlaqələrin yaradılması, sorğuların verilməsi, cavablandırılması və elektron xidmətlərin göstərilməsi zamanı informasiya sistemlərində mövcud olan sənədlərin vətəndaşlardan istənilməməsinə imkan verir.
"Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının dövlət orqanları üçün internet şəbəkəsi seqmentinin yaradılması, saxlanılması və inkişafının təmin edilməsi dövlət orqanlarında internet informasiya resurslarından istifadəyə diqqəti artırıb və daha yüksək səviyyəyə yüksəltməyə imkan yaradıb. Hazırda mərkəzi icra hakimiyyəti orqanlarının təqribən hamısı, yerli icra hakimiyyətləri əsasən, yerli özünüidarəetmə orqanlarının isə bəziləri internet informasiya resurslarına malikdirlər və onlardan əhalini məlumatlandırmaq, xidmətlər göstərmək üçün istifadə edirlər. 2000-ci ildən dövlət qurumları "gov.az" domenindən istifadə edirlər və bu informasiya resurslarının sistemli qaydada təşkilinə və istifadəsinə şərait yaradır. Artıq elektron vergi bəyannamələrinin təqdim edilməsi, abituriyentlərin və magistrlərin qəbul imtahanlarına, dövlət qulluğuna qəbul ərizələrinin verilməsi, seçici siyahılarının dəqiqləşdirilməsi, elektron sağlamlıq kartlarının tətbiqi, elektron məktubla müxtəlif dövlət orqanlarına müraciətlərin edilməsi, məlumatların alınması həyatımızın reallığıdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli Fərmanına əsasən yaradılmışdır. Dövlət Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasında "ASAN xidmət" mərkəzlərinin vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Mövcud informasiya və rabitə sahələrinin intensiv və yüksək səviyyədə inkişafı, yeni xidmət növlərinin, o cümlədən mobil telefon rabitəsinin, internetin ölkəmizdə təşəkkül tapması və genişlənməsi ilə səciyyələnir. XXI əsrdə Azərbaycanda informasiya cəmiyyətinə keçid və onun qurulması, elektron hökumətin formalaşdırılması və intellektual potensialın inkişafı sayəsində neft sektorundan sonra prioritet sahələrdən biri hesab olunan informasiya və kommunikasiya texnologiyaları sahəsi ölkənin sosial-iqtisadi həyatına son illər daha ciddi nüfuz edib.
Bu günlərdə Prezident İlham Əliyev tərəfindən imzalanan Elektron Rəqabət İnformasiya Sisteminin (ERİS) yaradılması haqqında fərman da bu məqsədə xidmət edir. Fərmana əsasən, ERİS rəqabət və istehlakçıların hüquqlarının müdafiəsi sahələrində istehlakçıların və bazar subyektlərinin müraciətlərinin (vəsatətlərinin) qəbulunu, emalını, onlara əlavə edilməli olan sənədlərin və ya məlumatların real vaxt rejimində digər dövlət orqanlarından (qurumlarından) sorğu əsasında əldə olunmasını, həmin müraciətlərə (vəsatətlərə) dair qərarların və məlumatların elektron qaydada təqdim edilməsini, habelə qeyd olunan sahələrdə məlumatların istifadəçilər üçün əlçatanlığını təmin edəcək. Göründüyü kimi ölkədə informasiya kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi dövlətin prioritetləri sırasındadır.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.