Hüseyn Cavidin "Azər" poemasının təhlili - Sona Vəliyeva yazır
18:20 SosialSONA VƏLİYEVA
"Azər" poemasında monoloq və dialoqun vəhdəti
Hüseyn Cavidin şeir yaradıcılığında dramaturgiyaya keçidin aşkar və ya gizli əlamətləri olduğu kimi, dramaturgiyaya aid elementlərin də onun lirikasına təsiri aydın hiss edilməkdədir. Bunun ən bariz nümunəsi romantik sənətkarın 1926-cı ildə qələmə aldığı "Azər" poemasıdır. "Ümumiyyətlə, hansı janrda, hansı formada yaranmasından asılı olmayaraq, "Azər"in varlığı Cavid yaradıcılığında bir təsadüf deyildir" (83, 235).
"Azər" qələmə alınanda artıq Hüseyn Cavid tanınmış və şöhrətli dramaturq idi və professor Kamran Əliyevin yazdığı kimi: "İki il istisna olmaqla 1930-cu ilə qədər bütün teatr mövsümləri H.Cavidin müxtəlif səhnə əsərləri ilə açıldı" (72, 13). Bu mənada "Azər" poemasında dramaturji elementlərin müşahidə olunması heç də təsadüfi deyildir.
H.Cavidin milli istiqlal arzuları, gələcəklə bağlı müstəqillik düşüncəsi 1920-ci ildə işğal olunan Azərbaycan Xalq Cümhuriyyəti ilə birgə zəifləyir. Müəllif romantizm üslubunun zərif duyğulu əhvalı ilə Azərin düşüncələrini o dövrün senzurasından məharətlə yayındıra bilir. Azərin düşüncəsində bütün inkişaf və tərəqqi xəttinin yüksəlişi örtülü şəkildə olsa da, gələcək istiqlalla bağlanır. "Azər" poemasında ayrı-ayrı hissələrdə hadisələrin bir qəhrəman ətrafında vahid süjet xəttində cəm edilməsi həm də H.Cavidin qələminin daha da püxtələşməsindən xəbər verir.
Azər, əslində, H.Cavidin özüdür. Bir vaxtlar H.Cavid "üsuli-cədid" - dünyəvi məktəbdə təhsil alaraq daxilində baş qaldıran Yer və kainat, insan taleyi ilə bağlı qəlbində dolaşan sualların cavabını tapmaq üçün isə mənalı ömrünün bir neçə ilini Təbriz Talibiyyə mədrəsəsində təhsilə sərf etmişdir. Bu, təsadüfi deyildi. Eyni zamanda, H.Cavid elmi, tədrisi dərin mənəviyyatla uzlaşdıraraq kamilliyə gedən yolun səyyahı kimi həm də İstanbula üz tutmalı idi. "Azər"i yazmamışdan öncə elm-irfan mücahidlərindən, mürşidlərdən dərs alıb, "tam bir mürşid kimi" əbədiyaşarlıq, ölməzlik qazanaraq - "Cavid" olub Vətənə qayıdacaqdı. H.Cavid həqiqət və məhəbbət axtarışını Azər obrazı ilə tamamladı. Şəxsi kamillik ona milli məfkurənin təkmil dərk edilməsinə və gələcək nəsillər üçün onu ideoloji cəhətdən işləyib-hazırlamağa kömək etdi.
Dramaturqun "Ana", "İblis" və "Peyğəmbər" pyeslərində rast gəldiyimiz bir çox obrazlarla poemada yenidən tanış oluruq. Bunlar Səlma, İxtiyar və Şəmsa surətləridir. Səlma "Ana" pyesində baş qəhrəmandır və son dərəcə mərhəmətli, humanist bir insan kimi yadda qalır. İxtiyar "İblis" pyesindəndir və adına uyğun olaraq müdrik bir obraz səciyyəsi daşıyır. Şəmsa isə dramaturqun "Peyğəmbər" pyesində Peyğəmbərə eşq elan eləyən bir şərqlidir. Hər halda, bu üç obrazın poemada ifadə olunan xüsusiyyətləri pyeslərdə əks etdirdiyi xüsusiyyətləri ilə tam üst-üstə düşməsə də, onların adlarının "Azər" poemasında təkrarən işlədilməsi təsadüfi deyil və şübhəsiz, müəllifin bilərəkdən istifadə etdiyi bir bədii üsuldur.
"Azər" poemasının dramaturji elementlərlə əlaqəsi daha çox poemadakı monoloq və dialoqlarla bağlıdır. Monoloqlar ilk növbədə Azərin düşüncələrinin bədii ifadə formasıdır. Bəs Azər nə barədə düşünür? Onun düşüncələri şəxsi məsələlərə deyil, daha çox ictimai mətləblərə yönəlmişdir.
H.Cavid dünyəvi biliklərlə fəlsəfi təlimləri uzlaşdıraraq Azərin simasında elə bir qəhrəman obrazı yaradır ki, bu obraz özündə türkçülüyü, azərbaycançılığı və soydaşları üçün vacib olan digər keyfiyyətləri ilahi istedad və məhəbbətlə vəsf edə bilir.
Tanrı hökmü ilə Məhəmmədin peyğəmbər seçilməsi, Şeyx Sənanın İlahi eşq yolunda Məcnun olması, Alp Arslanın, Məlikşahın taleyi, Malazgird döyüşündəki tarixi qələbə, yerin-göyün elmi və irfani dərkinə fəlsəfi yanaşan Xəyyamın taleyinə qədər H.Cavid fikir və düşüncə səyyahı kimi axtarışdadır. Bu axtarış yolunda Şərqdən Qərbə uzanaraq təkmilləşən düşüncə 1926-cı ildə Qərbə - Almaniyaya real səfər zamanı H.Cavidə "Azər" adlı möhtəşəm əsəri yazdıracaqdı.
Düşkün bəşərin fəryadı və cəmiyyətin keçirdiyi dərin bir böhran Azəri daha çox narahat edir. Eyni zamanda, Azər öz düşüncələrində romantik qəhrəmandır:
Azər daha çoq zevq alır aydın gecələrdən,
Hətta sarışın Ay ona gülmüşdü bir aqşam.
Gülmüşdü bulutlar arasından süzülərkən,
"Hürr il!" deyə qəlbində doğurmuş yeni ilham.
Artıq o sönük çərçivə Azəri sıqmış,
Səyyah olaraq Ayla bərabər yola çıqmış (28, 173).
Azərin son dərəcə səciyyəvi monoloqlarından biri poemanın "Yaşamaq və yaşatmaq" hissəsindədir. Bu monoloq Azərin gerçəkliyə münasibətini, dünyaya fəlsəfi baxışını da mükəmməl şəkildə ifadə edir. Hər halda, Azər burada naşı bir gənc kimi deyil, müdrik bir filosof kimi görünür. Belə ki, monoloqun əvvəlində Azər qoca dünyanı ittiham edir:
Hey, qoca dünya, hey! Səndə nələr var!?
Hər gələn səni bir başqa şey sanır.
Kimi bir bataqlıq deyə xor baqar,
Kimi ifritə der deyə aldanır (28, 224 ).
Monoloqun sonunda Azərin həyata nikbin baxışı da bədii şəkildə öz ifadəsini tapmışdır:
İnsan pək tühafdır, o hər şey yapar,
Onda yaşamaq da, yaşatmaq da var.
"Yaşatmam, yaşarım" deyən səfillər
Qan içən vəhşilər yolunu izlər (28, 225 ).
Həm bədbinlik və kədər, həm də nikbinlik və xoş gələcəyə baxış Azərin təbiəti üçün səciyyəvidir. Bu cəhət onu romantik qəhrəman kimi də təsdiqləmiş olur. Real motivlərin inikası baxımından "Azər" poemasında iki istiqamət özünü göstərir: "Birincisi, H.Cavid real şəkildə şahidi olduğu hadisələri və özünün də bilavasitə içərisində olduğu mühiti şair təxəyyülünün süzgəcindən keçirərək təsvir edir. İkincisi, H.Cavid bu hadisələr haqqında Azərin dili ilə öz şəxsi mülahizələrini, düşüncələrini çatdırır. Hər iki halda hadisələrin mərkəzində şairin yaratdığı Azər obrazı dayanır" (82, 119).
Azər düşünür....
Onun düşüncəsi şəxsi məsələləri yox, dünyanın, tarixin və bəşəriyyətin problemlərini əhatə edir. Azər həm də vətəndaş kimi düşünür. Hətta tədqiqatçılardan biri Kor Qəhrəmanı nəzərdə tutaraq yazır ki, Azər "onunla sirdaş olur" (88, 45).
"Azər" poeması yazılanda Azərbaycan altı il idi ki, öz istiqlalının işğal taleyini yaşayırdı. Keçmişi təhlil etməklə, gələcəyi düzgün, yenidən müəyyənləşdirmək üçün düşünməyə ehtiyac vardı... Azərin özüylə dialoqu təsiri bağışlayan romantizmə məxsus bu ədəbi üsulda H.Cavid, əslində, öz düşüncələrini nümayiş etdirir. İnsan öz içi ilə həmsöhbət ola bilmirsə, çox kasıb və tənha adamdır, Cavid - Azər əvvəl öz "mən"i ilə qəlbində məsələləri təhlil edir, həllinə yol axtarır və tapır da...
Gənc ikən filosofanə fikirlər söyləmək kamillərə məxsusdur. Cavid Azər olmazdan çox əvvəl "Qoca bir türkün vəsiyyəti"ndə bütün türk dünyası üçün tarixi mahiyyət kəsb edən vəsiyyət və nəsihətlərini əbədi olaraq sənədləşdirmişdi. Düşünmək isə davam edir...
Yeni dialoqlar, monoloqlar təşviq gücünə yüksəlincə düşünmək lazımdır...
"Azər" poemasında "Səlmanın səsi" adlı hissədə Səlmanın da monoloqu verilmişdir. Səlmanın monoloqu cəmiyyətdə müşahidə olunan eybəcərliklərlə yanaşı, şəxsi narazılıqları da əks etdirir və bir növ onlara etiraz kimi səslənir. Günəşi ləkəli, vicdanları kölgəli, imanları şübhəli görmək və eyni zamanda yaralı könlünü tikanların deşməsi, cavan ömrün fəryad içində keçməsi həmin etirazın əsası olmuşdur. Səlma bununla da kifayətlənməyib etirazının məhz daha çox ictimai xarakter daşıdığını nəzərə çarpdırır:
Altın əsiridir hər irzü namus,
Yoqsullara gün yoq, ya məhv ol, ya sus!
Hər kəs insanlıqdan dəm vurur, əfsus!
Həp yalan, təməlsiz bir sevda imiş (28, 256).
Poemadakı Qadın obrazının da monoloqu ictimai narazılığı ifadə edir. Ancaq burada bir mühüm cəhət də vardır ki, bu da həmin narazılıqların bəşəri kədər səviyyəsinə qalxmasıdır:
Sorma, azğın bəşərin zülmüylə
Şu keçən qavğada bəxtim döndü,
Var-yoqum yandı, çıraqım söndü.
Çarpışarkən quduran millətlər,
Bizi məhv etdi ağır dəhşətlər (28, 246).
"Azər" poemasında monoloqlarla müqayisədə dialoqlar daha geniş yer tutur. Poemadakı 15-ə qədər dialoq əsərdə dramaturji elementlərin daha geniş şəkildə iştirakının sübutudur. Həm də bu dialoqlar öz struktur məzmunu ilə açıq-aydın görünməkdədir. Bu dialoqların bəziləri poemanın aparıcı qəhrəmanı olan Azər obrazı ilə bağlıdır. Buraya Azərin rəssamla, kitabı itən sarışın qızcığazla, məsciddə Şeyxlə, 7 tamaşaçı obrazla, dilənçi ilə, kor neyzənlə, bir ixtiyar və bir gənclə, Köylülər və İxtiyarla, Gənc və Müfəttişlə dialoqları daxildir.
Azərin rəssamla dialoqu dəniz sahilində baş verir. Bir rəssam onun rəsmini çəkmək istəyir və Azərin razılığından sonra çəkir. Amma rəsm əsəri Azər üçün çox soyuq və cansız görünür və o, bu fürsətdən istifadə edərək rəssama əsl sənət haqqında öz fikirlərini söyləyir:
İncəsənət dеdiyin pək tənnaz
Bir gözəl qız ki, çabuq ram olamaz.
Başqadır ondakı həşmət, əzəmət,
Bir təsadüflə yaqın gəlməz, əvət.
Bəlkə, yıllarca dayansan nazına,
Sadə, bir kərrə gülümsər o, sana.
Yoqsa əzmində əgər səbrü səbat,
Boş əməkdir çəkiyorsun, hеyhat!.. (28, 177)
Azərin rəsm tablosuna əsasən sənət haqqında söylədiyi bu maraqlı fikirləri Hüseyn Cavidin özünün sənət haqqında olan mülahizələri də hesab etmək olar. Xüsusilə incəsənətin gözəl qızla müqayisəsi H.Cavidin romantik sənətə olan münasibətinin ifadəsi deməkdir.
Azərin kitabı itən sarışın qızla dialoqu onun elmə münasibətini ifadə edir. Azər itmiş kitabın əvəzində ağlayan qıza pul verir ki, gedib yeni bir kitab alsın, elm öyrənsin:
Hiç məraq еtmə, quzum, iştə para,
Sağalır еlm ilə hər türlü yara.
Oqşayıb Azər onun saçlarını,
Dеdi: "Gеt, bilgi al, öyrən yarını" (28, 178).
Azərin Şeyxlə dialoqu isə məktəb və təhsil məsələlərinə yönəlmişdir. Azər məscidin minbərindən camaata yalanlar söyləməkdən yorulmayan Şeyxlə üz-üzə gəlir. Şeyxin hədələrinə baxmayaraq, etdiyi fırıldaqları cəsarətlə onun özünə deyir. Sonra isə Azər camaata üz tutub əsas məqsədini belə ifadə edir:
Gönlünüz cənnət istiyorsa əgər,
Şеyximiz başqa nəğmə bulmalıdır.
Mütəvəkkil duran şu məbədlər
Həp kütübxanə, məktəb olmalıdır.
O zaman fəzlü mərifət günəşi
Ölgün, azğın cihanı həp süslər.
Şu sönük toprağın bulunmaz еşi,
Qurulur hər bucaqda cənnətlər (28, 184).
Hər millətin tərəqqisi məktəbdən, elmdən başlayır. Təsadüfi deyil ki, pul, sərvət bolluğu içərisində donub-qalan, səhranın hər qarışından neft axan ərəb dünyasının şöhrət hərisliyi elmə sahiblənməyə yol vermədiyindən Tanrının verdiyinə sahib çıxmaq iqtidarında da deyil. Ərəb sərvətlərinin yarısından çoxu xarici dövlətlər tərəfindən göz görə-görə mənimsənilir.
Yaponiya, Koreya kimi dövlətlərsə elmi-texniki inkişafın tərəqqisinə görə bütün dünyanı geridə qoyur. Azər də dünyanın gələcək inkişafının məhz elmdən qüdrət tapacağını əsərdə əminliklə qeyd edir, gələcəyimizin xilasının elm, tədris ocaqlarının inkişafında olacağına inanır.
Poemanın "Əsgərlər təlim edərkən" hissəsində Azərin əsgərlərin təliminə baxan tamaşaçılarla danışığı müharibə və sülh məsələsinə həsr edilmişdir. Azərin müharibə və sülh məsələsinə dair fikirlərini H.Cavidin "Müharibə və ədəbiyyat" məqaləsində, "İblis" faciəsində ifadə olunan ideyaların davamı kimi də başa düşmək olar.
Həmin hissədə əsgərlərin təlimini görən tamaşaçılar ayrı-ayrılıqda öz mülahizələrini bildirirlər. Birinci tamaşaçının ağlına ölüb-öldürmək hissi gəlir, İkinci tamaşaçı bu təlimlərdə cəlladlıq görür, Üçüncü tamaşaçı bəşəriyyət üçün əbədi sülh arzulayır, Dördüncü tamaşaçı söyləyir ki, nə qədər zalım varsa, zülm də var, Beşinci tamaşaçı ən böyük yanğınların - fəlakətlərin bir qığılcımdan törənə biləcəyini dilinə gətirir, Altıncı tamaşaçı bəşərin şərindən qurtulmaq üçün uçmaq istəyir, Yeddinci tamaşaçı isə dərviş olub bütün bu hadisələrdən uzaq gəzmək niyyətindədir. Bütün bunların müqabilində ən maraqlı fikri Azər özü söyləyir:
Dеdilər: "Zülmə qarşı durma, əyil!"
Dеdilər: "Hərbə qoş: ya əz, ya əzil!"
Bən dеrim: "Həpsi laf, inanma, saqın!
Rəhbər olsun da qüvvətin, ağlın.
Yеri gəldikdə sülh için çabala,
Öylə yеr var ki, hərbi alqışla.
Quzu gördünmü sеv, o, kin bilməz;
Canavar qarşı gəlsə, parçala, əz" (28, 188).
Bu fikirlərlə Azər bir tərəfdən müharibə dəhşətlərinin, qan tökülməsinin əleyhinədir, digər tərəfdən də haqq üçün vuruşub-çarpışmağın tərəfdarı kimi çıxış edir. Hər halda, Azər zəka və idrak sahibi kimi öz müstəqil fəlsəfi düşüncələri ilə yadda qalır.
H.Cavidin "Azər" poemasında yaratdığı süjet strukturu, personajlar qalereyası oxucunu heyran edir. Bu poemada incəsənətin tamaşaçıda oyatdığı yüksək bədii-estetik təəssüratlar həyat və dünya, insan və cəmiyyət problemləri, qadın və onun cəmiyyətdəki mövqeyi, elmə və məktəbə münasibətdən sonra dünyanı eybəcərliyə sürükləyən dağıdıcı, məhvedici müharibələrə münasibətində oxucuda tam bir kamil filosof təsiri yaradır. Ustad sənətkar bu poemada da öz yaradıcılıq üslubuna, yəni təsəvvüf romantizminin yaradıcısı olmaq amalına sonadək sadiq qalır. Dilənçiyə dönən milyonçu ilə söhbətinə qədər aylı gecədə romantik zövqlə "Hürr-il" deyib düşünən Azərin həyatı reallıqla bərabər, romantizmi, özü də təsəvvüf romantizmini özündə ehtiva edir. Keçmişdə bir çox tənqidçilər H.Cavidin inqilabı qəbul etdiyini isbat etməyə çalışırdılar. Əslində isə, H.Cavid inqilabı qəbul etmirdi və həmişə əsərlərində gələcək istiqlalla bağlı ümid işığı yandırmağa çalışırdı.
H.Cavid inqilabı heç vaxt qəbul edə bilməzdi. Ona görə ki, onun istiqlal arzuları işğal olunmuşdu. Türkçülük məfkurəsinə sadiq qalaraq onun sovet ideologiyası ilə əvəz olunmasının dərin kədərini yaşayan H.Cavid "xalqı əfsunlayan", "əxlaqı sönük cühəlaya", "meymunluq edən rəhbərlər"ə qarşı ikrah hissi ilə Azərin düşüncələrini belə dilə gətirir:
Ne acaip sürü, yahu, bunlar,
Önde rehberlik eder maymunlar.
Cühela ilm, fazilet satıyor,
Halkı afsunlayarak aldatıyor.
Kendi ahlakı sönükken hepsi
Yeltenir vermeğe ahlak dersi.
Sade minberde değil, çok yerde
Göz boyar hep şu karanlık perde.
Hangi bir sarhoşu söylettim, inan
Bahs eder gördüm, o hüşyarlıktan.
Nerde beş gölge görür ördekler
Başlayıp nutka hemen saz kökler.
Raksi talim ediyor aksaklar,
Azamet düşkünüdür alçaklar.
Zevke bigane sefiller bol-bol
Şerü sanatta arar bir yeni yol
Sadedil, hisse uyan abdallar
Hep siyasi kesilip at nallar.
H.Cavid işğalçı sovet rejiminə qarşı beləcə üsyan edirdi. Elə bu poemada da təbiət mənzərəsindən istifadə etməklə H.Cavid indiki "aylı gecələr"in gələcəkdə qazanılacaq günəşli sabahına, istiqlal ideyasına, hürr və azad olmaq düşüncəsinə olan ümidləri milli yaddaşlara kod olaraq ötürürdü.
Poemada Azərin vaxtilə milyonlara sahib olub, indi kimə gəldi əl açan, dilənən bir obrazla dialoqu da var ki, bu söhbətdə Azər iş görməyə, zəhmətlə çörək qazanmağa çağırış eyləyir. Azərin nəzərində əvvəlcə bir torba ətə, indi isə skeletə oxşayan keçmiş milyonçu dilənçiliyi özünə rəva bilir, amma heç cür çalışmaq istəmir, belə bir inadkarlıq onun ən böyük bəlasıdır:
Gеt qazan, şimdi də iş var, para var,
Çalışır şimdi də başlar, qollar.
Həp əməkdən çıqıyorkən ətmək,
Böylə arsızca dilənmək nə dеmək? (28, 217)
Azərin bu sözləri yalnız müflisləşmiş milyonçu üçün deyil, həmçinin faydalı iş görmədən, heç bir əmək sərf etmədən gün keçirmək istəyən bütün insanlar üçün nəzərdə tutulub. Bu fikirləri Hüseyn Cavidin öz fikirləri kimi də qəbul etmək olar.
Azərin kor neyzənlə (28, 218), bir ixtiyar və bir gənclə (28, 224), Köylülər və İxtiyarla (28, 261-262), Gənc və Müfəttişlə (28, 267-268) olan dialoqları da dövrün tələbləri ilə bağlı məsələlərə həsr edilmişdir. Həmin dialoqlarda əxlaq məsələlərindən başlamış mənəviyyat aləminin müxtəlif cəhətləri əks etdirilmişdir.
"Azər" poemasında başqa dialoqlar da vardır ki, onların bir qütbünü məhz qadınlar təşkil edirlər. Üç qadın obrazının (28, 194), Qadın və Zabitin (28, 198), Çocuq və Anasının (28, 227-228), Köylü və Qadının (28, 245-246) iştirakı ilə formalaşan dialoqlar poemanın strukturunda müəyyən yer tutur. Həm də bütün bunlar H.Cavidin dramatik əsərlərində olduğu kimi, lirikasında da qadına yüksək qiymət verməsinin aydın təzahürüdür. Bütün bunlar sübut edir ki, H.Cavidin pyesləri ilə poeziyası arasında poetika baxımından qarşılıqlı əlaqələr mövcuddur. Eyni zamanda, bu qarşılıqlı əlaqələr H.Cavid sənətinin vahid bir sistem əsasında formalaşmasının nəticəsidir