Tükənən bombardirlər: Yaxşı ki, Nildoyla Sxadadze var

Topaz Premyer Liqasında bombardirlik keyfiyyətlərini sabit nümayiş etdirən hücumçuların çatışmazlığı hiss olunur. Apasport.az saytının məlumatına görə, ötən mövsümlə müqayisədə ən məhsuldar hücumçuların siyahısında ciddi dəyişikliklərin olması, belə deməyə əsas verir.

2012/13 mövsümündə ən çox qol vuran 10 futbolçudan yalnız ikisi yenə az-çox bacarığını göstərir. Digərlərinin taleyi isə fərqli olub.
Ötən çempionat 26 qolla hamıdan öndə olan Nikolas Kanales "Neftçi"ni tərk etsə də, onun izləyiciləri yenə çempionatımızda çıxış edib. Lakin onlar əvvəlki məhsuldarlığını qoruya bilməyiblər.
Onlardan yalnız ikisi - Baçana Sxadadze ("İnter") və Junior Nildo (AZAL/"Xəzər Lənkəran") nisbətən qol vurmaq bacarığını yadırğamadığını göstərir. "İnter"in gürcüstanlısı 8 qolluq göstəricisini artırmağa nail olub. Sxadadze cari mövsümdə 13 dəfə fərqlənib. AZAL-da 21 qol vuran Nildo isə əksinə, "Xəzər Lənkəran"da qol sayında 8-ə qədər enib.
2012/13 mövsümündə "Top-10"da yer alan digər 7 futbolçu isə 32 turda 8 qol (yəni hər oyuna 0,25) həddinə də çatmayıb. "Rəvan"ın 14 qoluna imza atmaqla ötən mövsümün 3-cüsü olan Xuan Manuel Varea bu dəfə cəmi 1 qol vurub. 12 qolla 5-ci olan Salif Ballo da cari mövsüm cəmi 1 dəfə fərqlənib. Malili bu müddətdə "Turan"ı "Simurq"a dəyişib.
Həmin siyahıda 13 qolla 4-cü olan Riçard Almeyda artıq "Qarabağ"ın əsas qol silahı deyil. Həmyerlisi Reynaldo Silvanın kölgəsinə çəkilən braziliyalı bu mövsüm 6 qolun sevincini yaşayıb.
"Sumqayıt"ın milliləşən legioneri Pərdis Fərzad-Azad ötən mövsüm 9 qolla 6-cı olmuşdusa, indi cəmi 5 dəfə fərqlənib. Hərəyə 8 qol vurmaqla "Top-10"da yer alanlardan yalnız Sxadadze özünü yenə yaxşı tərəfdən göstərib. Mindauqas Kalonas 7, Viktor İqbekoyi 6 qolla bir mövsüm əvvəlki göstəricisinin yaxınlığında qərarlaşıb. Arxada qalan çempionatda AZAL üçün 8 qol vuran Zohair Benouahi isə "Xəzər Lənkəran"da keçirdiyi cari mövsümdə rəqib qapılarının yolu itirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31