Adrian Skarlatake: O, ağır oyunların yükünü qaldıra bilmir - MÜSAHİBƏ

"Xəzər Lənkəran"ın müdafiəçisi Adrian Skarlatakenin apasport.az saytına müsahibəsi

- Topaz Premyer Liqasının XXX turunun "Bakı" ilə oyununda ilk yarıda 2:0 hesabı ilə öndə olsanız da, sonda qələbəni əldən verdiniz...

- Yaxşı oyun oldu. Düzdü, hesabı qoruya bilmədik. Amma 2:2 hesablı nəticəni pis saymaq olmaz. "Qəbələ" ilə ölkə kubokunun yarımfinal görüşü öncəsi yaxşı nəticə idi.

- Komandanız hakimin bəzi qərarlarından narazı qalmışdı. Baş hakim Ramil Diniyevin idarəçiliyini siz necə dəyərləndirirsiniz?

- Bu haqda danışmaq istəmirəm. Hər kəs onun idarəçiliyini gördü. Onun bərbad idarəçiliyi mənim problemim deyil.

- Hər halda, 62-ci dəqiqədə sizi meydandan qovaraq, qapınıza penalti təyin etdi...

- Həm qırmızı vərəqə, həm də penalti doğru qərar idi. Mən meydandan öz səhvimə görə qovulub, 11 metrlik cərimə zərbəsinə səbəb oldum. Hakim həmin epizodda doğru qərar vermişdi. Ona etirazım yoxdur.

- "Xəzər Lənkəran" daha çox  birinci penaltiyə etiraz edir. Sizcə, həmin epizodda 11 metrlik cərimə zərbəsi var idi?

- Bilmirəm. Ona lazım olan adamlar qərar verəcəklər.

- 2 gündən sonra sizi mövsümün ən vacib oyunlarından biri gözləyir. "Qəbələ"ni səfərdə məğlub edə biləcəksiniz?

- Doğurdan da bizim üçün çox vacib matçdır. Bu oyunda ancaq qələbə qazanmalıyıq və iki oyunun nəticəsinə görə finala getməliyik. Mövsümü yaxşı başa vurmaq üçün bizə kuboku qazanmaq vacibdir. Bütün mövsümün uğursuzluğunu bu kubokla unutdura bilərik.

- Bəs buna nail ola bilməsəz?

- Bu, bizim üçün faciə olmayacaq. Çünki futbolda hər şey olur. Amma həqiqətən kuboku çox istəyirik.  

- Komandanız vurduğundan daha çox qol buraxır. Müdafiədə problemlər nədən irəli gəlir?

- Düzdü, bizim müdafiədə problemlərimiz var. Bunun üzərində daha çox işləməliyik. Növbəti mövsüm üçün daha yaxşı komanda qurmaq lazımdır.

- Yeni transferiniz Slavik Alxasov komandaya gələndən artıq 3-cü dəfədir penaltiyə səbəb olur. Sizcə, daha yaxşı oynaması üçün onda nə çatışmır?

- Gəncdir, təcrübə baxımından əziyyət çəkir. Bəzi ağır oyunların yükünü qaldıra bilmir. Ona görə də səhvlər edir. Amma onun istedadı var. İnanıram ki, gələcəkdə komandaya xeyir verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31