Berti Foqts: “Gərək “Qarabağ” sol ayaqla oynasın ki...” – MÜSAHİBƏ

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun apasport.az saytına müsahibəsi

- U-15 liqasında "İnter" - "Xəzər Lənkəran", U-19 liqasında isə "Rəvan" -"Bakı" matçını izlədiniz. Bu görüşləri izləməkdə məqsədiniz nədir?

- Bildiyiniz kimi, Azərbaycan 2020-ci ildə təşkil olunacaq Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini verib. Biz də həmin qitə birinciliyinə qatılmaq istəyirik. Ona görə də indidən gənc futbolçuları izləyirik. "İnter" - "Xəzər Lənkəran" görüş çox xoşuma gəldi. Hətta deyərdim ki, U-15-lərin oyunu Almaniyanın müvafiq çempionatından heç nə ilə fərqlənmədi. Sözsüz ki, bunu görəndən sonra ortaya sual çıxır: niyə Almaniyada 15 yaşadək futbolçular əsas komandaya çatanda səviyyələri artır, burda isə geriləyir? Bu, nədən asılıdır? Çünki az məşq edirlər, gənclər səhv edəndə, məşqçilər bunu düzəltmirlər. Halbuki, gənc futbolçuya təzyiq göstərilməlidir ki, gələcəkdə belə səhvə yol verməsin. Almaniyada istedadlı futbolçu varsa, onun üzərində çox işləyirlər ki, bacarığını itirməsin. Fikir verdim, futbolçular oyundan həzz alırdılar. Bir daha deyirəm, Almaniya və Azərbaycan U-15 liqaları arasında heç bir fərq görmədim. "Rəvan" -"Bakı" matçında isə bacarıqlı futbolçu görmədim. Hiss olunur ki, əsas məqsəd I pilləni tutmaqdır. Amma bu, səhvdir. Burda nəticə ilk pillədə olmamalıdır. Başlıca amil bacarıqlı futbolçuları seçmək və məşq prosesi ilə onları yüksək səviyyəyə gətirmək olmalıdır. Burda komandalar yalnız taktiki baxımdan düzgün oynayırlar. Ancaq futbolçular mövqe baxımdan çox səhvlərə yol verirlər. U-15 liqası ilə U-19 arasında görüşü müqayisə etdikdə böyük fərqin olduğu görünür və sual yaranır ki, niyə belə olmalıdır? AFFA əlindən gələni etsə də, klublar da futbolçularının milliyə hazır gəlməsi üçün düzgün iş görməlidir. Böyük həvəslə oynadıqları üçün hiss olunur ki, futbolçular da bunu istəyir. Ona görə də maliyyəni əsas komandaya yox, daha çox uşaq futbolunda işləyən məşqçilərə buraxmaq lazımdır ki, onlar da düzgün məşq prosesi keçə bilsinlər.

- İcraiyyə Komitəsinin dekabrın 18-də keçirilmiş iclasında qəbul olunmuş qərarlardan biri də Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunması idi. Artıq "Sumqayıt"da Frank Bernhard, "İnter"də Torsten Şpittler və "Rəvan"da Peter Noyştedter işinə başlayıb. Bu alman məşqçilər sizin vasitəçiliyinizlə bura gəlib?

- Qərardan xəbərim var idi. Çünki AFFA rəhbərliyinin bu təklifini mən də dəstəkləmişdim. Bu, klublar üçün AFFA tərəfindən atılmış böyük bir addımdır. Ümid edirəm ki, planda tutduqlarımızı bu yolla həyata keçirə biləcəyik. Ancaq mənim bu işdə vasitəçiliyim olmayıb. Ümumiyyətlə, həmkarlarımı tanımırdım. Onlarla burda tanış olmuşam. Peşəkar məşqçilər olduqlarını deyə bilərəm. Əsas komandanın məşqçiləri ilə onların vəzifələri tamam ayrıdır.

- ABŞ millisində müşavir kimi ilk işinizi gördünüz. Meksika ilə 2:2 hesabı ilə başa çatan oyunda oldunuz. Oradakı ab-hava haqqında nə deyə bilərsiniz?

- Mən ABŞ millisinin içində olmamışam. Sadəcə, onların Meksika ilə oyununu izləmişəm. Həmin matçda ABŞ yığmasının ancaq yerli çempionatda olan futbolçuları iştirak edirdi, legionerlər yox idi. Qarşılaşmanı tribunadan izlədim. Çünki ABŞ yığmasının məşqçisi deyiləm, hələ Azərbaycan millisinin çalışdırıcısıyam. Dünya çempionatında İtaliya və Xorvatiyanın oyunlarına baxacağam. Təəssüf ki, bu komandalar bizimlə eyni qrupa düşüb. Nigeriya millisini çalışdırdığım üçün Qananı gözəl tanıyıram. Portuqaliya sonuncu seçmə mərhələdə bizə qarşı oynayıb. Ona görə də Yurgen Klinsmann məndən kömək istəyib. Əsl səbəb budur. ABŞ-ın mundialdakı digər rəqibi olan Almaniya yığmasına gəlincə, Klinsmann bu millini məndən də yaxşı tanıyır.

- Bolqarıstan yığması mayda Avstriyada Kanada ilə yoldaşlıq oyunu keçirəcək. Ötən dəfə Bolqarıstanın Belarusla yoldaşlıq oyununda Aslan Kərimov iştirak etmişdi. Bu dəfə "casus" rolunda hansı məşqçimiz çıxış edəcək?

- Hələ kimin gedəcəyi bilinmir. Yaxın həftələrdə bu barədə qərar qəbul edəcəyik. Ancaq xatırladım ki, Bolqarıstandan başqa, İtaliya, Xorvatiya, Norveç və Malta ilə də oynayacağıq...

- Aydın məsələdir. Sadəcə, bu sualı ona görə veririk ki, seçmə mərhələdə ilk görüşümüz Bolqarıstana qarşı olacaq...

- Elədir. Amma tək onları yox, qrupumuzda olan digər komandaları da izləməliyik. Gəlin, alnımızdan burnumuzun ucuna qədər baxmayaq, futbola geniş prizmadan yanaşaq. Ona qalsa, növbəti rəqibimiz ABŞ millisidir.

- Topaz Premyer Liqasında klubların sayının 10 və ya 12 olacağı ilə bağlı müzakirələr gedir. Siz çempionatda neçə komandanın mübarizə aparmasını istərdiniz?

- İcraiyyə Komitəsinin son iclasında iştirak etmişəm. Orda gözəl müzakirələr aparmışıq. Komandaların sayının 10 və ya 12 olmasının fərqi yoxdur. Aşağı dəstədəki klublar elitada oynamaq istəyirsə, lisenziya tələblərini yerinə yetirməlidirlər. Mənim üçün əsas say yox, çempionatın səviyyəsidir.

- Ötən illə müqayisədə çempionatın səviyyəsində irəliləyiş var?

- Gənc futbolçuları nəzərə alanda deyə bilərəm ki, səviyyə qalxıb. Ancaq ümumi yanaşdıqda görürük ki, klublar daha çox əcnəbilərə güvənirlər. Keyfiyyət baxımından da onlar bizim oyunçulardan daha üstündür. Ancaq bu da inkişafdır. Çünki gənclər səviyyəli legionerlərdən çox şey öyrənə bilərlər. Deyərdim ki, "Qarabağ"da bu baxımdan çox böyük yüksəliş görünür. Sona 7 tur qalsa da, artıq çempion olacaq.

- Ancaq "Qarabağ" rəsmiləri hələ bu barədə danışmaq istəmirlər...

- "Neftçi" ilə 10 xallıq fərqin əriməsi üçün gərək onlar sol ayaqla oynayalar ki, çempion olmasınlar. Siz "Qarabağ" rəsmilərinə fikir verməyin. Kameranı və ya diktofonu söndürdükdən sonra özləri çempion olacaqlarını deyirlər (gülür). "Qarabağ" təcrübəli komandadır, onların Rəşad Sadıqov kimi təcrübəli kapitanı var. Onlar imkan verməzlər ki, çempionluq əldən getsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31