Mikel Alvaro: "Artıq öz oyunumu tapmışam" - MÜSAHİBƏ
9 Aprel 2014 20:01 İdman"İnter" klubunun ispaniyalı yarımmüdafiəçisi Mikel Alvaronun apasport.az saytına müsahibəsi
- Komandanızı Topaz Premyer Liqasının XXX turunda çətin oyun gözləyir. Rəqib isə hazırda sizi 3 xal qabaqlayaraq, ikinci pillədə qərarlaşan "Neftçi" olacaq...
- Çox çətin olacaq, amma 3 xal qazanmalıyıq. Hazırda ən yaxın izləyicimiz olan "Bakı" ilə aradakı xal fərqi 3-ə bərabərdir. Ən azından bu fərqi qorumalıyıq. Amma bu, elə də asan olmayacaq.
- "Bakı" ilə xal fərqini qorumağı düşündüyünüzü söylədiniz. Ancaq qələbə sayəsində elə "Neftçi"ni də qabaqlayacaqsınız. Niyə bu haqda düşünmürsünüz ki?
- Öz meydanımızda oynayacağımız üçün 3 xal qazanmalıyıq. Son vaxtlar "Neftçi"yə qarşı yaxşı oynayırıq. Bu dəfə də belə olacaq. Çalışacağıq ki, 90 dəqiqənin tamamında qələbə sevincini biz bayram edək.
- "İnter"i ölkə kubokunda mübarizədən məhz "Neftçi" kənarlaşdırdı. Bunun təsadüfi olduğunu sübut edə biləcəksinizmi?
- Bu fikirlə razıyam. Çünki kubokda "Neftçi" ilə keçirdiyimiz hər iki oyunda rəqibdən daha yaxşı təsir bağışladıq, qol şansı yaratdıq. Amma yaratdığımız şanslardan yalnız birindən istifadə edə bildik. Bu da faktdır ki, onlarla son 3-4 duelimizdə daha yaxşı təsir bağışlayırıq.
- Siz daha çox "Qəbələ" və "Rəvan"la oyunlarda vurduğunuz qollarla diqqət mərkəzinə düşdünüz...
- Əvvəlcə çempionatda oynamaq üçün çox az şansım olurdu. Artıq öz oyunumu tapmışam. Baş məşqçi şans verəcəyi təqdirdə, daha yaxşı çıxış etməyə, gözəl qollar vurmağa davam edəcəm.
- "Qəbələ"yə vurduğunuz qollardan biri mart ayı üçün nəzərdə tutulan 5 ən yaxşı qol siyahısına daxil edilib. Qalib gələcəyinizə ümid edirsinizmi?
- Həqiqətən də qol çox gözəl alınıb. Özü də "İnter"dəki ilk qolumdur.
- Həmin görüşdə meydana əvəzetmədən daxil olaraq fərqləndiniz. Sizi "gizli qolçu" adlandırmaq olarmı?
- Daim "11-lik"də yer almağımı istərdim. Amma heyəti və futbolçuları baş məşqçi seçir. Onun qərarına da hörmətlə yanaşıram. Nə vaxt ehtiyac duyulsa, meydana çıxıram və oyunumla komandama xeyir verməyə çalışıram. Bu, mənim işimdir. Əgər hesabda geri düşürüksə, oyunun xarakterini dəyişməyə cəhd göstərirəm.