Flavinyo: “Qarabağ”a çatmaq qeyri-mümkündür - MÜSAHİBƏ

"Neftçi" klubunun yarımmüdafiəçisi Flavinyonun apasport.az saytına müsahibəsi

- Topaz Premyer Liqasının XXIX turunda "Bakı"nı məğlub etdiniz. 1:0 hesablı qələbə qazandığınız görüşlə bağlı deyə bilərsiz?

- Komandamız çox yaxşı oynadı. Yaratdığımız xeyli qol vəziyyətlərindən yalnız birindən istifadə edə bildik. Daha çox qol vura bilərdik. Rəqib isə ancaq müdafiə olunurdu. Ona görə də biz qələbəyə layiq idik.

- "Neftçi" ilə yanaşı, lider "Qarabağ" da qələbə qazandığından aradakı 10 xallıq fərqi azaltmaq olmur. Ağdam təmsilçisini artıq çempion saymaq olar?

- Düzdü, "Qarabağ"a çatmaq demək olar qeyri-mümkündür. Belə deyək, "Qarabağ" artıq çempiondur.

- Deməli, "Neftçi" qızıl medallardan əlini üzüb...

- Dediyim ki, "Qarabağ" çempion olacaq. Biz isə ikinciliklə yanaşı, kuboku da qazanmaq istəyirik.

- Çempionatın növbəti matçında "İnter"lə üz-üzə gələcəksiniz. Bu komandanı kubokdan kənarlaşdırdığınızdan sizdən revanş almaq istəyəcək...

- "İnter"in qisas almaq istəyi bizdə hansısa qorxu yaratmır. Bu komanda gümüş medallar uğrunda mübarizədə əsas rəqibimiz olduğu üçün qalib gəlməliyik. Çünki qələbə qazansaq, xal fərqi 6 olacaq. Qələbə üçün hər şey edəcəyik.

- Ölkə kubokunun yarımfinalında "Rəvan"la oynayacağınızı nəzərə alsaq, komandanızın artıq finalda olduğunu demək olar?

- Biz finalda oynayacağıq. Amma bunu "Rəvan"ın zəif olduğuna görə demirəm. Onlara hörmət edirik. "Neftçi" üçün kubok indi çox vacibdir. Mövsümü titulla başa vurmaq istəyirik. Ona görə də bu turnirdə qalib gəlməliyik.

- Finalda "Qəbələ" , yoxsa "Xəzər Lənkəran"la qarşılaşmaq istəyirsiniz?

- Bu suala cavab vermək çətindir. Çünki hər ikisi güclü komandadır.

- Siz, hansına üstünlük verərdiniz?

- Təbii ki, "Xəzər Lənkəran"la. Çünki onlarla oyunumuz derbidir. Həm də lənkəranlı azarkeşlərin kubokun finalına gəlməsi yaxşı olardı. Onlar komandalarına möhtəşəm dəstək verirlər.

- Rəşad Sadiqovun heyətə qayıtması sizə nə qədər kömək etdi?

- Çox yaxşı futbolçudur. Rəşadla yanaşı oynamaq həm ləzzət edir, həm də komandaya xeyir verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31