Berti Foqts: "Braziliyaya elə-belə getmirəm"
9 Aprel 2014 20:13 İdman"Yurgen Klinsman məndən ABŞ millisində müşavir olmağımı xahiş etdi. Mən də bu təklifi AFFA ilə müzakirə etdikdən razılıq verdim". Bunu apasport.az saytına Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib. Almaniyalı mütəxəssis artıq ABŞ millisinin müşavir vəzifəsində debüt edib. O, ABŞ-ın Meksika ilə 2:2 hesabı ilə başa çatan görüşünü canlı izlədi. Bir baş məşqçinin digər yığmada müşavir vəzifəsində çalışması dünya praktikasında ilk dəfə rast gəlinən haldır. Klinsmanın məhz sabiq məşqçisi Foqtsa bu təklifin niyə edilməsinin səbəbi qaranlıq qalırdı. Foqts "apasport"a müsahibəsində bunun səbəbini açıqlayıb: "Klinsman mənə bu təklifi ona görə edib ki, mən dünya çempionatında bir qrupda yer aldıqları Portuqaliya yığmasını ondan yaxşı tanıyıram. Çünki bu milli ilə ötən seçmə mərhələdə qarşılaşmışıq. Eləcə də mundialda ABŞ-ın digər rəqibi Qana millisinin də oyununa bələdəm. Vaxtilə Nigeriya millisində çalışarkən bu komandanın oyun üslubunu görmüşəm. Amma dünya çempionatına elə-belə getmirəm. Seçmə mərhələdə rəqiblərimiz olan İtaliya və Xorvatiyanın da oyunlarını izləyəcəyəm".
Qeyd edək ki, ABŞ millisi mundialda Almaniya, Portuqaliya və Qana ilə bir qrupda mübarizə aparacaq. Yığmamız isə seçmə mərhələdə İtaliya, Xorvatiyadan başqa, Norveç, Bolqarıstan və Malta milliləri ilə görüşəcək.