Əmrah Çəlikəl: "Rəşad Sadıqovun "Qarabağ"la müqaviləsi formal olacaq”
3 Aprel 2014 20:28 İdman"Qarabağ" klubunun direktoru Əmrah Çəlikəl Qol.Az saytına müsahibəsində klubun transfer planlarından və mövcud müqaviləsinin mövsümün sonunda başa çatacaq futbolçularla aparılan danışıqlardan söhbət açıb.
- Mövsümün sonunda "Qarabağ"la müqaviləsi bitəcək futbolçularla danışıqlar nə yerdədir?
- Hazırda az sayda futbolçularımızın müqaviləsi sona yaxınlaşır. Onlarla danışıqlarımız davam edir və yaxın günlərdə müsbət nəticələnəcək.
- Komandanın təcrübəli futbolçusu Rəşad Sadıqovun da sözləşməsi mayda başa çatacaq. Kapitanla indidən razılıq əldə olunduğunu demək olar?
- Rəşad "Qarabağ"a ürəkdən bağlıdır. Onsuz da onun müqaviləsi formal xarakter daşıyacaq. Mövsümün sonunda kapitanımızla yeni razılaşma əldə edəcəyik. Biz ona inanırıq, o da bizə. Rəşadla münasibətlərimiz tam başqa cürdür. Onun həm kapitan kimi komandada öz yeri, həm də Rəşadla klub arasında möhkəm bağlılıq var.
- Ola bilərmi Rəşadın 32 yaşı olduğuna görə onunla uzunmüddətli deyil, bir illik müqavilə imzalansın?
- Rəşadın nə qədər gücü varsa, "Qarabağ"da oynayacaq. Bilirəm ki, onun ürəyi "Qarabağ"dadır. Buna görə bizim də ona qarşı fikrimiz müsbətdir.
- Bəs, komandadan ayrılacaq futbolçuların adı dəqiqləşib?
- Bu məsələlərin hamısını baş məşqçimiz Qurban Qurbanov həll edir. Hazırda bütün diqqətimizi çempionata yönəltmişik. Mövsümün sonunda bu işlərlə məşğul olacağıq.
- Əsasən hücum xəttində çıxış edən bəzi futbolçular heyətə düşə bilmirlər. Kapolonqo, Gelaşvili və Dvalinin mövsümün sonunda komandadan göndəriləcəyini demək olar?
- Bəli, göndərilənlər olacaq. Ancaq hələ ki, ad açıqlamaq istəmirik.
- Gələn mövsümdən klublarımız milli çempionatda ən azı beş yerli futbolçu ilə oynamalıdır. Buna görə "Qarabağ"ın azərbaycanlı futbolçulara üstünlük verəcəyi gözlənilirmi?
- Təbii ki, bu barədə baş məşqçimiz düşünür və lazımi heyəti qurmağa çalışır. Hazırda maraqlandığımız yerli futbolçular var. Ancaq hələ ki, rəsmi heç nə yoxdur.