“Tələbələr azad sahibkarlıq fəaliyyətində” beynəlxalq proqram üzrə VII respublika çempionatı keçirilir
26 Aprel 2012 16:13 İdmanGənclər və İdman Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə hər il "SİFE" Azərbaycan nümayəndəliyi ilə birgə "SİFE" proqramı üzrə milli yarışlar keçirilir və qalib komanda Dünya kuboku yarışlarına ezam edilir. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, hər il 700 nəfərdən çox tələbənin cəlb olunduğu 12-14 arası tələbə komandası 40-a yaxın layihə həyata keçirir. Milli yarışların qalibləri ölkəmizi Paris, Nyu-York, Sinqapur, Berlin, Los-Anceles və Kuala Lumpur kimi şəhərlərdə keçirilən Dünya kubokları yarışlarında təmsil ediblər. Komandalarımızın uğurlu göstəriciləri və təqdimatları əsasında Azərbaycan Dövlət İqtisad Universiteti və Naxçıvan Dövlət Universiteti "Spirit of SİFE" kubokları ilə təltif edili, Gənclər və İdman Nazirliyi isə "Friend of SİFE" mükafatına layiq görülüb. 2011/2012 tədris ilində "SIFE" proqramına 12 komanda qoşulub. Aprelin 27-28-də keçiriləcək respublika çempionatında komandalar tərəfindən 30 layihənin təqdimatı aparılacaq. Biznes strukturlarını təmsil edən nüfuzlu və təcrübəli mütəxəssislərdən ibarət münsiflər heyəti "SİFE" meyarları əsasında qalibləri seçəcək. Qalib komanda ölkəmizi ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçiriləcək Dünya kuboku yarışında təmsil edəcək.