Təhsil kuboku keçiriləcək
19 Mart 2014 15:17 İdman"Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbində tələbələrdən ibarət yığma komandanın KİV üçün açıq məşqi keçirilib. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, 20 oyunçudan ibarət yığma komandanın heyətinin məşq prosesləri nəticəsində formalaşdırılması nəzərdə tutulur. Yığma komandaya Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası (ATFF) və AFFA-nın birgə təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında futbol üzrə keçiriləcək "Təhsil kuboku"nun iştirakçı komandalarından futbolçular cəlb olunub. "Təhsil kuboku" çərçivəsində keçiriləcək oyunlarda fərqlənən futbolçular yığmaya düşmək şansı əldə edəcək və onlar beynəlxalq turnirlərdə Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar. "Təhsil kuboku" çərçivəsində keçiriləcək oyunlara 2014-cü ilin aprel ayında start veriləcək. Bu yarışmada uğur qazanan ali məktəb komandaları, həmçinin fərqlənən oyunçular Təhsil Nazirliyi və AFFA tərəfindən mükafatlandırılacaqlar.