Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir
17 Mart 2014 17:41 İdmanAprel ayında Avropa çempionu, dünyanın aparıcı şahmatçısı, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turniri keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, Şəmkirdə keçiriləcək turnir "Synergy Group"un təşkilatçılığı ilə baş tutacaq. Turnirdə hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç), beynəlxalq reytinq siyahısında 5-ci olan Fabiano Karuana (İtaliya), FİDE-nin reytinqində 7-ci mövqedə qərarlaşan Hikaru Nakamura (ABŞ), 9-cu pillədə olan Sergey Karyakin(Rusiya), o cümlədən, azərbaycanlı qrossmeysterlər, Avropa çempionları Şəhriyar Məmmədyarovla (11-ci) Teymur Rəcəbov (34-cü) iştirak edəcək. "A" turnirinin mükafat fondu 100 min avro təşkil edir. "B" turnirində 10 şahmatçı mübarizə aparacaq. Mükafat fondu 30 min avro olan "B" turnirində iştirak edəcək şahmatçılar bunlardır: Eltac Səfərli, Nicat Abbasov, Qədir Hüseynov, Rauf Məmmədov, Vasif Durabəyli (hamısı Azərbaycan), Van Xao (Çin, 2734), Pavel Elyanov (Ukrayna, 2732), Etyen Bakro (Fransa, 2726), Radoslav Vojtaszek (Polşa, 2718) və bu günlərdə fərdi Avropa çempionatının qalibi olan Aleksandr Motılyov (Rusiya, 2685). Yarışın keçirilməsində əsas məqsəd məşhur şahmatçı Vüqar Həşimovun xatirəsini yad etmək, "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"na dəstək olmaqdır. Turnir Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində aprelin 20-də start götürəcək və 10 gün davam edəcək.