Özkara darmadağın olunduqları oyunda meydana çıxdı

Türkiyə Superliqasında XXV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın 2 legionerinin çıxış etdiyi komandalar da bu çərçivədə oyunlara çıxıb. Ali Gökdəmirin çıxış etdiyi "Elazığspor" səfərdə "Əskişəhərspor"la görüşüb. "Fənərbaxça"nın sabiq kamerunlu hücumçusu Anri Byenvenyunun qolu meydan sahiblərinə minimal hesablı qələbə qazandırıb. Bununla da "Elazığspor"un 5 oyunluq yenilgisizlik seriyası qırılıb. Gökdəmir yenə bu oyunda "18-lik"də olsa da, meydana çıxmasına ehtiyac duyulmayıb.

Cihan Özkaranın çıxış etdiyi "Sivasspor" isə uğursuz çıxışlarını davam etdirməkdədir. Sivas təmsilçisi bu dəfə doğma azarkeşləri önündə "Trabzonspor"a darmadağın olub - 0:4. Cihan meydana 85-ci dəqiqədə Aydın Karabulutun yerinə daxil olanda artıq hesab arasındakı fərq 4 olub. "Sivasspor" XX turda "Fənərbaxça" üzərindəki qələbədən sonra (2:0) 5 turdur ki, qələbə üzünə həsrətdir.

Qeyd edək ki, bu turdan sonra "Sivasspor" IV pillədən VI sıraya düşüb. "Elazığspor" isə XIV pillədəki yerini itirməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31