Püşk atıldı: Azərbaycan klubu “Barselona”ya rəqib oldu

Martın 12-də UEFA Futzal Kubokunun "4-lər finalı"nın püşkatma mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, Bakıdakı "Hilton" otelində baş tutan tədbirə futbol ictimaiyyətinin nümayəndələri, o cümlədən, AFFA-nın prezidenti Rövnəq Abdullayev, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts da qatılıb.

Əvvəlcə paytaxtımızın görməli yerlərindən hazırlanan, ardından Qazaxıstan "Kayrat"ının ötən il Gürcüstanın paytaxtı Tiflisdə keçirilmiş "4-lər finalı"nda qələbəsini əks etdirən videoçarx nümayiş etdirilib.

AFFA-nın baş katibi Elxan Məmmədov UEFA Kubokunun "4-lər finalı"nı Bakıda keçirməyi şərəfli və həyəcanverici hal kimi dəyərləndirib. O bildirib ki, Bakı artıq mühüm idman yarışlarının keçirildiyi məkana çevrilib. O, qarşıda futbol üzrə bir neçə tədbir də keçirmək niyyətində olduqlarını vurğulayıb. Göstərdiyi etimada görə UEFA-ya minnətdarlıq edən baş katib "4-lər finalı"nın yüksək səviyyəli turnir kimi yadda qalacağına inandığını vurğulayıb.

UEFA-nın Qadın futbolu və Futzal yarışları üzrə komitəsinin rəhbəri qurumun prezidenti Mişel Platini adından salamlarını çatdırıb: "AFFA-dakı peşəkarlıq və mühüm işlər iki təşkilat arasında əməkdaşlığı nümayiş etdirir. 98 matçdan və 700 qoldan sonra 4 klub həlledici mərhələyə vəsiqə qazanıb. Bunlar ikinci dəfə "4-lər finalı"na vəsiqə qazanan "Araz"dan başqa "Dinamo" (Moskva), "Barselona" (İspaniya) və "Kayrat" (Qazaxıstan) komandalarıdır. Naxçıvan komandası istisna olmaqla, digər klublar əvvəllər UEFA Futzal Kubokunu qazanıblar. Ən böyük təbriklərimi həlledici mərhələyədək irəliləməyi bacaran klublara bildirirəm. AFFA-ya isə təşkilatçılıqla əlaqədar minnətdaram".

Daha sonra eyni zamanda UEFA Futzal Kuboku üzrə səfir olan Berti Foqts səhnəyə dəvət olunub.
Püşk nəticəsində ilk yarımfinalda "Araz" ev sahibliyi qismində "Barselona"ya, "Kayrat" isə "Dinamo"ya rəqib olub. Qaliblər finala, məğlublar 3-cü yer uğrunda oyuna vəsiqə qazanacaqlar.
Qeyd edək ki, yarımfinal oyunları aprelin 24-də saat 18:30-da və 21:00-da başlanacaq. 3-cü pillə uğrunda və final görüşləri isə aprelin 26-da saat 16:00-da və 18:30-da baş tutacaq. Bütün oyunlar Sərhədçi Olimpiya İdman Kompleksinin zalında keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31