2 paytaxt derbisi, 2 əyalət dueli
12 Mart 2014 10:00 İdmanBu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, mərhələnin ilk qarşılaşmaları eyni gündə baş tutacaq.Son turlar çempionatda işləri yaxşı getməyən "Qəbələ" mövsümdə 3 dəfə uduzduğu "Qarabağ"ı kubokda dayandırmağa çalışacaq. Çempionatın lideri isə son 2 ildə səfər qolu sayəsində yarımfinala buraxmadığı "Qəbələ"ni yenə dayandırmaqla "Qızıl dubl"a doğru addım atmaq istəyir.Naxçıvanda keçiriləcək matçda da iki əyalət klubu münasibətlərini ayırd edəcək. Topaz Premyer Liqasında orta sıralarda yer alan "Xəzər Lənkəran" I divizionun lideri "Araz-Naxçıvan"ın qonağı olacaq. 5 ay əvvəl Superkuboku qazandığı məkana yollanan cənublular turnir cədvəlindəki qonşusu "Simurq"u dayandıran qərblilərlə matçın favoriti sayılır.1/4 finalda mübarizə aparan paytaxt klubları isə bir-biri ilə görüşəcək. "Rəvan"la "Bakı"nın duelində qonaqlar şanslı sayılsa da, son turda "Qarabağ"dan acınacaqlı məğlubiyyət alan Milinko Pantiçin yetirmələrinin psixoloji durumu həlledici ola bilər. Ardıcıl 2 qələbə qazanan Güvənc Kurtarın komandası isə uğurun davamını kubokda gətirmək istəyindədir.İlk oyunlara "Şəfa"dakı paytaxt derbisi ilə yekun vurulacaq. Çempionatda mükafatlar uğrunda mübarizə aparan, hətta eyni xala malik olan "İnter"lə "Neftçi" "bankirlər"in meydanında üz-üzə gələcək. Son 3 mövsümün çempionu titulsuz qalmamaq üçün bu səddi keçməyə borcludur. Hər iki komandanın son turda qələbə qazanması isə rəqiblərin "uğursuzluq zolağı"ndan çıxdığını göstərir. Belə ki, "İnter" 3, "Neftçi" isə 5 turluq qələbə həsrətinə son qoymağı bacarıb.
Azərbaycan kuboku
1/4 final, ilk oyunlar
12 mart (çərşənbə)
14:30. "Qəbələ" - "Qarabağ"
Qəbələ şəhər stadionu
15:00. "Rəvan" - "Bakı"
"Bayıl Arena" stadionu
15:00. "Araz Naxçıvan" - "Xəzər Lənkəran"
Naxçıvan Muxtar Respublika stadionu
19:00. "İnter" - "Neftçi"
"Şəfa" stadionu