“Filippinə qolu mən yox, başqası da vursaydı, sevinəcəkdim” - MÜSAHİBƏ
6 Mart 2014 13:46 İdmanMilli komandamızın və "Neftçi"nin müdafiəçisi Elvin Yunuszadənin apasport.az saytına müsahibəsi
- Filippinlə keçirdiyiniz yoldaşlıq oyunu ilə bağlı nə deyə bilərsiniz?
- Bilirdim ki, oyun çətin keçəcək və belə də oldu. Baxmayaraq ki, rəqibimiz Filippin yığması idi, mən onları zəif komanda qismində görmürdüm. Onlar da yaxşı mübarizə apardılar. Əsas odur ki, qalib gəldik. Bizim üçün bu qələbə vacib idi. İlin ilk toplanışı idi. Qalib gəlməklə yaxşı əhval-ruhiyyə ilə növbəti oyunlara hazırlaşacağıq.
- İki fərqli hissə oldu. İlk hissədə millimiz daha üstün idisə, ikinci yarıda rəqib daha yaxşı təsir bağışladı. Fasilədən sonra nə baş vermişdi ki?
- Belə fikirləşmirəm. Biz hesabda öndə idik. Onun üçün də rəqib hesabı bərabərləşdirməyi fikirləşməli idi. Fasilədən sonra bizə deyilməmişdi ki, çəkilib arxaya oturaq. İlk hissəyə necə çıxmışdıqsa, ikinci yarıya da elə çıxdıq. Bu, oyundur. Baxırsan ki, ilk hissə yaxşı alınır, ikinci yarı isə yox və yaxud əksinə...
- Əsas yığmadakı debüt oyununda qol vurmaq futbolçuda hansı təəssüratlar yaradır?
- Nəinki debüt oyununda qol vurmaq, ümumiyyətlə rəqib qapısına fərqlənmək yaxşı bir hissdir. Qol vurmağıma gəlincə isə, özüm bunu gözləmirdim. Təbii ki, sevinirəm. Həm ilk oyunumda qol vurduğum, həm də qalib gəldiyimiz üçün. Debüt oyunum idi. İnşallah, ardını gətirərəm.
- Düşünmək olarmı ki, bu qolla millidəki yerini möhkəmləndirdiniz?
- Ümumiyyətlə, gərək vurduğun qoldan çox, oyunumla da millidəki yerimi möhkəmlədim...
- Görüşdə 1 qol vuruldu. Onu da hücumçu yox, mərkəz müdafiəçisi vurdu...
- (gülür) Məncə, bunun fərqi yoxdur. Kim qolu vurur vursun, əsas odur ki, komandamız qalib gəlsin. Qolu mən yox, başqası da vursaydı, bu dərəcədə sevinəcəkdim. 11 futbolçunun hansının fərqlənməyinin elə bir fərqi yoxdur. Təki qalib gələk.