Kriştiano Ronaldo rekorda imza atdı
Hücumçu Portuqaliya yığmasında 49 qol vurmaqla, ölkənin ən yaxşı bombardiri oldu
6 Mart 2014 19:38 İdmanFutbol üzrə Portuqaliya yığma komandasının hücumçusu Kriştianu Ronaldu Portuqaliya tarixində ən yaxşı bombardir elan edilib. Bu titula layiq görülməsinə Ronaldunun milli yığmanın tərkibində indiyədək 49 qol vurması əsas verib.
Rekord Kamerunla Portuqaliya arasında sonuncunun 5:1 hesabı ilə qalib olduğu yoldaşlıq matçı zamanı qeydə alınıb. Həmin matç zamanı Kriştianu Ronaldu özünün 48-ci və 49-cu qolunu vuraraq, dubl müəllifi olub.
Daha əvvəl isə Portuqaliya millisinin bombardirləri siyahısında birinci yeri Pauleta tuturdu. Hazırda onun hesabında yığma tərkibində 47 qol var. Onu 41 qolla əfsanəvi hücumçu Eysebio izləyir. Portuqalların ən yaxşı beşliyini 32 qolla Luiş Fiqu və 29 qolla Nunu Qomeş tamamlayır.
Xatırladaq ki, hazırda İspaniyanın "Real Madrid" klubunda çıxış edən Kriştianu Ronaldu həmçinin futbol tarixində ən bahalı oyunçu hesab edilir.