Əli Gökdəmirin futbolçularımıza örnək statusu
26 Fevral 2014 13:35 İdmanAzərbaycan millisinin üzvü Əli Gökdəmir digər futbolçularımıza örnək olacaq bir addım atıb. Apasport.az saytının məlumatına görə, Almaniyada doğulub, orada böyüyən Azərbaycan əsilli futbolçu "facebook"dakı profilində Xocalı soyqırımı ilə bağlı status paylaşıb.
Azərbaycanda dünyaya gəlmələrinə, uzun müddət burada yaşamalarına rəğmən, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə ermənilərin Xocalıda törətdikləri soyqırımından xəbərsiz olan, məlumatı olduğu halda, yada salmayan əksər futbolçularımızdan fərqli, qürbətdə yaşayan Gökdəmir bu faciəyə biganə qalmayıb.
Hazırda Türkiyə Superliqasında mübarizə aparan "Elazığspor" klubunun formasını geyinən Əli bunları yazıb: "26.02.1992 tarixində Azərbaycanın Xocalı şəhərinə erməni caniləri girib və sadəcə, türk olduqları üçün azərbaycanlılara qarşı tarixdə görünməmiş bir soyqırımı həyata keçirmişlər. 613 azəri şəhid olmuş, öldükdən sonra bəziləri yandırılmış, bəzilərinin başı kəsilmiş, bəzilərinin isə uşaqları gözləri qarşısında doğranmışlar. Ermənistan prezidenti Serj Sarkisyan 2008-ci ilə qatıldığı bir proqramda bunu edənlərdən biri də özünün olduğunu fəxrlə söyləmişdir. Fəqət, nə Sarkisyan, nə da başqaları etdiklərinin cəzasını almayıblar. Honduras, Pakistan, Kolumbiya, ABŞ-ın 19 ştatı bunu "Soyqırımı" olaraq, qəbul ediblər".