ABŞ-da Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnir
19 Fevral 2014 12:34 İdmanBirləşmiş Ştatların Hyuston şəhərində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş həvəskar şahmat turniri keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, turnirin açılışında Vüqar Həşimovun həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş olunub. Daha sonra iştirakçılar qrossmeysteri bir dəqiqəlik sükutla yad ediblər. Hyuston-Bakı Şəhər Assosiasiyası, Hyuston Azərbaycanlıları və Amerika Azərbaycanlıları Şəbəkəsinin birgə təşkilatçılığı ilə baş tutan turnirdə müxtəlif yaş kateqoriyasına aid olan amerikalı həvəskar şahmatçılar iştirak ediblər. İştirakçıların əksəriyyəti Azərbaycan diasporunun nümayəndələri, eləcə də digər ölkələrdən olan həvəskarlar olub. Texas Universitetinin tələbəsi Anar Ömərov turnirin qalibi adını qazanıb.