Melvin Platye: "Heç kim istəməzdi ki, belə olsun"
18 Fevral 2014 18:29 İdman
"Əsas heyətimizin 4-5 futbolçusunun çıxış etməməsinə baxmayaraq, "Bakı" klubu ilə oyun bərabər səviyyədə keçdi. Nəticəyə gəldikdə isə sadəcə bəxtimiz gətirmədi". Siasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi" PFK-nın futbolçusu Melvin Platye deyib. O, qol şanslarından yararlana bilmədiklərini qeyd edib: "Elə təkcə mənim bu matçda bir neçə dəfə qol vurmaq imkanım oldu. Təəssüf ki, bu vəziyyətlərdən yararlana bilmədim. Rəqib isə əksinə, əlinə düşən fürsətlərdən maksimum istifadə etdi. Əlbəttə, heç kim istəməzdi ki, belə olsun. Həmin vəziyyətləri boşa verməsəydim, nəticə fərqli ola bilərdi. Bu səbəbdən də azarkeşlərimizdən üzr istəyirəm. Başa düşürəm ki, hücumçu kimi vəzifəm qol vurmaqdır və gələcək oyunlarda bu uğursuzluğu unutduracağam. Bizi yalnız qızıl medallar qane edir. Çempionluq üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, azarkeşlərimizin də dəstəyi ilə bunun öhdəsindən gələ biləcəyik. "İnter"lə oyunda da sadiq "Neftçi" azarkeşlərini stadiona dəvət edirik".