Prezident və xanımı gimnastları izlədilər

Dövlət başçısı və xanımı Milli Gimnastika Arenasında tikinti işləri ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda Milli Gimnastika Arenasında tikinti işlərinin gedişi ilə tanış olub. Təməli 2009-cu ilin avqustunda dövlətimizin başçısının iştirakı ilə qoyulan arenada tikinti işləri artıq başa çatmaq üzrədir.
Gənclər və idman naziri Azad Rəhimov arenada görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib və bildirib ki, kompleksin fasadı xüsusi formada işlənib. Burada maraqlı illüminasiya elementlərini təqdim edən ekranlar quraşdırılıb.
Əsasən gimnastika yarışları üçün nəzərdə tutulan arenanın əhəmiyyətini artıran mühüm amillərdən biri də buranın digər idman tədbirlərinin və yarışlarının keçirilməsi üçün uyğunlaşdırılmasıdır. Yarışların miqyasından asılı olaraq, arenanın əsas hissəsində oturacaq yerlərinin sayını 5 mindən 9 min 600-ə qədər artırmaq mümkündür. Dünya standartlarına uyğun inşa olunan kompleksdə mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir. Avropada ən yaxşı gimnastika komplekslərindən biri olacaq bu idman qurğusunda otel də yaradılıb.

Milli Gimnastika Arenasında bu ilin iyununda bədii gimnastika üzrə Avropa çempionatının keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, 2015-ci ildə birinci Avropa Oyunları çərçivəsində 6 gimnastika fənni üzrə yarışların, 2019-cu ildə isə bədii gimnastika üzrə 2020-ci il Olimpiadasına lisenziya xarakterli dünya çempionatının burada keçirilməsi planlaşdırılır.

Sonra prezident və xanımı ayrıca inşa edilmiş məşq zalında yaradılan şəraitlə tanış oldular. Dövlətimizin başçısı və xanımı burada gimnastların məşq prosesini izlədilər. Məşq zalında idmançılar üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, Avropa Gimnastika İttifaqının prezidenti də arenada yaradılan şəraiti yüksək qiymətləndirib. Zalda ən son gimnastika avadanlığı quraşdırılıb. Həmin avadanlıq Avropa Gimnastika İttifaqının və Azərbaycan Gimnastika Federasiyasının tövsiyələrinə əsasən yerləşdirilib. Hazırda burada bədii gimnastika və kişilər arasında idman gimnastikası, batut, akrobatika, tamblinq üzrə yığma komandalar məşq edirlər. Burada, eyni zamanda, Beynəlxalq Gimnastika Federasiyasının təşkil etdiyi məşqçi kursları keçirilir.

Son iki ayda təlim-məşq hazırlığını Türkiyədən, Qazaxıstandan, Latviyadan, Meksikadan və Macarıstandan olan qadın gimnastlar keçmişlər. Kanada, Çexiya, Yunanıstan və Finlandiyadan da qadın gimnastların yaxın zamanlarda Bakıya gəlişi gözlənilir.
Dövlətimizin başçısına və xanımına milli yığmanın forması təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31