Vüqar Həşimovun vəfatı Azərbaycan diasporunu sarsıdıb
14 Yanvar 2014 13:44 İdmanAzərbaycan qrossmeysteri Vüqar Həşimovun vəfatı xaricdə yaşayan azərbaycanlıları da sarsıdıb. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, azərbaycanlı şahmatçının uzun sürən xəstəlikdən sonra yanvar ayının 11-də Haydelberq xəstəxanasında vəfatı ilə bağlı xəbər Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) tərəfindən bu ölkədə fəaliyyət göstərən bütün Azərbaycan diaspor təşkilatlarına çatdırılıb. Azərbaycan diasporunun nümayəndələri mərhumun ailəsi ilə telefon əlaqəsi yaradaraq, başsağlığı veriblər. Bildirilib ki, Almaniyada yaşayan azərbaycanlılar yanvarın 13-dən 14-nə keçən gecə Vüqar Həşimovun cənazəsinin Azərbaycana yola salınması mərasimində də iştirak ediblər. Frankfurt Hava limanında toplaşan Avropa Azərbaycanlıları Konqresi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, NRV Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin nümayəndələri mərhum qrossmeysterin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Şimali Reyn Əyaləti Alman-Azərbaycan Mədəniyyət (NRV) Cəmiyyətinin sədri Təranə Tağıyeva və cəmiyyətin nümayəndələri mərhum Vüqar Həşimovun ailəsi və yaxınları ilə görüşüb, ailəyə Almaniyada yaşayan azərbaycanlılar adından başsağlığı verib.