“Neftçi”nin baş məşqçisi Nazim Süleymanov istefa verdi
Nazim Süleymanov istefa ərizəsini klub prezidenti Sadıq Sadıqova təqdim edib
8 Yanvar 2014 18:22 İdmanBu gün "Neftçi" PFK-nın baş məşqçisi Nazim Süleymanov istefa ərizəsini klub prezidenti Sadıq Sadıqova təqdim edib. ANS PRESS-in klubun saytına istinadən verdiyi məlumata görə, "Neftçi" PFK-nın baş məşqçisi Nazim Süleymanov istefası ilə bağlı açıqlama verib:
"Neftçi" son üç mövsümün çempionudur və hədəf yenə birincilikdir. Mən isə hazırki şəraitdə komandanı çempion edəcəyimi düşünmürəm. Ona görə də bu gün istefa ərizəmi klub prezidentinə təqdim etdim. "Neftçi" də çalışdığım müddətdə işimə heç kim tərəfindən müdaxilə olmayıb və qısa müddətdə birgə işlədiyim bütün kollektivə təşəkkür edirəm. Klub prezidenti Sadıq Sadıqova minnətdarlığımı bildirirəm ki, mənim qərarımı anlayışla qarşıladı. Mənim üçün hər zaman doğma olan "Neftçi"yə gələcək oyunlarda uğurlar arzu edirəm".
Nazim Süleymanovun istefa ərizəsi qəbul edilib və təcrübəli mütəxəssisə gələcək fəaliyyətində uğurlar arzulanıb. Nazim Süleymanov bugünkü məşqdən əvvəl komanda üzvləri ilə görüşüb və sağollaşıb.
Qeyd edək ki, komandanın məşq prosesinə rəhbərlik fiziki hazırlıq üzrə məşqçi Ruben Sellesə tapşırılıb.