Nazim Süleymanovun gecikmiş təyinatı
29 Oktyabr 2013 14:39 İdmanÖtən şənbə "Neftçi"nin baş məşqçisi qismində ictimaiyyətə təqdim edilən Nazim Süleymanovun bu posta təyinatı 2 il yubanıb. Apasport.az saytının əldə etdiyi məlumata görə, həmyerlimiz 2011-ci ilin iyulunda paytaxt klubunun "sükanı arxası"na keçməyə yaxın olub. Belə ki, Çempionlar Liqasındakı uğursuzluqdan sonra istefa verən Arif Əsədovu məhz Süleymanov əvəzləməli imiş. Klub prezidenti Sadıq Sadıqov həmin vaxt Soçidə istirahətdə olan Süleymanova zəng vuraraq, dərhal Bakıya gəlməsini və "Neftçi"yə rəhbərlik etməsini istəyib. Təklifi müsbət qarşılayan mütəxəssis onun sözünə əməl edib. Gəl ki, Süleymanov hava limanında qara xəbər alıb. Sözünün üstündə durmayan Sadıqov ona zəng vuraraq, Böyükağa Hacıyevin "Neftçi"nin baş məşqçisi təyin olunacağını söyləyərək, üzrxahlıq edib. Lakin Sadıq bəy yaxın gələcəkdə onu bu posta gətirəcəyini bildirib. Nəhayət, Böyükağa Hacıyev Əsədovun aqibətini yaşayınca, Sadıqov Süleymanovun qapısını təkrar döyüb. Ancaq milli komandada Berti Foqtsun köməkçisi olan Nazim bəy DÇ-2014-ün seçmə mərhələsinə yekun vurulduqdan sonra "Neftçi"nin "sükanı arxası"na keçə biləcəyini deyib.
Klub prezidenti bu şərti qəbul edərək, 2 ay gözləməyə razı olub. Bu səbəbdən də "ağ-qaralar"ı Topaz Premyer Liqasının ilk 10 turunda meydana Tərlan Əhmədov çıxarıb. Komandanın Azərbaycan Superkubokunda "Xəzər Lənkəran"a uduzması isə məşqçilər korpusunun istefaya göndərilməsi üçün tutarlı bəhanə olub.
Qeyd edək ki, "Neftçi" Nazim Süleymanovla 2 illik müqavilə bağlayıb.