UEFA-dan Azərbaycanla bağlı növbəti kobud səhv
29 Oktyabr 2013 12:57 İdmanFutzal Kubokunun elit mərhələsində ölkəmizi təmsil edəcək "Araz"la bağlı kobud səhvə yol verilib. Apasport.az-ın məlumatına görə, səhvə yol verən isə son vaxtlar bu cür nöqsanları ilə yadda qalan UEFA-nın rəsmi saytıdır.
Belə ki, Naxçıvan təmsilçisi qitə futbol qurumunun saytında İmişli klubu kimi təqdim olunur. Ən maraqlısı da budur ki, "Araz" başqa bir futzal klubu ilə yox, tarixin gərdişinə qovuşmuş futbol klubu - "MKT-Araz"la qarışdırılır.
2004-cü ildə futzal klubu kimi yaradılmış "Araz"ın eyni ildə yaradılmış "MKT-Araz"la qarışıq salınmasının arxasında isə yalnız ad oxşarlığı durur. Ancaq məlum olduğu kimi, İmişli təmsilçisi ötən il dağılıb, onun yerində isə bu ildən yeni adla "Mil-Muğan" çıxış edir.
Onda UEFA-nın "Araz"ın loqosu əvəzinə "həyatda olmayan" "MKT-Araz"ınkını futbol ictimaiyyətinə təqdim etməsi maraq doğurur.