Böyük oyunun qondarma, amma böyük məziyyətləri
“Xəzər-Lənkəran” – “Neftçi” qarşıdurması idman yönümündən çox kənarlaşır
27 Avqust 2013 15:56 İdmanHafiz Mirzə
www.hafizmirza.com
Futbol çoxdandır ki, həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilməkdədir. İnsanlar bu idman yarışmasına bir tamaşaçı kimi sərf etdikləri vaxtı asudə vaxtlarının ən səmərəli təşkili hesab edirlər. Futbol matçına baxış zamanı insan gündəlik qayğılardan bir neçə saatlığa uzaqlaşır və deməli, dincəlir, istirahət edir, sakitləşir. Amma futbol özünün idman xarakterini itirdikdə insanlara əlavə stress-gərginlik, əsəbilik yaşadır. Təəssüf olsun ki, son on illikdə bütün dünya üzrə futbola münasibət dəyişmişdir. Dünyanın bir sıra böyük şirkətləri, koorporasiyaları futbol klubları təsis edərək, klub alaraq ona böyük məbləğdə vəsait yatırır, əslində isə müəssisənin vəsaitini mənimsəyərək şəxsi əmlaka çevirirlər. Bu məsələni incələməyə dəyməz, çünki burada çox variasiyalar mövcuddur. Kimin nə qazanacağı azarkeşin vecinə gəlməz. Əsas olan bu idmandakı aktiv yarış xarakteridir. Təəssüf ki, at yarışmalarına maraq və diqqəti sıradan çıxardan, onu büsbütün qumarxanaya çevirən biznes bossları sonra boksu, indi isə futbolu qumar yarışına çevirməkdədirlər. Məhz bu zaman azarkeş futbol oyunlarından böyük əsəb və gərginlik qazanır, futbol özünün idman xarakterini itirir. Bu hallarda azarkeşin öz acığını stadiondan, rəqib komandanın azarkeşlərindən və ya hüquq -mühafizə orqanlarından çıxması halları baş verir. İtaliyada, Almaniyada, İspaniyada, Türkiyədə bu hallara qarşı aparılan mübarizənin nəticəsində onlarca klub cəzalandırılıb, çempionatlardan, hətta UEFA turnirlərindən kənarlaşdırılıb. Çünki bu minvalla davam edərsə futbola maraq tamam azalacaq və bu populyar oyun öz əhəmiyyətini itirəcək. Futbolun böyük bir əhəmiyyəti də insanlara öz emosiyasını boşalda bilməsi üçün məkan və imkan yaradılmasındadır. Stadionda qışqırmayan öz emosiyasını burada boşaltmayan kütlə sabah bu enerjini hökumətə qarşı etiraz aksiyalarında, mitinqlərdə və digər məkanlarda boşalda bilər. Futbol həm də insanların yerlibazlıq emosiyasının, qışqırmaq ehtiyacının israf olunması üçün ən münasib məkandır. Kiçik Vətən təəssübkeşliyi yerli futbol klubu ətrafında cəmləşdikdə bu hal Vətənpərvərliyin inkişafına xidmət edir. Bu ehtiyac ünvansız qaldıqda yerlibazlığa, etnik-milli ayrı-seçkiliyə və separatizmə çevrilə bilir. Ən doğrusu futbolun idmana xidmət etməsidir. Onun biznesə çevrilməsi futbolun ictimai əhəmiyyətini də azaltmış olur. Ölkələr buna qarşı çox ciddi mübarizə aparır. Əgər UEFA-nın xüsusi komissiyası Azərbaycan çempionatına üzünü çevirərsə, yəqin ki, şübhəli oyun nəticələrinə görə çox klubları cəzalandırar. Bu neqativ vəziyyət çoxdan şayiələr həd¬dini aşmışdır. Bu barədə son vaxtlar daha ucadan danışılması çoxlarının artıq boğaza yığıldığının göstəricisidir. Bu cür mənfi hallara hakim ədalətsizliyini, bəzi AFFA məmurlarının korporativ maraqlarını da əlavə etdikdə ölkə çempionatının inkişafdan qaldığına zərrəcə şübhə qalmır. Təəssüf ki, bu cür naşı və ya biznes xarakterli hallardan öz siyasi məqsədləri üçün sui istifadə edən qüvvələr də az deyil. Artıq məsələnin etnik separatizmlə uzlaşdığı barədə açıq danışılmağa başlanıb. Bu isə "Qızınmadıq istisinə, kor oluruq tüstüsünə" məsəlini xatırladır. Azərbaycan futbolu insanlarımıza böyük idman sevinci dadızdıra bilmədiyi halda regional, bəzən də etnik ayrı-seçkiliyə rəvac verməyə başlayıb. Bunun əsasının "Neftçi" və "Xəzər Lənkəran" futbol klubları arasında qoyulması daha çox təəssüf doğurur. "Neftçi" komandası Azərbaycan futbolunun flaqmanı olaraq həmişə xüsusi diqqət və qayğı ilə əhatələnmişdir. Ancaq bir sıra aşkar tərəfkeşlik faktorları digər klublarda "Neftçi"yə qarşı antipatiya formalaşdırır. "Neftçi"nin mütəmadi olaraq çempion edilməsi, ölkə kubokuna layiq bilinməsi də digər klubları qıcıqlandıran məsələlərdəndir. Onsuzda aparıcı klublarımızın əksəriyyəti paytaxt Bakıya məxsusdur. Paytaxt bütün parametrlərinə görə əyaləti üstələyir. Azacıq ögey-doğmalıq digər paytaxt klublarına bir elə təsir etməsə də, əyalət klublarını daha tez həvəsdən salır. "Xəzər Lənkəran" klubunun Cənub bölgəsinə, Lənkərana məxsusluğu isə məsələyə etnik çalar da əlavə edir. Rəqabət və təəssübkeşlik hissi milli-etnik çalar qazanmasın deyə bölgədə daha bir neçə klub yaradılması və çempionata xüsusi güzəştlə buraxılması lazım idi. İndiki halda futbol siyasi mahiyyət daşıyır və azarkeşlərdə mənfi emosiyaların artmasına xidmət edir. "XL"-nın yarandığı gündən etibarən özünü lider kimi görməsi və "Neftçi"yə "əlcək" atması əslində yaxşıdır və futbolumuzun inkişafına xidmət göstərir. "XL"-in dəyərli legionerlər cəlb etməsi də Azərbaycan futboluna xeyli fayda vermişdir. Lakin "XL"-dən getmiş heç bir yerli məşqçi və ya futbolçu burada ona qarşı milli ayrı-seçkilik qoyulduğunu iddia etməz. Komandanın rəhbərliyində də bunu edə biləcək şəxs yoxdur. Əgər "XL"-in sponsoru "Palmali" Şirkətlər Qrupunun Türkiyə mənsubluğunu, klubun prezidenti Mais Mənsimovun da Türkiyə vətəndaşı və Türkiyənin Lənkərandakı konsulu olmasını nəzərə alsaq, onda "XL" daha çox türklərin komandası hesab oluna bilər. Lakin bu cür ayırmalar çox gülüncdür və əslin¬ə "XL" ona azarkeşlik edən, milli kimliyindən asılı olmadan hər kəsə mənsubdur. Yetər ki, ona azarkeşlik edəsən. Bəs bu etnik separatizm halları haradan qaynaqlanır? Bunu aydınlaşdırmaq üçün bu cür fikri sadə insanların düşüncələrinə təlqin edən şəxslərin və fan-klubların maliyyə qaynaqlarını müəyyən etmək yetər. Əksəriyyəti İran və ya Rusiyaya bağlı insanlar olacaq. Bu halların əslində Lənkəranın ictimai və sosial həyatında baş alıb getdiyini nə qədər ört-basdır etsən də, futbol oyunları kimi kütləvi insan yığnaqlarında nəhayət ki, özünü biruzə verdi. Adətən yara daha nazik və zəif yerdən partlayır. Ona görə də günahkarların stadiondan kənarda axtarılması və buna qarşı nəhayət ki, tədbir görülməsi çox vacibdir. Bu gün adi bir futbol klubuna qarşı münasibəti milliləşdirən qüvvələr çox keçməz ki, digər sahələrə də əl qoya bilər. Məsələyə həssaslıqla yanaşılması da mühüm şərtdir. Bu məsələdə təkcə İran və Rusiyada oturmuş qaranlıq qüvvələri qınamaq düz olmazdı. Günahkarlar AFFA və ya "Neftçi"də də az deyil. Bəzi işbazlar bu iki klub arasındakı rəqabəti hazırkı səviyyədə şişirtməkdə ciddi səhvə yol verdiklərinin fərqində olmalıdırlar. Bu il mayın 28-də ölkə kubokunun final matçında "Neftçi"nin mühfizəçiləri və futbolçuları "Xəzər Lənkəran"ın futbolçularına qarşı ağlasığmaz vəhşilik törətmişdilər. Bu barədə çox yazıldı. "XL" azarkeşləri bundan daha çox hiddətlənmişdilər və buna görə tam haqlı idilər. Amma kimsə cəzalandırıldımı? "Neftçi"nin baş qoçusu Gülağa Cabba¬rovu guya ki, vəzifəsindən azad etdilər. Amma günahkar təkcə o idimi? Bəs Mahir Şükürov və Saşa Sta¬men¬koviç? Hərçənd ki, heç G.Cabbarov da cəzalana oxşamadı. Bu yaxınlarda "Neftçi"nin hansısa xarici ölkə komandası ilə oyununda Gülağa "Neftçi" rəhbərliyilə yanaşı oturmuşdu. "XL"-nın "Neftçi" ilə avqustun 25-də tarixində keçirilən oyununda futbolçular Mahir Şükürovun və Saşa Stamen¬koviçin meydançaya buraxılması da təxribat xarakterli idi. Mövcud vəziyyəti nəzərə alan ağıllı rəhbərlik onları mübarizə heyətinə salmamalı idi. Amma görünür onlar iki klub arasındakı şiddəti artırmaqda daha çox maraqlı idilər. Bu kimi hallar AFFA-nın nəzə¬rindən nə üçün qaçırdı? Vəziyyəti ciddi analiz etməli və düzgün nəticə çıxartmalı olan hüquq-mühafizə orqanlarının bu oyunla bağlı buraxdığı səhvlər də xüsusi qeyd olunmalıdır. Azarkeşlərə görə məsuliyyət daşımayan "Neftçi" avtobus tutub onları Lənkərana gətirir və stadiona pulsuz buraxdırırsa, məqsədin nə olduğu aydın deyilmi? Və futbol matçının fasiləsi zamanı yerli azarkeşləri təxribata çəkən, böyük bir kütlə ilə üzbəüz söyüşən, ilk skamyanı sındırıb lənkəranlı azarkeşlərə tullayan da "Neftçi"nin fanatları oldu. Polis bunu görməli və günahkarları vaxtında neytrallaşdırmalı idi. Stadionda rəqib klubun azarkeşləri oturan və ona yaxın sektorlarda video-kameraların quraşdırılması, vəziyyətin operativ izlənilməsi də çə¬tin deyildi. Buralarda daha güclü polis və Daxili Qoşun kardonunun qurulmasına dəyərdi. Oyun başa çatdıqdan sonra evlərinə getmək istəyən yerli azarkeşlərin qarşısının kəsilməsi tamam gülünc görüntü yaradırdı. Stadiondan bayıra yol "Neftçi" fanatlarının olduğu sektorun altından keçirdi. Buna görə yolu bağlamağa dəyərdimi? İş-işdən keçəndən sonra bibər qazının buraxılması isə gecikmiş və səhv addım hesab olunmalıdır. Stadionda hər iki tərəfdə ixtişaş törətmiş şəxslərdən kimsə həbs edilməmişdi. Sanki həbs planı dolsun deyə oyundan sonra evlərinə gedən bir qrup 16-18 yaşlı yeniyetmə zorla və döyülərək polis maşınlarına doldurulmuşdu. Lənkəran polis şöbəsində bu yeniyetmələrin hürkək və zavallı baxışları qarşısında sakit dayanmaq mümkün deyildi. Saxlanılmış bir "Neftçi" fanatı isə qorxudan özünü elə itirmişdi ki, sərxoş olub-olmadığını aydınlaşdıran kiçik qurğuya üfürməyi də anlamır və bacarmırdı. Əsil günahkarı bir baxışdan tanımalı olan hüquq-mühafizə orqanlarının bu cür naşılığı da təəccüb doğururdu. Az qala azarkeşlərin ciblərini də axtaran, yayın bu istisində içəriyə su buraxmayan mühafizəçilərin nəzərindən stadiona yandırıcı pikardaların keçirilməsinin necə yayınması da çox qəribə idi. Oyuna gəlincə... "Xəzər Lənkəran" bu görüşdə "Neftçi"dən açıq-aşkar üstün oyun göstərdi. Amma hesabı açmaq mümkün olmadı. Qolsuz bərabərlik "XL" üçün sərfəli nəticə olmasa da, oyunçular mayın 28-də onlara əl qaldırmış rəqiblərinə sonda dost əli uzatdılar, qucaqlaşdılar. Vaxtı ilə "XL" oynamış, amma sonra dönüklük göstərmiş Mahir Şükürov bütün oyun boyu azarkeşlər tərəfindən xorla söyülsə də, oyunçular tərəfindən təhqirə məruz qalmadı. Ucuz komediya səhnəsi ilə futbol meydançasını səhv salmış qapıçı Stamenkoviç oyunun sonlarında vaxt udmaq naminə nə qədər oyunbazlıq etsə də, heç ona qarşı da təpki olmadı. Eyni cür sülh şəraitini stadionda azarkeşlər arasında da yaratmaq olmazdımı? Dünyanın heç bir futbol ölkəsində rəqib fanatlar arasında mehribançılıq və sülh yaradılmasının dəqiq formulası hələ kəşf olunmayıb. Amma Lənkəranda əlaqədar şəxslərin naşılığı, maraqlı qüvvələrin isə məkrli məqsədləri ucbatından baş vermiş ixtişaşın cavab oyunu zamanı Bakıda da baş verməməsi üçün indidən düşünməyə dəyər. Bunu yenə də bacarmayacaqlarsa, azarkeşlərə belə "böyük" oyunların keçirilməsi əsla lazım deyil. Yoxsa bu "böyük oyun" yox, böyük oyunbazlıq adlanacaq.