Stadiona getdik-məşhurlara tamaşa etməyə

 

                                                                                                       Hafiz Mirzə

                                                                                                www.hafizmirza.com

Futbolun idman xarakterini itirməsi müasir dünyamızın adi reallıqları sırasına qatılmaqdadır. İnsanların futbol matçlarında dinclik tapması, dünya qayğılarından uzaq olub, tamam fərqli düşüncələr yaşaması, böyük enerji kütləsinə qatılması və  mənfi emosiyalarını israf edib sakitləşməsi çox yaxşı cəhətlərdir. Amma son vaxtlar   futbol qumarı və müxtəlif mərclər ucbatından dünya futbolu bundan məhrum olmaqdadır. Təkcə Qərb ölkələrində deyil, qonşumuz Türkiyədə də danışılmış oyunlar məsələsi idman gündəminin önündə gedir. "Beşiktaş", "Qalatasaray", "Fənərbaxça" kimi məşhur klubların adı bu qalmaqallarda hallandırılır, rəhbərliyi həbs edilir, müxtəlif cərimələr kəsilir,.. Amma futbol həm də xalqları yaxınlaşdırır, sülh körpüsü çəkir, asudə vaxtı səmərəli təşkil edir, turizm infrastrukturunu yeniləyir, canlandırır, insanların birgə davranış qaydalarını formalaşdırır. Bu günlərdə TV ekranlarını bəzəyən bir elanın da buna xidmət edəcəyini güman etməyə dəyərdi. Söhbət "Xəzər Lənkəran" Futbol Klubunun Türkiyənin dünya şöhrətli "Fənərbaxça" klubu ilə yoldaşlıq görüşünün reklamından gedir. Azərbaycanın ən məşhur və maliyyə cəhətdən ən imkanlı klubu  sayılan "Xəzər Lənkəran"ın hər bir oyunu maraq kəsb edir. Komanda ən yaxşı dövrlərdə belə imic qazanıb. Bu dövrlər isə heç də uzaq keçmişi əhatə etmir. "Xəzər Lənkəran" FK cəmi 10 ildir ki, yaradılıb. 10 illik münasibətilə keçiriləcək tədbirlərdən biri də çox güman ki, elə "Fənərbaxça"  ilə  yoldaşlıq görüş idi. Bu görüşün "Bakı"  klubunun İspaniyanın "Atletiko" klubunu qonaq dəvət etməsinə qarşılıq  təşkil edilməsi və "qonşudan qalma dala" prinsipi ilə əlaqələndirənlər yəqin ki, tam haqlı sayılmazlar. Kim hara yozursa yozsun, azarkeşi nə maraqlandırır - maraqlı futbol görüşü. Maraqlı futbol oyununu izləyəcəyimizin marağı ilə iyulun 21-də biz də Lənkəran şəhər Mərkəzi stadionuna tələsdik.

Oyunun başlamasına bir saat qalmasına baxmayaraq stadionda demək olar ki, bütün yerlər tutulmuşdu. Amma bir rus nağılında olan əlcək kimi elə hey insan seli içəriyə axır və kimsə də ayaq üstündə ilişib qalmırdı. Sonradan biz pilləkənlərin də tutulduğunun şahidi olduq. Azarkeşlərin əllərində Azərbaycan və Türkiyə bayraqları yellənir, hər ilki ölkənin adı xorla səslənirdi. Stadionda iki ölkə xalqının qardaşlığının və əsil futbol bayramının ab-havası hökm sürürdü. Mətbuat üçün lojalarda Türkiyənin məşhur qəzet və telekanallarının idman müxbirləri də stadionun görüntüsünə əlavə rəng  qatırdı. Meydançada isə Türkiyə televiziya ekranlarından tanıdığımız məşhurlar oyundan əvvəlki  məşqə çıxmışdılar. Burada kim yox idi? Dünya və türk futbolunun ən ünlü simaları: Volkan Demirel, Emre Belezoğlu, Divy Kuyt, Miroslav Stoç, Pilre Vebo, Bruno Alves, Mehmet Topuz, Raul Meireles, Milos Krasiç, Kristian Baroni, Maussa Soy, Caner Erkin,.. Azarkeşlər bu məşhur simaları görməkdən çox məmnun idilər. Hamı maraqlı və gözəl futbol izləyəcəklərini güman edirdi. Oyuna təşrif gətirmiş qonaqlar da çox məşhur simalar idi. AFFA prezidenti Rövnəq Abdullayev, "Xəzər Lənkəran"ın sahibi və fəxri prezidenti Mübariz Mənsimov, Türkiyənin məşhur müğənnisi Mahsun Qırmızıgül, "Fənərbaxça"nın  prezidenti, məşhur iş adamı Əziz Yıldırım, AFFA katibi Elxan Məmmədov, Lənkəran ŞİH başçısı Taleh Qaraşov və sair.  Tamaşaçılar bu məşhur simaları  sürəkli alqışlarla qarşıladılar. Stadion tribunalarının bir hissəsini tutmuş və "Fənərbaxça" klubunun sarı lacivərli maykalarını geyinmiş  azarkeşlər durmadan mahnı oxuyur, sloqanlar səsləndirir, komandalarını alqışlayırdılar. Bunun Türkiyədən təşrif gətirmiş "Fənərbaxça" fanatları olduğunu güman etdik. "Xəzər Lənkəran"  fanatları ölkəmizin ən çılğın və ən coşqulu  azarkeşi sayılsalar da, onların qarşısında çox sönük görünürdülər. Mən yalnız oyundan sonra, Lənkəranın köhnə qala-türmə nahiyəsində  onlardan bir qrupunu bizim seriya -nömrəli maşınların ətrafında toplandığını gördükdə və yaxınlaşıb soruşduqda, onların heç də Türkiyədən gəlmədiyini, "Fənərbaxça"nın Bakıda fəaliyyət göstərən fan-klubunun "Gənc Fənərbaxçalılar" bölməsi olduğunu öyrəndim. Oyun zamanı onlar eynən türk fanatları kimi ayaqüstə durmadan alqışlayır, mahnı oxuyurdular. Məşqdən sonra komandalar stadiona əllərində "Azərbaycan- Türkiyə, bir millət, iki dövlət!" və "Fenerbahçe" SK "Hazar Lenkeran" futbol klubunun X yıldönümünde başarılar diler!" pankartları ilə çıxdılar. Oyun hamının güman etdiyi yüksək sürətlə başladı. Amma  "Xəzər Lənkəran" futbolçuları bu surətə tab gətirə bilmədilər və rəqibin qarşısında karıxıb durdular. 4-cü dəqiqədə "XL"in qapısına tərəf vurulan cərimə zərbəsi zamanı müdafiəçilər özlərini elə itirdilər ki, topu qapıdan keçirtmək üçün rəqibin ayağına atdılar. Peşəkar futbolçular isə belə fürsəti əldən buraxmırlar. 24 nömrəli Mixal Kodleç də fürsətdən yararlandı və topu Orxan Sadıqlının qoruduğu qapıdan keçirtdi.  Bundan sonra oyun söndü və adi məşq prosesinə çevrildi. "Fənərbaxça"nın orta və hücum xətti topu bir-birinə, irəliyə və geriyə atmaqla vaxt udmağa çalışırdı. "XL"in oyunçuları isə topu bir-birlərinə düzgün atmaqda da çətinlik çəkirdilər. Orta və müdafiə xəttində türk komandasının sərt oyununu da qeyd etməliyik. Bekeir Ertekin və Bruno Alves, hətta Emre Belezoğlu da "XL"nın qol ümidi olan Nildonu öz kobud oyunları ilə tamam oyundan çıxartmışdılar. Hakim Vüsal Əliyev isə qonaqlara  üzgörənlik edirdi. "XL"nın müxtəlif ölkələrindən yığılmış və çox vaxt dünyanın yığma komandasını xatırladan peşəkar heyəti "Fənərbaxça" futbolçularından  çəkinir, onlarla üzbəüz qaldıqda topu özlərindən kənarlaşdırmaqla canlarını  qurtarmağa çalışırdılar. Müdafiə xətti Skarlatakenin rəhbərliyi ilə və bəzən ayrı-ayrı epizodlarda gözəl oyun göstərsə də, ümumən çox etibarsız futbol oynayırdı. Oyunun keyfiyyətsizliyi türk media nümayəndələrini də dilxor etməyə başlamışdı. Onlar siqaret tüstüsünü paravoz kimi fısqırdır və özlərindən yuxarı skamyalarda oturmuş yerli yazarların orucunu batil edirdilər.  Hakim Vüsal Əliyev  25-ci dəqiqədə - düz iftar vaxtı, sanki oyunçular oruclarını aça bilsinlər deyə su fasiləsi verdi. 44-cü dəqiqədə Orxan Sadıqlı rəqibin vurduğu topu gözəl sıçrayışla dəf etdi. Yarım dəqiqə keçməmiş Vebo 2-ci qolu "XL"nin qapısından keçirtdi. "Fənərbaxça" oyunçuları bu qola da elə sevindilər ki, sanki  UEFA oyunlarının final oyununda qol vurmuşdular. Amma bu top azarkeşlərin qol ümidlərini tamam qırmadı. Çoxları bu oyuna baxaraq "XL"-in "Makkabi" ilə cavab oyunu barəsində düşünür və bir neçə gündən sonra bu oyunla onun rəqibin qarşısına necə çıxacağını təsəvvür etməyə çalışırdı. Fasilə zamanı azərbaycanlı media nümayəndələri bir-birinə təskinlik verir və oyunun 2:1 hesabı ilə bitəcəyini hallandırmağa çalışırdılar. Onları çox da qınamağa dəyməzdi, çünki bu bir yoldaşlıq oyunu idi və burada qabaqcadan razılaşdırılmış şou da və əsas rol oynamalı idi. Bu olmadı, əvəzində oyun öz sürətini və marağını daha da itirməyə başladı. Məşhur və yüksək səviyyəli komandanın qonaq getdiyi bir məkanda yerli kluba qarşı centlmen davranışı da nəzərə alınır. "Fair Play" qaydalarında təsbit olunmasa da, iki türk klubunun bir-birinə qarşı bu cür yanaşması başadüşüləndir. Amma bu da olmadı və "Fənərbaxça" futbolçuları yerli kluba özünü göstərmək və azarkeşlərin rəğbətini qazanmaları üçün şans vermədi. 70-ci dəqiqədən sonra azarkeşlər bezib, stadionu tərk etməyə başladılar. Bu minvalla bir azdan stadion tamam boşala bilər deyə diktor tamaşaçılara müraciət edərək, bir növ onları  dilə tutaraq getməməyə və sevimli komandalarını sonacan dəstəkləməyə çağırdı. "Sevimli komanda" isə mübarizə və qələbə əzmi olmadan  oynayırdı. Sanki oyunun bu hesabla bitməsinə razı idilər.  "Fənərbaxça" da qətiyyən futbol oynamır, vaxt keçirirdi. Gülən olmasaydı, öz aralarında bir təsəffüv- sufi rəqsi  də oynayardılar. 2-ci hissədə hər iki komanda öz heyətini 70-80% dəyişmişdi. Dəyişməyən təkcə keyfiyyətsiz oyun idi. Durmadan xorla mahnı oxuyan, şüarlar səsləndirən  "Fənərbaxça" azarkeşləri  sonda daha çox "Xəzər!...Xəzər!" deyə qışqırmağa  başlamışdılar. "XL"nın qapıçısını əvəz etmiş yeni futbolçu Duqlas Layte də özünü göstərməyə çalşırdı. 82-ci dəqiqədə qapıçı ilə təkbətək qalan  Miloş Krasiçin bir andaca vurduğu güclü zərbəni Duqlas çevik sıçrayışla dəf  etdi. Amma 88-ci dəqiqədə Mehmet Topuz, 91-ci dəqiqədə isə Raul Mereles  hərəyə bir qol vurub hesabı 4:0 çatdırdı. Oyun bitdikdə tamaşaçılar rəqib komandanın hər bir futbolçusunu alqışladılar. Bunu onların daha böyük hesabla qalib gələ biləcəkləri halda guya rəqibə hörmətlə yanaşmasının cavabı kimi də qəbul etmək olardı.

Mətbuat konfransında nə eşidəcəyimiz çox maraqlı idi. Ərsun Yanal nə deyəcəkdi, Con Toşşak məğlubiyyətə necə don geyindirəcəkdi? Amma Ərsun Yanal mətbuat konfransına gəlmədi. Gəlib nə deyəcəkdi? Con Toşşak isə sanki dahiyanə bir fikir söylədi: "İki komanda arasında səviyyə fərqi özünü hesabda göstərdi." Mərhəba! Sanki "Fənərbaxça"nı tanımırdılar. Bir halda ki, rəqib həddən artıq güclü idi, onu qonaq dəvət etməyə dəyərdimi? Bu görüş komandaya heç nə verməyəcəkdisə, heç olmasa olan -qalan nüfuzunu mühafizə etmək lazım idi. Hesab iki və ya üç qat artıq ola bilərdi. Yəni, buna da min şükür. Oyundan sonra Mübariz Mənsimov Con Toşakla çox səmimi danışırdı. Heç uduzmuş klubun sahibinə oxşamırdı. Hətta sonda öpüşüb ayrıldılar. Bunu "Makkabi" ilə oyun üçün ümid və stimul  avansı da hesab etmək olardı. Təki belə olaydı. Gah stadionun örtüyünü, gah da oynanılan topların səviyyəsini bəhanə gətirən Con müəllim bu oyundan səmərəli istifadə edə bilmədisə, adi məşqlərlə nəyinsə dəyişəcəyinə ümid etmək olmur. Amma sonuncu ölən ümidlərdir. Hələlik isə bu oyunda tamaşaçılar məşhur simaları görməkdən qeyri bir şey əldə etmədilər. Buna görə böyük xərc çəkməyə dəyərdimi? Biz pulumuzun və vaxtımızın qədrini bilmirik. Onu biləndə milli futbolu inkişaf etdirməyin daha səmərəli yollarını da biləcək və həyata keçirdəcəyik. Bu gün isə heç demə stadiona getmişdik məşhur futbolçuları canlı görməyə, vəssəlam.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31