Məşhur kluba transfer qadağası

Şotlandiya Futbol Assosiasiyası ölkənin aparıcı klublarından sayılan "Qlazqo Reyncers"ə 12 ay ərzində oyunçularla müqavilə bağlamağı qadağan edib. Lent.az-ın "BBC"yə istinadən verdiyi məlumata görə, qadağaya maliyyə cinayətləri ilə bağlı qalmaqal səbəb olub. Hazırda klubla bağlı bu məsələyə məhkəmədə baxılır. "Reyncers"in keçmiş sahibi Kreyq Uayta Şotlandiyada futbolla hər hansı münasibətdə olması da qadağan edilib. Onu, həmçinin 320 min dollar cərimələyiblər. Uaytı klubun maliyyə nizamnaməsinin çoxsaylı pozuntusu faktlarının aşkarlanması ilə əlaqədar cəzalandırıblar. Fevraldan bankrot həddinə çatan "Reyncers"in rəsmiləri hazırda alıcı axtarışındadırlar. Qeyd edək ki, "Reyncers" 1873-cü ildə təsis olunub və hazırda dünyada mövcud olan klublar arasında ən yaşlısıdır. Ölkə çempionatlarının 54 dəfə qalib olmuş komanda bu göstəricidə dünya rekordunun sahibidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31