Ukraynada daha bir qalmaqal
Milli Olimpiya Komitəsinin keçmiş baş katibi təşkilatdan kənarlaşdırılıb
21 İyun 2012 15:30 İdmanUkraynada London-2012 Yay Olimpiya Oyunlarına biletlərlə əlaqədar qalmaqal yaranıb. Milli Olimpiya Komitəsi biletləri qara bazarda satmaq cəhdi ilə əlaqədar qurumun keçmiş baş katibi Vladimir Qeraşenkonu öz tərkibindən kənarlaşdırıb. İnsidentin araşdırılması ilə məşğul olan xüsusi komissiya belə qənaətə gəlib ki, Vladimir Qeraşenko bir neçə min funt sterlinq qarşılığında London Olimpiadasına bilet təklif etməklə "Olimpiya Komitəsinin əsas prinsiplərini kobub şəkildə pozub". Ukrayna Milli Olimpiya Komitəsinin saytında isə bildirilir ki, keçmiş baş katib "üzvlük öhdəliklərini pozduğuna görə" təşkilatdan çıxarılıb. Qalmaqalın yaranmasına isə Böyük Britaniyanın BBC telekanalının London Olimpiadasına biletlərin qara bazarda satılmasına dair reportajı səbəb olub. Həmin vaxt Ukrayna Milli Olimpiya Komitəsinin baş katibi olan Vladimir Qeraşenko may ayında istefa verib.