Bu cür qələbələr şərafətli olmur - AKTUAL

Ölkənin baş kəndinin baş stadionunda futbolumuzun baş rüsvayçılığı baş verdi

                                                                                                      Hafiz Mirzə

                                                                                             www.hafizmirza.com

28 May tarixi dövlətçilik tariximizin ən şərəfli  səhifəsidir. Bu günə rəng qatan əlamətdar  hadisə və şənliklərin sırasında futbol üzrə ölkə kubokunun final oyunu xüsusi əhəmiyyət  daşıyır. Belə əlamətdar olayları canlı izləmək məqsədilə həmin tarixdə mən də respublika stadionuna gəlmişdim. Hələ oyunun başlanmasına bir neçə saat qalmış stadionun qarşısında böyük izdiham vardı. Bu qədər azarkeş yalnız yığma komandanın və "Neftçi"nin "Xəzər Lənkəran"la oyunları zamanı  toplanır. Azərbaycanda futbol sanki təkcə bu iki klubun arasında yaşanır. Əzəli rəqiblər bu dəfə ölkə kubokunun final mərhələsində qarşılaşırdı. Stadionun giriş hissəsinə inzibatçılar deyil, polis işçilərinin nəzarət etməsi də yalnız bu iki komandanın görüşü zamanı baş verir. Şanlı polisimizin həm də bilet yoxlaması bir yenilik idi. Bəlkə də bəzi polis  nəfərləri əlavə qazanc məqsədilə stadionla müqavilə bağlamışdır - bunu dəqiqləşdirməyə macal olmadı. Mətbuat üçün nəzərdə tutulmuş yerdə  sıxlıq ola biləcəyini nəzərə alaraq ora tələsdim. Amma müraciət etdiyim polis zabitlərindən kimsə mətbuat üçün yerin hara olduğunu bilmədi. Bu yeri vizual axtarışla təxmin etsəm də, ora aparan yolu   dəqiqləşdirmək məqsədilə VİP lojalara qədər gəlib çıxdım. Həm də əlimdə sumka və bağlama olmasına rəğmən bu zaman qarşımı kəsən kimsə olmadı və mən təhlükəsizlik tədbirlərinin necə qurulduğunu bilmək məqsədilə VİP -də oturdum. Oyunun sonuna kimi mənimlə  də maraqlanan olmadı. Amma mən burada "Xəzər Lənkəran" FK-nın ("XL") sabiq mətbuat xidmətinin  rəhbəri Yalçın Əliyevlə qarşılaşdım və onun klubdan getməsilə maraqlandım. Hətta  onun   işdən azad olunması və yerinə Hüseyn Cəbrayıloğlunun təyin edilməsilə bağlı  aralarında qovğanın və narazılığın olub-olmadığını araşdırmaq cəhdində də bulundum. Yalçın bəy bir daha özünün mədəniyyətini göstərdi və Hüseyn Cəbrayıloğlunu  təriflədi. Həmişə qarşılaşdığımız vəziyyət deyildi. Az sonra Hüseyn Cəbrayıloğlu lojalara yaxınlaşdıqda onlar çox səmimi görüşdülər, qucaqlaşıb -öpüşdülər də. Adətən "Xəzər Lənkəran"dan gedən işçi və ya futbolçular daha çox kluba qarşı nifrət və intiqamla köklənirlər. Lakin Yalçın bəy bu ənənəni pozmuş kimi göründü.  

Resbublika stadionu öz əzəməti və möhtəşəm görüntülərilə  göz oxşayırdı. Əsaslı təmir və  yenidənqurmadan sonra belə gözəl məkanda futbol izləmək həm də bir incəsənətdir.  İnsafən PFL və ya AFFA təşkilatı işlərə xüsusi diqqət ayırmış  və yaxşı "maya buraxmışdı". Müğənni Röyanın pərəstişkarı olmasam da, oyundan əvvəl onun ən populyar mahnılarından bir qismini məharətlə ifa etməsi təqdirəlayiq hal idi. Sonra başlanan rəqslər, kompozisiyalar, reklam çarxları, əcnəbi futbolçularımızın bizim dildə Azərbaycanın dövlət himnini ifa etməsi, atəşfəşanlıq  əsil bayram əhval-ruhiyyəsi yaradır və zövq oxşayırdı. Ölkə çempionatının və kubok oyunlarının qaliblərinə  mükafat  verməyi artıq hesab edən AFFA və PFL görünür  final oyununu əsil futbol bayramına çevrilməsi naminə  səxavətli olmuşdu. Stadionun və bu bayramın əsas bəzəyi isə heç şəksiz ki,  azarkeşlər idi. Mərkəzi tribunadan sağ tərəf hissədə "Neftçi", sol tərəfdə isə "Xəzər Lənkəran"  fanatları  yerləşmişdi. 208 min əhalisi olan Lənkəran təmsilçisinin stadiona gəlmiş azarkeşlərinin sayı 3 milyonluq Bakı təmsilçisinin azarkeşlərindən daha çox idi. Lənkəranlıların pankartlarının birində onların Azərbaycanın hər yerini Lənkəran qədər sevdikləri bəyan olunurdu. "Neftçi" azarkeşləri isə  xorla "Xəzər  qazdı!"  deyə qışqırmaqla diqqəti cəlb edirdilər. Neft və qazın hesabına maliyyələşən bir kluba azarkeşlik edənlərin bu sadə həqiqətdən xəbərsiz olmaları və çaşaraq rəqibə bu cür müraciət etmələri çox gülməli idi. Azarkeşlər futbolçuları ruhlandırmaqdan daha çox bir-birlərinə qarşı mübarizə apardıqda vəziyyət daha gülməli olur. Çoxdandır ki, bu iki komandanın azarkeşləri arasında münasibətlər məhz bu cürdür. Bizimkilər başqalarında olan pis nümunələri həmişə daha tez və daha güclü qəbul edirlər. İspaniya, İtaliya və Türkiyə derbilərinin pis nümunələri özünü "Neftçi" ("N") və "Xəzər Lənkəran"ın ("XL") münasibətlərində göstərməkdədir.

Oyun gözlənildiyi kimi çox sürətli və coşqulu başlandı. Ölkə çempionatında 9-cu yeri tutmuş bir komandanın ölkə çempionu ilə bərabər səviyyəli oyun göstərməsi bir cəhətdən "Xəzər Lənkəran"ın qələbə əzmini nümayiş etdirirdisə, digər tərəfdən ölkə çempionatının əslində orta səviyyəli oyunlardan ibarət olduğunu və 1-ci yerdə gedənlə sonuncu yerə düşənin çox az fərqləndiyini göstərirdi. Oyun qızışdıqca çempionat ərzində  rəqiblərin digərlərinə qarşı da belə əzmkar oyun nümayiş etdirməməsi də sual doğururdu. Deməli, çempionat daha maraqlı, daha cazibədar və daha  çəkici qurulmalıdır. Təkcə bahalı futbolçular deyil, çempionat üçün həm də maraqlı gedişat qurulmalı, qarşılıqlı rəqabət formalaşdırmaq naminə  komandalar da təbliğat, reklam və şou yapmalıdırlar. Kubokun final oyununda   təşkilatçılar biletlər üzrə əlavə yarış da keçirtməyi, bəxti gətirmiş azarkeşə "Şevrole" avtomobili verməyi nəzərdə tutmuşdular. Bu yaxşı idi. Amma daim müxtəlif pərdəarxası oyunlara cəlb olunan və çox vaxt da haqqı tapdanan komanda mənsubları olaraq lənkəranlı azarkeşlər avtomobil uda biləcəklərindən də imtina etdilər  və oyundan sonrakı bu oyuna qalmadılar. Oyun isə həqiqətən də finala layiq səviyyədə gözəl keçirdi. "N"də  Bertuçi ilə Flavinyo texnikalı oyuna üstünlük verirdi. Mahir Şükürov isə yanğılı, əsəbi, bir az da qisasçı kimi görünürdü. Onun kimi vaxtı ilə "XL"-nın formasını geyinmiş D.Silva və Y. Vobay da  "XL"a qarşı əlavə coşqu ilə top qovur, rəqibə qarşı sərt oyun göstərirdilər. 1-ci hissənin nəticəsinə görə "XL"-nın heyətində Skarlatake, Todorov  və R.Əmirquliyev   fərqlənirdi. Sonuncu elə bu oyunun nəticəsinə və SMS-lərə görə ən yaxşı oyunçu seçildi.  Komandalar 2-ci hissəyə qolsuz bərabərliklə ayrıldılar. Amma oyun heç də bərabər keçmirdi, çox hallarda "N" təzyiq göstərən, "XL" isə əzmkarlıqla müdafiə olunan və əks-hücumlara ümid edən  tərəf idi. "XL"in əsas qol ümidi A. Ramazanova qarşı D.Silva hədsiz  kobud oynayır, özündən bir boy kiçik olan Ağabalanı tez-tez yıxmaqdan qalmırdı. Hakim Əliyar Ağayev isə çox hallarda buna göz yumurdu. 2-ci hissədə "XL" meydançaya Tounkaranı, Sialması və Pamuku buraxdı. Tounkara fərdi oyuna üstünlük verdi və rəqibin düşərgəsinə təzyiqi artırdı. Sialmas da ona olan etimadı doğrultmağa çalışırdı. Lakin komandanın məğlubiyyətinin memarı da məhz elə Sialmas oldu. 2-ci hissədə stadionun da coşqusu bir qədər səngimişdi. Amma birdən sanki top atdılar. Bu top meydançada olduğu topun eyni deyildi. Gurultunun təzyiqindən sanki tavan uçacaqdı. Az sonra bu partlayışı "N"nin azarkeşlərinin törətməsi aydın oldu. Polis ərazini mühasirəyə aldı və iki nəfəri həbs elədi. Meydançadakı hadisələr də artan sürətlə davam edir, gərginlik yüksəlirdi.  Bir çox məqamlarda "N"nin indicə  qol vuracağı hiss olunurdu. "XL" qapıçısı Doblas özünün ən gözəl oyununu keçirirdi. 79-cu dəqiqədə Sialmas 5 rəqibi ustalıqla aldatdı, Denis Silva ilə üzbəüz qaldı. Onu da asanca aldada və qapıçı ilə təkbətək çıxırdı, amma D.Silva Sialması kobudluqla yıxdı. Buna və sonuncu ümid fuluna görə ona "qırmızı" vərəqə göstərməli idi. Əliyar Ağayev isə "sarı" vərəqə göstərməklə ilə kifayətləndi. Bu kimi səhvlərinə rəğmən onun "Neftçi"nin təzyiqlərinə uymayaraq onlar üçün bir neçə dəfə "penalti"  vermədiyini də qeyd  etməliyik.  Bu isə çempioanat boyu "N"nin tez-tez istifadə etdiyi metodun bu dəfə haqqına da olardısa,  yaramayacağına işarə idi. Oyuna əlavə edilmiş daha iki 15 dəqiqəlik vaxt da tamaşaşılara qol sevinci yaşatmadı. 1-ci əlavə hissənin 5-ci dəqiqəsində "XL" sürətli hücumda ikən və daha bir ötürmə ilə qol vura biləcəyi halda qəflətən meydançaya 2-ci top atıldı və "Neftçinin" oyunçusu onu qəsdən hadisələrin mərkəzinə - öz qapısına tərəf vurdu. Təbii ki, hakim oyunu saxladı və "XL"nin təhlükəli hücumu aradan qaldırıldı. Hamının yaxşı gördüyü  bu vəziyyəti oyunu izləyən 5 hakimdən heç birinin görmədiyi və buna görə ehtiyat skamyada oturanlardan kiminsə cəzalandırılmaması ədalətli deyildi. Ən sonuncu dəqiqədə "XL"nən qapıçısı Doblasın gözəl sıçrayışla  topu üst dirəkdən   aşırtdı. Bununla da oyunun 4-cü hissəsi başa çatdı və qələbə uğrunda yeni bir oyunbazlıq işə düşdü. Burada isə baş rolda "N"nin qapıçısı Saşa Stamenkoviç idi. Oyun ərzində o bir elə əziyyət çəkməmişdi.  11 metrlik zərbələr əslində qalibi deyil, bəxti gətirəni müəyyən edir və bunun əsil mübarizəyə bir qədər az aidiyyatı var. Amma bu futboldur və burada onun öz qanunları hakimdir. Təəssüf ki, bu qanunlar da kobud şəkildə pozulur və qələbənin üzərinə əlavə kölgə düşür. Bunu edən isə S.Stamenkoviç oldu. Qapıçı rəqib 11 metrlik nöqtəyə yetişənə kimi topu əlində saxlayır, sanki ona tilsim oxuyur, boks rinqində imiş kimi rəqiblə bir qədər göz-gözə qalır, sonra topu onun üstünə çırpırdı. Boyca özündən balaca olan A.Ramazanova isə topu onun başı bərabərində tutaraq və onu ələ salaraq verdi. Bu hal hakimi də özündən çıxartdı  və o növbəti zərbələr üçün topu öz əlinə alaraq daha Stemenkoviçə vermədi. Halbuki baş hakim Əliyar Ağayev  elə birinci cəhti zamanı ona "sarı" və ya "qırmızı" vərəqə verə bilərdi. Stamenkoviçin bu cür nalayiq hərəkətləri  Sialması daha çox əsəbiləşdirdi  və o, zərbəni düz onun üstünə vurdu. Bu isə "XL"nın ümumi nəticədə məğlub olması üçün yetərli oldu. Mahir Şükürovun topa doğru qaçıb-durması da 11 metrlik zərbənin  icra mexanizminə tam uyğun sayılmaya bilərdi. "N" UEFA kubokuna sahiblənibmiş qədər böyük coşqu ilə sevinir, Stamenkoviç təlxəklik etməkdən qalmırdı.  "XL" qələbəni ən son anlarda əldən verməsindən çox üzgün idi. Buna baxmayaraq, toparlanıb öz azarkeşlərinin önünə gəldi və onların coşqulu dəstəyinə görə baş əyərək, əl çalaraq minnətdarlığını bildirdi. Baş məşqçi C.Toşak da rəqibi təbrik etmək üçün yaxınlaşdı, amma qapıçı Stamenkoviçə öz etirazını bildirməkdən də qalmadı. Stamenkoviç isə atası yaşda kişiyə nalayiq cavab verdi. Bundan sonra isə oyunun "daha bir hissəsi" başladı. Bu hissədə "N"nin mühafizəçiləri və bəzi futbolçular  "XL"in məşqçilərinin və futbolçularının üzərinə hücuma keçdilər. Bu hücumda "N"nin idman direktoru Güloğlan Cabbarov özünün idmançı üstünlüklərindən sui-istifadə etməyə başladı. Aranı sakitləşdirmək əvəzinə o özündən bəlkə də 18 yaş kiçik olan, "XL"in 18 yaşlı müdafiəçisi Kamran Abdullazadənin üstünə düşdü və onu yumruqlamağa başladı. "N"nin mühafizəçiləri isə hamılıqla Kamranın üstünə düşdülər və artıq burnu sındırılmış, yerə yıxılmış futbolçunu amansızlıqla təpiklədilər. "XL"nın əcnəbi futbolçuları kənarda durub baxdıqları halda gənc qapıçı Orxan Sadıqlı irəliyə soxuldu və özünü zərbələrin altına ataraq Kamranı xilas etməyə çalışdı. Bu zaman Mahir Şükürov da cəsarətlənmişdi və özünün sabiq komanda yoldaşlarına qarşı döyüşə atılmışdı. Bir epizodda o yəqin ki, özünü erməni döyüşçüsü ilə vuruşurmuş kimi hiss elədi və "XL"in müdafiəçisi Elnur Abdullayevə sarı özünün bütün nifrəti ilə təpik atdı. Meydançada biabırçı vəziyyət yaranmışdı. Bunu bütün ölkə TV ekranlarından görməsə də, stadiondakı 20 min azarkeş yaxşı görürdü. Əgər bu zaman Daxili Qoşunların xüsusi təyinatlı əsgərlərinin sayıqlığı olmasaydı  qəzəblənmiş on mindən çox lənkəranlı azarkeşin  meydançaya axışması baş verər və tamam  dəhşətli mənzərə yaranardı. Hərbçilər meydançadakı "qoçuları" sıxışdırıb kənarlaşdıra bildilər. Lakin "XL"in oyunçuları təltifetmə mərasimindən imtina etdilər. Onların buna haqqı vardı. Lakin komandanın rəhbərliyi gələcək oyunlar üçün pis nümunə olmasınlar  deyə az sonra geri qayıtdılar. Burada isə onları "N"nin azarkeşləri fitlə qarşıladı. Hamı hiddət içərisində idi. Qələbənin üzərinə kölgə düşmüşdü. Amma bu təkcə Stamenkoviçin, M.Şükürovun və lotuluq etmiş G.Cabbarovun vecinə deyildi. Bu insanlar sanki bir də "XL"la üz-üzə gəlməyəcək və ya bu klubun üzvləri ilə eyni yığma komandanın heyətində Azərbaycanın şərəfini qorumayacaqdılar. Final oyununa çox ciddi hazırlaşmış AFFA və PFL  də təşkilati işləri sonacan uğurla qura bilməmişdilər. Qalib komandanın şərəfinə buraxılan pirotexniki tüstü də həddən artıq çox idi. Əslində ölkə çempionatının bir çox oyunları və bir çox hakimlərin sifarişli davranışları beləcə qatı tüstü buraxılaraq görünməz, bilinməz olurdu. Bu dəfə "Neftçi" özü də özünün növbəti  uğuruna növbəti dəfə kölgə saldı.

P.S. Oyun ictimaiyyətdə geniş hiddət doğurdu. G.Cabbarova cavab verəcək intiqamçı qruplar da yarandı. Lakin "N" rəhbərliyi özündə onu cəzalandırmağa təpər tapmadı və yalnız G.Cabbarov özü istefa verdi. İstefa verməli olan tək o deyildi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31