Bakıya kimlər gəlir?..
18 İyun 2012 17:09 İdmanFutbol üzrə 17 yaşadək qızlar arasında dünya çempionatının püşkatma mərasimində iştirak edəcək xarici qonaqların tərkibi müəyyənləşib. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 6-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq mərasimə FİFA və UEFA rəsmiləri ilə yanaşı, məşhur futbolçular da təşrif buyuracaqlar. Bunlar FIFA U-17 qadınlararası dünya çempionatının Təşkilat Komitəsinin sədri Hany Abo Rida, UEFA İcraiyyə Komitəsinin üzvü Karen Espelund, Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Domenti Siçiniva, Gürcüstan Futbol Federasiyasının baş katibi Revaz Arveladze, tanınmış futbol veteranları Vagiz Xidyatullin, İqor Kolıvanov, Viktor Losev, Almaniya milli komandasının sabiq üzvü Ditmar Hamann, Hollandiya milli komandasının sabiq üzvü Ronald de Bur, Türkiyənin "Kayserispor" futbol klubunun baş məşqçisi Şota Arveladze və iştirakçı ölkələrin yığma komandalarının nümayəndələridir. Eyni zamanda Azərbaycanın tanınmış futbol veteranları da dəvətlidirlər. Tədbirin bədii hissəsində əməkdar artist Sevda Ələkbərzadə və dünya şöhrətli alman müğənni Oceana çıxış edəcək. Püşk nəticəsində iştirakçı komandaların qruplar üzrə bölgüsü müəyyənləşəcək. Hələlik Asiyadan Çin, KXDR və Yaponiya, Okeaniyadan Yeni Zelandiya, Afrikadan Nigeriya, Qana və Qambiya, Şimali Amerikadan ABŞ, Kanada və Meksika, Cənubi Amerikadan Braziliya, Kolumbiya və Uruqvay iştirak edəcək. Azərbaycan yığması dünya çempionatına ev sahibi statusu ilə birbaşa vəsiqə qazanıb. Avropada digər iki vəsiqənin sahibi 26 - 29 iyunda keçiriləcək oyunların nəticələri əsasında müəyyənləşəcək.
Püşkatma mərasimindən sonra Milli Parkda təşkil olunacaq konsert proqramında Oceana ilə yanaşı, Azərbaycan musiqisinin məşhur simaları olan Röya, Tünzalə Ağayeva, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi dostu Çingiz Mustafayev və 2011-ci ilin "freestyle" futbol üzrə dünya çempionu Kitti Szacs daxil olmaqla futbol akrobatları da çıxış edəcəklər.