UEFA Rusiya yığmasını cəzalandırdı
Azarkeşlərin Avro-2012-də davranışı şimal qonşumuzun millisinə baha başa gəlib
14 İyun 2012 11:19 İdmanUEFA İntizam Komitəsi Rusiya millisini cəzalandırıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, cəzaya səbəb rusiyalı azarkeşlərin AÇ-2012-nin qrup mərhələsində Polşa ilə keçirilən oyundan sonra qalmaqal yaratmaları olub. Varşavada keçirilən qalmaqallı görüşdən sonra yaşananları araşdıran UEFA Rusiya Futbol Federasiyasına (RFF) 120 min avro cəza kəsib. Üstəlik, Rusiya millisi AÇ-2016-nın seçmə mərhələsinə mənfi 6 xalla başlayacaq. Lakin cəza şərti xarakter daşıyır. Yəni bu cəza yalnız o halda qüvvəyə minəcək ki, rusiyalı fanatlar AÇ-2016-nın seçmə mərhələsində yenə oxşar hərəkətləri təkrarlayacaqlar.Qeyd edək ki, Rusiya Futbol Federasiyasının UEFA-nın bu qərarına 3 gün ərzində yazılı etiraz etmək hüququ var. Bundan əlavə, Polşa və Rusiya futbol qurumlarına bu görüşdən öncəki olaylara görə də inzibati iş açıla bilər.