Yenə bayraq?
Dünya çempionatı üçün hazırlanan klipdə bayrağımız tərsinə qoyulub
9 İyun 2012 21:03 İdmanDünya çempionatı üçün hazırlanan klipdə bayrağımız tərsinə qoyulub
FİFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan-2012 üçün hazırlanmış video-rolikdə Azərbaycan bayrağındakı təsvirlər standartlara uyğun göstərilməyib. Bununla bağlı Lent.az-a oxucular tərəfindən çoxsaylı şikayətlər daxil olub
Oxucular video-roliki də göndəriblər (http://www.youtube.com/watch?v=u7m-sbybPZg&feature=plcp). Burada bayrağımızdakı yaşıl rəng yuxarıda, göy rəng isə aşağıda təsvir olunub.
Yerli Təşkilat Komitəsinin media və kommunikasiya şöbəsinin direktoru Emin Nəbiyev Lent.az-a açıqlamasında məsələnin araşdırılacağını bildirib. Onun sözlərinə görə, Azərbaycan bayrağındakı rənglərin standartlardan kənar göstərilməsi düzgün hal deyil: "Bizə Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı hazırlanmış roliklər tez-tez gəlir. Əlbəttə, bayrağımızın belə təsviri çox böyük səhvdir və tezliklə düzəldilməlidir. Hamımız azərbaycanlıyıq. Belə təsviri bayrağımıza təhqir kimi sayanları başa düşmək olar. Buna görə xalqımızdan üzr istəyirik".
E.Nəbiyev video-roliki hazırlayan şirkətlə əlaqə saxlayacaqlarını və səhvi tezliklə aradan qaldırmağa çalışacaqlarını da əlavə edib.
Qeyd edək ki, 17 yaşadək qadın futbolçular arasında dünya çempionatı sentyabrın 22-dən oktyabrın 13-dək davam edəcək.
Qeyd edək ki, xəbər sayta yerləşdirilən anda həmin klipin artıq saytdan yığışdırıldığı məlum oldu.