Avropanın futbol bayramında bərabər bitən oyun
9 İyun 2012 00:21 İdmanPolşanın paytaxtı Varşavada futbol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib. Bununla bağlı Varşava stadionunda rəngarəng şou təşkil olunub.
Adam Dyord və 800 könüllünün şousu
Şounun təşkilinə 800 könüllü cəlb olunub. Məşhur macar pianoçu Adam Dyord Şopenin fortepiano üçün etüdünü ifa edib.
Sonra italyan dicey və prodüsseri DJ Karmatronik "The Game of the World" əsərini ifa edir.
1:1
Daha sonra isə Varşava stadionu çempionatın ilk matçına şahidlik edib. İlk oyunda ev sahibləri ilə Yunanıstan komandası qarşılaşıb.
Futbol üzrə Avropa çempionatının ilk qolunun müəllifi isə polyak Robert Levandovski olub. Yunanların ilk və son qolunu isə Salpangidis vurub. Oyun 1:1 hesabı ilə başa çatıb. Sokratis və Şesni isə qızrmı vərəqə ilə oyunu yarımçıq tərk ediblər.
Oyunu ispan hakim Karlos Velasko Karbalyo idarə edib.
Çılpaq qızlar Varşavada
Çempionatın açılışı həm də ukraynalı qızların "Femen" qrupunun etirazı ilə yadda qalıb. Etirazlarını soyunmaqla bildirən qızlara bu gün də polis mane ola bilməyib. Onlar çempionatın başlamasından az əvvəl Varşavada da "çılpaq aksiya" keçiriblər.
Çempionat hesabatı
Polşa və Ukraynanın ortaq ev sahibliyi elədiyi çempionat bu il iyulun 1-nə qədər davam edəcək. Çempionat 200 ölkədən canlı izləniləcək, 1.4 milyon azarkeş isə matç həyəcanını stadionda yaşayacaq.
Çempionatda ümumilikdə 16 komanda mübarizə aparacaq, yarım finallar 27-28 iyunda, bu ilki Avropa çempionunu müəyyənləşdicək final isə 1 iyulda Kiyevdə baş tutacaq.
Çempion komanda 2013-cü ildə Braziliyada keçiriləcək FIFA
Konfederasiya Kubokuna birbaşa qatıla biləcək.
Çempionatın rəsmi topu ''Adidas Tango 12''dir.