Avro-2012: Təşkilatçı və “autsayder” meydanda

İyunun 8-də futbol üzrə Avropa çempionatının startı veriləcək.Ilk oyun günündə A qrupunun oyunları keçiriləcək.

Polşanın paytaxtı Varşavada baş tutacaq açılış matçında meydan sahibləri ilə 2004-cü il Avropa çempionatının qalibi Yunanıstan üz-üzə gələcək. Ardından Vrotslavda Rusiya Çexiyanı sınağa çəkəcək.

21:00. Polşa - Yunanıstan
Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya)

4 ildən sonra Polşa millisi yenidən Avropa çempionatında oynayacaq. Həmtəşkilatçılar ikinci cəhdin daha uğurlu olacağına ümid edirlər. Çünki qrupda elə də çətin komandalar yer almayıb, Polşanın özü isə doğma divarlar arasında oynayacaq.

Uğurlu başlanğıc hər iki yığma üçün çox vacibdir. Lakin statistikaya əsasən, Polşanın şansı daha böyükdür. Meydan sahibləri indiyədək Yunanıstanla keçirdikləri 15 görüşdə 10 qələbəyə nail olduqları halda, cəmi 2 dəfə uduzublar, 3 matç isə heç-heçə nəticələnib. Bundan başqa, Polşaya əvvəlki 8 səfərin hamısı Yunanıstan üçün məğlubiyyətlə əlamətdar olub.

Son 30 ildə Polşa millisi böyük turnirlərin final mərhələlərində cəmi 3 qələbə qazanıb. Bu ölkə 4 il öncə Avropa çempionatının qrup mərhələsini adlaya bilməyib. Lakin baş məşqçi Frantişek Smuda 2009-cu ilin sonlarından rəhbərlik etdiyi kollektivin onu məyus vəziyyətdə qoymayacağına şübhə etmir: "Əvvəllər ən vacib matçlar öncəsi mənim həqiqətən də yuxu ilə bağlı problemlərim olurdu. Lakin hazırkı komandam ona etibar etməyin mümkünlüyünə məni əmin etdi. Son 2,5 il ərzində anladım ki, bütün münasibətlərdə futbolçularımdan arxayın ola bilərəm. Ümidvaram ki, biz hamımız birgə elə edəcəyik ki, arzularımız həyata keçsin".

Yunanıstan yığmasının baş məşqçisi Fernandu Santuş isə komandasının məşhur müdafiədən çox uzaq olduğunu söyləyib: "Fikrimcə, etibarlı müdafiə komandamızın uğurunun təminatıdır. Lakin hücum və müdafiə də eyni dərəcədə vacibdir. Biz yalnız müdafiə olunmağı bacarsaydıq, indi burada olmazdıq".

23:45. Rusiya - Çexiya
Baş hakim: Hovard Uebb (İngiltərə)

Çempionatın startı öncəsi Rusiya yığmasının baş məşqçisi Dik Advokat məhz özlərini autsayder adlandırıb. Lakin çoxları hesab edir ki, məhz şimal qonşularımız qrup qalibi olacaqlar. Bu komandada əsas məsələ qapıçı mövqeyində kimin qərarlaşacağı ilə bağlıdır. Əsas qolkiper qismində Vyaçeslav Malafeyevlə İqor Akinfeyevin bərabər şanslara malik olduqları bildirilir.

Çexiya yığmasında isə təcrübəli hücumçu Milan Baroşun meydana çıxması sual altındadır. Türkiyə "Qalatasaray"ında çıxış edən forvard zədəlidir. Müdafiəçi Mixal Kadlets Almaniya "Bayer"ində sol cinah müdafiəçisi mövqeyində oynayır. Lakin Bilek Kadletsə müdafiənin mərkəzində yer verəcəyini bildirib. Sol cinahda isə ya David Limberski, ya da Roman Qubnik qərarlaşacaq. Baş məşqçi Çexiya yığmasını xeyli sadiq azarkeşin dəstəkləyəcəyinə ümidlidir. Görüşün keçiriləcəyi Vrotslav şəhəri Çexiya ilə sərhəddən cəmi 1 saatlıq yol qədər uzaqdadır. İlkin məlumatlara əsasən, tribunalarda 9 minədək çexiyalı tərəfdar olacaq.Lent.az

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31